Qranulalar - ey tək Ana Cümlələr!
Sizin doğub qəddarlıqla çölə atdığınız balalarınızın - cümlələrin yeri mənə məlumdu.
Onların hamısını dilə tutub, yığıb sizin hüzurunuza gətirə bilərəm. Amma siz onlardan imtina edib qəbul etməyəcəksiniz.
Çünki Qeyri-səlis məntiq sizə izn verməyir...
Kamal Abdullanın Yeddi cildliyi "Sonsuz Lüğət"dən arınıb təmizlənmiş mətnlərdir. Bəs niyə birdən-birə o mətnlərin cövhərini - qranulalarını çəkib oxucuya təqdim etmək ehtiyacı yaranıb? Bu sualın cavabı çox qüssəlidir. Cavab belədir: Dünyada təmiz və ya sonradan tamamilə təmizlənmiş mətn yoxdur!
Xalq yazıçısının yeni - "Seçmələr seçməsi - qranulalar" kitabının varaqlarındakı boş yerlər də bu fikri simvolizə edir, yəni boş görünən bu yerləri bir zamanlar mətnlər tuturdu. Bəs indi? Varağın ortasına vur-tut bir, iki və ya üç cümlə "qədd tutub" durmuşdur. Onlara nə deyirsən de, istəyirsən qranula de, özək, cövhər de, nə dəyişiləcək? Gəlsənə, onların da cövhərini çəkək? Qoy varaqlar mətn adlı "bühudə" yükdən biryolluq azad olsunlar.
Varağın yuxarı və aşağı hissəsində dümağ ölüm təbəssümü...
Və sonuncu sual: Bir varaqda neçə dəfə ölüb dirilmək olar?!
Böyük yazıçının qranulaları ağılasığmaz bir fikri də assosiasiya edir: Gün gələcək öz kitabımızın bomboş varaqlarına yazmağa bir Tək Ana Cümləmiz - qranulamız da olmayacaq...
Qranulaların uçub gəldiyi yerlərin ucu-bucağı görünmür. Onları kosmosdan axıb gələn ulduzlara, qaya parçalarına - meteorlara da bənzətmək olar, gəlib çox "rahat şəkildə", heç düşünüb eləmədən Yerlə toqquşurlar. Onları toplum maraqlandırmır. Bircə amacları vardır; toza çevrilib torpağa qarışsalar da, heç olmasa Yeri bircə an işıqlandıra bilsinlər. Gözlənilməz şüalandırma onların əsas mahiyyətini təşkil edir.
Qranulalar bizi fərqli fikir qalaktikalarına aparır. Bir şərtlə ki, həmin fikir və düsüncə kəhkəşanları bizə öncədən məlum olmalıdır, necə deyərlər, böyük fikir adamının yaradıcılıq dünyasına dərindən bələd olmadan həmin qalaktikalarla kontakta girə bilməzsən, uzağı, bəzi qranulalar sənə aforizm səviyyəsində görünəcək. Amma qranulalar birmənalı olaraq aforizm deyildir. Onları Ariadna ipi kimi də təsəvvür etmək olar. Bizdə isə Məlikməmməd kəndiri kimi. Həm kəndir, həm də ip işıqlı bir niyyətə xidmət edir; bizi əsrarəngiz aləmlərə aparır. Fikrimizi konkret nümunələrlə sübut edək:
Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi, qurtardı, yox oldu, getdi?!
Bu da bir həyatdı-oynadıq onu,
Bu da bir oyundu-yaşadıq bitdi. [səh.8]
Oyun həyat, həyat da oyundur. Oyun hərəkətlilik deməkdir. Həmişə düşünmüşəm ki, Kamal Abdullanın oyun konsepsiyası üzərində qurulan elmi və bədii yaradıcılığı Tanrı layihəsinə uyğun gəlir; axı Tanrı da Hər şeyi "Yox"dan "Var" edir, sonra həmin "Var"ı yenə "Yox"a çevirir, sonra yenidən yaradır və ümumən, qəribə və fasiləsiz bir oyun karuselliliyi meydana gəlir.
