Coşqun XƏLİLOĞLU
Yüz yerə yozurlar...
Çiynimin üstündə mələklər durub,
Günahı, savabı yazırlar, qardaş.
Üzümə şeytanlar gülərək dost tək,
Ayağım altını qazırlar, qardaş.
Çoxları dərk etmir - nədir bu həyat,
Əbədi müəmma, sirdir kainat,
İnsanlar dünyayla oynayıb şahmat,
Nizamı, ahəngi pozurlar, qardaş.
Zəmanə dəyişir, dəyişir dövran,
Ölçülər, meyarlar dəyişir hər an,
Var-dövlət hərisi nə qədər insan
Çaşıb yollarını azırlar, qardaş.
İnsan kimi yaşa, insan kimi köç,
Biri səhv edərsə, günahından keç,
Ay Coşqun, sözlərin yaxşısını seç,
Onsuz da yüz yerə yozurlar, qardaş.
Unutmayaq
Hər ağızdan bal süzülməz,
Elə sirlər var - çözülməz,
Nazilsə də, haqq üzülməz,
Unutmayaq, unutmayaq.
Zülmət ötdü, doğdu səhər,
Ədalət çalıbdır zəfər,
Mömin ola bilməz kafər,
Unutmayaq, unutmayaq.
Biz həmişə ayıq olaq,
Gecə-gündüz sayıq olaq.
Bədxislətdir o "tayqulaq" -
Unutmayaq, unutmayaq.
Hər məsəlin var əsası:
Heç vaxt ağ qoçun qisası
Qarada qalmaz, qısası,
Unutmayaq, unutmayaq.
Babaların öyüdlərin,
Yurdun ərən-igidlərin,
Cəsur, ölməz şəhidlərin
Unutmayaq, unutmayaq.
Ötkəm olsun kişi gərək,
Kimsəyə gəlməsin kələk,
Sən sayanı saymır fələk,
Unutmayaq, unutmayaq.
Var həm pis, həm yaxşı adət,
Göydən düşməyir səadət,
Rəzildə olmaz ləyaqət,
Unutmayaq, unutmayaq.
Bilməsən, sus...
Hər qalxmağın enməyi var,
Hər yanmağın sönməyi var,
Sükutun da dinməyi var,
Xəbərsiz-ətərsiz olar.
Xəyallara dünya sığır,
Yola çıxmaz çox vaxt cığır
"Xəmir yeyən olmaz fağır",
Olsa da, çox fərsiz olar.
Dostum, düşün, dal xəyala,
Qürrələnmə cah-cəlala.
Bilsən, cavab ver, suala
Bilməsən, sus, yersiz olar.
Bağça yazda çiçəkləyər,
Barlı ağac başın əyər,
Gün var ki, yüz ilə dəyər,
İl var ki, dəyərsiz olar.
İnsanı dərk etmək çətin,
Biri qorxaq, biri mətin.
Dinlə böyük nəsihətin,
Sanma ki, səmərsiz olar.