"Taleyində olan həyatında olmaya bilər". [səh.9]
Biz taleyimizdə olanları divin canı olan sürreal şüşəyə bənzədə bilərik. Məlikməmməd gələnə qədər o şüşə ən məsud çağlarını yaşayır. Taleyimizi şəkilləndirən o şüşə bəzi hallarda yerə çırpılıb sındırılacaq və onun əksi sənin həyatına düşməyə də bilər və ya bu o qədər ani olar ki, həyat o şüanı tutub saxlaya bilməyəcək.
Diqqət edək:
1. "Müqəddəs" Dədəmizin vaxtilə qırx oynaşlı Boğazca Fatmadan vaz keçə bilməməsi ("Yarımçıq əlyazma") taledir.
2. Heç zaman etmədiyi, hətta edə biləcəyini ağlına belə gətirmədiyi bir işin "peşinə" düşdüyünün fərqində idi" ("Sirlərin sərgüzəşti"). Bu, romanın birinci cümləsidir. Əsərin qəhrəmanı Vaqif nə qədər real görünsə də, metafizik və hətta absurd bir işin arxasınca düşdüyünün fərqindədir. Amma geriyə də yol yoxdur. Çünki onunla "geri" arasında Yazı vardır. Və Yazı həm də taledir. Vaqif taleyində olan nəsnəni yaşamağa məhkumdur.
3. Karvanbaşı böyük ağrısızlığın (Axı, bu da ağrıdır!) qapısı ağzında ("Sehrbazlar dərəsi" romanı) dayanıb! Və ya həqiqət qapısının! Onu döyüb içəri keçməyə lüzum varmı? Səyyah Sehrbaz doğrumu iş görür? Sonda Səyyah Sehrbaz da öz "sehri"nin ucbatından böyük ağrı ilə - kimsəsiz, məsum uşaqla "yüklənib" qaçır! Onun günahı məsum günahdır! Bu, Səyyah Sehrbazın qaçılmaz taleyidir və onun həyatında kibrit kimi yanıb sönür.
Nümunələrin sayını artıra da bilərik. Başlıca niyyətimiz oxucunu bu kiçik mətnlərə "kiçik" kimi baxmaqdan "çəkindirməkdir".
"Bir, iki - bizimki" dramında Qadın Kişiyə deyir: "Bilirsənmi, sənə nə barədə düşünmək imkanı verilibsə, hamısı mövcuddur". Bu fikri redaktəsiz-filansız qranulalara da aid etmək olar; bizə verilən düşünmək imkanlarından daha artığını da qranulalar haqqında düşünə bilərik və bu, mövcud olandan kənara çıxmaq kimi qəbullanmayacaq.
"Ədəbiyyatın mayasında qan durur. Troya müharibəsini yada salmaq kifayətdi". [səh.37]
"Məlikməmməd" nağılını xatırlayın":
"- Ata, izn ver, qanın iziynən gedib devi öldürüm".
Bəs qanın qoxusu ilə necə, getmək olarmı? "Sehrbazlar dərəsi"ndəki qandonduran səhnə yadınızdadırmı? Cəlladbaşının öz oğlunun da başını kəsirlər. Ata, torbadan damcılanan qanın qoxusundan sezir ki, kəsilən baş bir tək oğlunundur. Belə etnopsixoloji arxetipik bağlar heyrət doğurur və az qala Kamal Abdullanın yazıçı obrazını da nağıllaşdırır, mifləşdirir...
Nə qədər ki, başı kəsilən sözlərin qan qoxusunu cəllad Məmmədqulu kimi hiss etmiriksə və ya hiss edib o başı dipdiri övlad vücudu kimi köksümüzə sıxmırıqsa, istənilən diskurs ərazisində "cəlladlığımız"ın da sonu olmayacaq...
"Əvvəlki an olmamışdır və sonrakı an olmayacaqdır. Həm indini, həm sabahı, həm keçmişi öz içinə yağan bir vahid an var. Dolğun an!" [səh.11]
Kamal Abdulla üçün Dilin Zamanı yoxdur. Çünki dilin özü zamandır! Əgər Dil zamanı yoxdursa, istənilən vaxt istənilən məkandan fərqli Dil məkanları ilə kontakta girmək olar. Yəni hansı nöqtədə durduğundan asılı olmayaraq, Dil ruhunu sehrbaz kimi çağıra bilərsən.
"Kitabi-Dədə Qorqud" dastanında hər şeydən əvvəl "söz" və "Sözü" bir-birindən fərqləndirmək lazımdır. [səh.34]
Kamal Abdulla ana Kitabımızdan danışarkən yalnız informatik məna daşıyan "söz"dən deyil, böyük hərflə yazılan "Söz"dən söhbət açır və "Gizli Dədə Qorqud"a aşkar səyahət eləmək imtiyazını qazanır.
Sözlərə söz kimi baxmaq! Bütün anlamsızlıqların kökündə "işin obrazı" olan sözlər durur! Bugünəcən Kamal Abdullanın da başına nə gəlibsə, sözlərdən gəlib. Böyük semiotikə naşıcasına dil dərsləri keçmək istəyənlər də olub. Cavabı isə çox sadə olub: "Mən Azərbaycan dilində deyil, Azərbaycan dili potensialında yazıram".
"Yollar getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox..." [səh17]
Əgər indi sizə desək ki, "Unutmağa kimsə yox..." kimi 528 səhifəlik möhtəşəm bir romanın uçuş zolağı 14 sözlü bu şeir-qranuladır, - inanarsınızmı?! Fərqi yoxdur, əvvəl bu 14 söz yazılıb, yoxsa 528 səhifəlik roman...
"Ədəbiyyatda metafizika "iki üstəgəl ikinin "dörd" olmadığı yerdən başlanır". [səh196]
Kamal Abdulla mətnləri bizə, sadəcə, mövcud olanı deyil, nəsə mövcud olmayan və ya mövcud olub üzə çıxmaq istəməyən tamamilə "tanış və yad bir bir diskursun - "iki üstəgəl ikinin "dörd" olmadığı" "sonsuz Lüğət"in varlığından işarətlər verir. Məhz işarətlər! Bilirsiniz bu, nəyə bənzəyir? Mürəkkəblə yazılmış mətnin üzərinə qurudanın sıxılmağına. Əslində, niyyətimiz mürəkkəbi qurutmaqdır. Amma məlum mətn özünün tərs, güzgüvari, "yad" obrazını qurudana da həkk edir. Və hər dəfə bu təkrarlananda ilkin "tanış Lüğət" bizdən bir qədər də aralanır və "yad sonsuz Lüğət"ə çevrilir. "Unutmağa kimsə yox…" romanındakı "Çiçəkli yazı" kimi. Olsun ki, "Çiçəkli..."nin "aldadıcı" rayihəsinə uyub yad məkanlara da gedib çıxmışıq. Amma əsl həqiqət ondan ibarətdir ki, mağara divarına həkk olunan həmin yazılar öz qanadı altında daha qədim yazıları gizlədir. Onların isə bizə məlum olmayan yeni leksika və qrammatikası vardır. Həm də lənətə gəlmiş uydurulmuş zamanı. Nədənsə çox əminəm ki, "zaman"ın qarşısında "uydurulmuş" sözünü yazmalıyıq. Kim uydurub onu, nə zaman uydurub?! Üst-üstə yazılan və qalaqlanan bu "uydurma"ları bizdən sonra kim oxuyacaq? Və "bizdən sonra" varmı? Yazıçı bizi hər dəfə məhz o "sonra" adlanan məchul metafizik məkanlara aparmaq istəyir. Amma nə özü gedib çata bilir ora, nə də biz...
"Kimi" qoşması Koroğlunun tüfənglə bağlı dediyini xatırladır. Bu dil vahidi ortaya çıxdımı, dilin mif dövrü (mərdlik dövrü - !) bitir. Və yeni yazı dövrünün (poetik dövrü) təntənəsi başlayır". [səh. 21]
"Sehrbazlar dərəsi" ilk cümləsindən son cümləsinə qədər məcazdır. Dil bütünlüklə metaforik bir küpün içinə yığılıb. Dairəvi, çevrəvi bir küpün... Siz necə düşünürsünüz, o küpün düz, hamar səthində "kimi", "tək" "qədər" qoşmaları başlarını xüsusi eqo ilə qaldırıb dimdik dura bilərlərmi?!
"Öz-özlüyündə hər bir söz nə zamansa metafora olmuşdur". (A.Veselovski 1838-1906)
Dil tarixinə inanılmaz bədii baxış!.. [səh.42]
Bu qranula Kamal Abdulla heyrətini göstərməklə yanaşı, yuxarıda roman haqqında dediyimiz fikirləri də təsdiqləyir. O, Dilin Xəlvəti bir Xanəgah olduğunu intiutiv (Həm də rasional!) qəbul etdi (Seyid Yəhya Bakuvinin Xanəgahını xatırlayın!), lakin bununla kifayətlənməyərək dilin "hasarladığı" dünyadan kənara çıxmaq üçün əlavə məkanlar taparaq ona "Sehrbazlar dərəsi" adını verdi. Geniş spektrdə "Sehrbazlar dərəsi" poetexnologiyası, linqvopoetik və mifolinqvistik qatları, gözlənilməz dil paradiqma və paradoksları ilə həm Dilin Görükməz təpəsi, həm də Dilin dərəsidir.
"Yarımçıq əlyazma romanı ilə bağlı ağlına gələn ağlına gələni, ağzına gılən ağzına gələni yazdı". [səh.419]
"Yarımçıq əlyazma" ədəbi cameədə qəfil bir qəza effekti yaratdı, məlum oldu ki, ənənəvi "xilasetmə" tədbirləri burada "işləmir", standard ədəbi fiqurlar, tabulaşmış "kriteriyalar" avtomatik yerlə yeksan oldu, amma... və lakin belə ekstremal situasiyada modern ədəbi mühəndislik konstruksiyalarına ehtiyacın yarandığını içəridən qurcuxan qrafomanlar hiss eləsələr də, səslərini çıxarmadılar...
Nə biz yolu tanıyırıq, nə yol bizi,
Haralara gətirəcək bizi bu yol?! [səh.388]
Bu qranula istər-istəməz beynimizdə Sehrbaza verdiyi pullara sonradan tamsılanan tacirin düşdüyü çıxılmazlığı assosiasiya edir. Tacir sehrbazın təksənəlik vaxtına girib onu "soyur". Tövşüyə-tövşüyə üzüyuxarı qalxan taciri Yol heç hara aparmır. O fırlanır, vəssalam... Tanış bir yolda insan azarmı? Bəli, azar, hələ o yana da keçər. Və əslində "keçməz", qalar fırlana-fırrlana... "Yol haman yol, şəhər də ki, öz yerində. İnanılası deyil, indiyənə qədər o naçar kişi o nadürüst yolu gedir, gedir, amma neçə ildi bu yol onu bir yana gətirib çıxarmır" ("Sehrbazlar dərəsi"). Yazıçı sınayıcı nəzərlərlə düz gözümüzün içinə baxaraq deyir: Halal Yolunuzu gedin, belə olmasa, Yol da nadürüstləşər və sizi Yolda qoyar. Romanın çeşidli ideya saçmalarından başlıcası, elə budur!
"Kim nə deyir desin, Yol xüsusi isimdir!" [səh.94]
Bu qranula yuxarıdakı fikirlərimizi necə də gözəl tamamlayır!
"Kitabi-Dədə Qorqud" XVI əsr kəsiyində yazıya alınsa belə əsl tarixi romandır. Cismi ilə (ilk növbədə dili ilə) XVI əsrdə, ruhu ilə daha qədim dövrlərdədir.
Bu dastanın cismi ilə ruhu bir-birinə uyğun gəlmir". [səh.19]
Epos Yazıya dönüşəndə arada ən azıyeddi yüz il "it-bat"a düşüb və ya Yazıya alanın özü yeddi yüz il gecikib. Və biz "Dədə Qorqud"dan söhbət açanda əgər o yeddi yüz ili xatırlamasaq, avtomatik olaraq əsl həqiqət yeddi yüz il də bir kimsəyə məlum olmayacaq. Hətta "əsl" həqiqət mövcud olmasa belə...
İndi biz Kamal müəllimə - "əzizi-mən"ə sual edirik: Özünüzün də nə qədər gecikdiyinizdən xəbəriniz varmı?! Amma xoşbəxtlik orasındadır ki, siz, başlıcası, İlahi lütf, konseptual mistik-mifoloji açarlar, "batin-zahir" düsturundan biryolluq imtina, Qeyri-səlis məntiqə söykəniş və mifolinqvistik işarələrlə Eposla o yeddi yüz il arasına dünyanın ən faciəvi fatehi, böyük psixoanalitik K.Yunqun təqdim etdiyi modellə yanaşsaq, mistik Platon naturası ilə Aristotel naturası arasında qalıb sıxılan və sonda bir "heç"ə çevrilən Şah İsmayıl Xətai "qəziyyəsi"ni hörməklə, məlum "qara dəliy"i kompensasiya etmək üçün cəhdlər etdiniz. İndi həmin "dəlik"dən bizə dünyanın ən fədakar anası, provaslavların mələk, katoliklərin isə fahişə kimi tanıdığı Mariya Maqdalenanın Şərq "variantı" olan qırx oynaşlı Boğazca Fatma ("Yarımçıq əlyazma"), altsheymer xəstəsi Həsən müəllim ("Sirlərin sərgüzəşti"), əbədi Harmoniyanı simvolizə edən Bəhram kişi ("Unutmağa kimsə yox..."), öz uzun adlarını paltar kimi soyunub geyinən Hacı Mir Həsən ağa Səyyah ("Sehrbazlar dərəsi") və nəhayət, Həsən müəllim kimi "indi"ni unudan Vaqiflə Firəngiz ("Laokoon, Laokoon… yaxud bir romanın "gerçək" yazılma tarixçəsi") baxır...
"Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni arzu etdiyini tapmışdır". [səh.28]
Kamal Abdulla "Gizli Dədə Qorqud"u yazarkən sanki onun qarşısında nəhəng Troya atı dayanmışdı. Sanki o da Apollon məbədinin kahini Laokoon kimi öz şübhələrini "gerçəy"ə çevirmək üçün Troya atında - diskursda dəliklər açmaq istəyir. İndi biz belə bir ekperiment aparaq; müəllif zəhmətinə "rəğmən", Troya atını başıaşağı çevirək. Heç şübhəsiz, taxta ata vurulan nizə izləri və onların missiyası sıfırlanacaq. Bütün gizlinlər də belədir. Sənin o gizlinləri açmaq üçün etdiyin bütün cəhdlər uzaqbaşı predmetin (bizdə diskursun!) genezisini dərindən öyrənib onu başıaşağı çevirəcəyin ana qədərdir. Və yaxud, mətni sondan əvvəlinə doğru oxumaq anına qədər...
Nəticə: Kamal Abdulla üçün nə Şiliman var, nə də Troya...
"Mənə deyən gərək nə olub axı
Nə çabalayərsan, söylə, nə xəbər?!
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər". [səh.10]
Dünya şöhrətli Borxes külli-ədəbiyyatın cəmi dördcə əhvalatın ətrafında fırlandığını söyləyir: "Cəmi dörd əhvalat var: Birincisi istekama çevrilmiş şəhər haqqındadır (Troya). İkincisi qayıdış haqqındadır (Odissey). Üçüncüsü axtarışdır (Yason). Dördüncüsü müqəddəslərin intiharıdır (Odin, Atis). Əhvalat cəmi dörd dənədir və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edəcəyik".
Kamal Abdulla da yunan mifologiyasının "...burma saçlı" mistik qəhrəmanı Yason kimi daima axtarışdadır. Onu "Yarımçıq əlyazma"ya, "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox...", "Sirlərin sərgüzəşti" və "Laokoon, Laokoon, yaxud bir romanın "gerçək" yazılma tarixçəsi"nə, qeyri-ənənəvi səhnə əsərləri və hekayələrinə gətirib çıxaran da o sonsuz axtarışların məntiqi nəticəsidir. Heç nə itirmədiyini bilə-bilə sonsuz bir ehtirasla axtarmaq! Bax, əsas məsələ budur, qalan şeylər təfərrüatdır...
"Füzuli səni sevməyə, daxilən azad olmağa... çağırmır. Füzuli səni buna səsləyir". [səh.54]
Kamal Abdullanın belə bir kitabı vardır: "Mənim Füzulim". Kitabda müəllif Füzulişünaslıqda bizə məlum olan ənənəvi, standart tezislərə qarşı böyük sevgi və ehtiramla özünün "antitezis"lərini qoyur. Onun qənaətinə görə, Füzuli taledən başqa heç nəyə boyun əyməyib. Burada "boyun əymək" İlahi düzənə təzim etmək anlamını verir: "Bir təsəllidir sənə ol söz ki, derlər var sübh" (Füzuli). Özünüz fikirləşin: Bu cür düşünən, düşünən niyə, özünü azad düşüncədə, düşüncəni özündə əridən bir insan kimə boyun əyə bilər?!
Müəllifə görə, Füzuli Petrarka kimi sevməyib, o, harmoniyaya canatımı simvolizə edən sevgini hər şeydən uca hesab edib. İtaliya İntibahının məşhur siması Françesko Petrarka (1304-1374) Roma imperiyasının çöküşündən sonra dil, fəlsəfə və ədəbiyyata avropalılıarın baxışını əks etdirən Avrosentrik bir ifadə gətirdi: Qaranlıq dövr. Mahiyyət baxımından bu dövr yox idi, sadəcə, avropalıların qarabasması idi. Xatırlayırsınızsa, akademik Fuad Qasımzadə də Füzuli haqqında sanballı tədqiqatını "Qəm karvanı" yaxud zülmətdə nur" adlandırmışdı.
"Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram - darıxıram". [səh.85]
Kamal Abdullanın belə bir essesi vardır: "Düma ilə Coys arasında və yaxud Don Kixotun ölümü". Çox təsirlidir."Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz yaratdığı qəhrəmanı üçün deyil, özü üçün epitafiya yazırdı. Və əslində, Don Kixot ölmürdü, o, yenidən dirilirdi". Müəllifin illər öncə çap olunmuş misilsiz esselər kitabının adı da bizə çox şeylər deyir: "Kədərli seçmələr".
Kamal Abdulla kədəri epik vüsətlidir. Azərbaycan ədəbiyyatında bu möhtəşəmlikdə kədər çox azdır. Bu, Mətn tənhalığından doğur! Antik kədərdir! Gümüş dövr şairlərinin kədərinə oxşayır.
"Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni arzu etdiyini tapmışdır". [səh.28]
Bu qranulanın üzərinə ikinci dəfə qayıtmalı olduq.
Kamal Abdulla da Şlimana oxşayır. O, Gizli Dədə Qorqudu deyil, arzuladığı və bütün ruhu ilə can atdığı "aşkar" bir İtiyin arxasınca düşüb. Həmin İtiyi Troya da adlandırmaq olar. O öz Troyasını tapmayınca Kitabdan qopmayacaq. Sizcə, Troya mövcuddurmu?! Mövcud olmayanı axtarmaq ehtirası onu "Dansökülən"dən "Qürub"a atır. "Günortac" hər ikisinin arasında bir bitiş nöqtəsidir... ["Kitabi-Dədə Qorqud"un poetikasına giriş" kitabı]
"Doğru olan nədir, Qazan?! Doğru olanı söylərsən, yeni-yeni bəlalar gətirərsən qara başına, bilməzmisən?!" ("Yarımçıq əlyazma", Bakı, Mütərcim-2012, səh: 41)
Həqiqəti söyləsək, işıqlarımız sönəcək. Bunu işıq idarəsinin işçisi edəcək. Özü də çox rahat bir şəkildə; işıq dirəyinə qalxıb evimizə gələn xətti kəsəcək, vəssalam... Amma qardaş, sənin Həqiqətin onu işıq dirəyinə qaldıracaq! Həm də o dirək insanla işıqlanacaq...