|
|
|
|

Rəfayət ƏLİMİRZƏYEVA
filologiya üzrə fəlsəfə doktoru
İnsanın həyatdakı ən böyük missiyası dünyanı dərindən duymaq, dərk edərək yaşamaqdır. Xalq şairimiz Zəlimxan Yaqubun şeirlərindən birində deyildiyi kimi: “Ürək də, baxış da, könül də, göz də, dünyanı dərindən duymaq üçündür.” Lakin dünya içində dünyanı görmək, onun sirli qapılarını açmaq, orada baş verənləri duymaq, dilə gətirmək hər insana nəsib olmur. Dünyanı dərindən duyan, dilə gətirərək sözə çevirənlər Allahın seçilmiş, sevimli bəndələridirlər. Sözü yaradanlar, ürəklərə, beyinlərə köçürüb yaddaşa çevirənlər Allaha daha yaxın olanlardır. Onların bir qismi şeir dünyasının, sənət yolunun yolçuları, sözü sevənlər, sözlə yaşayanlar, sözü yaşadanlardır. Sözü dilə gətirənlər, nəzmə çəkənlər həm də düşüncələrini, qəlbinin, ruhunun səsini misralara çevirərək aydınladan, yol göstərən, ibrət verənlərdir. Dahi Nizaminin tədbirincə desək: “Şair könül sapına söz incisi düzəndir, qəlbin qızıl qanıyla göz incisi düzəndir”.
Həkim-kardioloq Sevil Sadıxova da sözün sehrinə düşüb onu sevənlərdən, sözlə yaşayanlardan biridir. Hələ kiçik yaşlarından şeirə, ədəbiyyata böyük marağı olub Sevil xanımın. Əslində hər şey uşaqlıqdan, ailə, məktəb tərbiyəsindən başlayır. Sevil ziyalı ailəsində böyüyüb, boya-başa çatıb. Sahib olduğu mənəvi, mental dəyərləri Tofiq atadan, Gülarə anadan əxz edib. Elə sözə, ədəbiyyata, vətənə, doğma ata-baba ocağına sevgini də. Orta məktəbi əla qiymətlərlə bitirən Sevil həkimlik sənətini seçir. Tibb Universitetində oxuduğu illərdə bu peşənin sirlərini dərindən öyrənir, təhsilini müvəffəqiyyətlə başa vurur.Hipokrat andı içərək əyninə ağ xalat geyinir, həkimlik məsləyinə başlayır. Qəlbinin səsi onu birbaşqa aləmə də səsləyir, “ürəyinin sözü əlinə qələm” almağa məcbur edir.
Təbabətlə poeziyanı qoşa qanad hesab edənlər yanılmırlar.İnsanın ovqatına, ruhuna müsbət təsir edən söz məlhəmdir.Buna görə də təbabət sözü həkimin ən güclü və təsiredici dərmanı hesab edir. Qədim loğmanların fəaliyyətində dörd prinsip əsas idi. Xəstəni əvvəlcə sözlə, daha sonra otlarla, bıçaq və odla şağaltmaq. Müasir dövrdə elm və texnika nə qədər yüksək səviyyədə inkişaf etsə də, bu prinsiplər bu gün də vacibliyini itirməyib.Şair ruha şəfa verən bir həkimdir.İncə ruhlu, sözün dəyərini bilən, sözün gücü ilə şəfalandıran həkimin özü elə şairdir. Odur ki, Sevil xanım bu sahələrin hər ikisinə ürəkdən bağlıdır:
Dolaşıram çarpayıların arasında
sərsəm kimi,
pıçıldaşıram Tanrımla
“peyğəmbər” kimi
hazıram ürəyimdən paya
aortamdan calağa təki,
Yaradan yaşatsın yaratdığını.
O, həkim kimi insanın fiziologiyasını dərindən bildiyi qədər, ruh aləminə, mənəvi-psixoloji varlığına da yaxşı bələddir. Bu aləmi duyur, sözün ecaskar gücü ilə müdaxilə etməyi bacarır. Sevil həkim ürəyin kardioqrammasındakı hər cizgini, enən, yüksələn xətləri diqqətlə izləyib düzgün diaqnoz təyin edə bildiyi kimi, onun ruhsal halını da poetik dillə çözməyi bacarır:
Ürək tövşüyür,
doludur içi,
Yüklüdür deyə
ağır gəlir çəkisi.
“Tibbə məlum olmayan ürək” şeirində:
Eh, fağır ürək,
dil deyil ki,
deyinə-deyinə boşala.
Göz deyil ki, yuma-aça,
dərdini yaşla yuya.
Dözməli, yükü çiyin deyil,
ürək çəkməli!
Uçaq da deyil,
pul-para istəyə
əlavə baqaja.
Köz kimi sözlər,
zəhərli gülüşlər,
lüzumsuz udulan əməllər,
boğaza yığılan qəhərlər.
ərkandan uzaq başbilənlər yükdür,
asılan daşdır
qubarlı, həssas ürəyə.
Sevil xanım xəstənin ağrı-acılarına şərik olmağı, onlara şəfa verməyi özünün müqəddəs borcu bilir. “Xətircəm xəstənin sağalmaq eşqi cənnəti vəd edir”, “bircə kəlməm ümid verir neçəsinə” – deyərək həkimlik peşəsindən aldığı mənəvi rahatlığı misralara çevirir:
Əslində mən yox,
Onlar gərəkdir mənə:
Qələm əlimdə, xəstəm qəlbimdə...
Ağ xalatlı Sevil həkimin rəngarəng qəlb dünyası var. Bu dünyanın acısı, şirini var. Qüzeyi, güneyi, buludlu, yağmurlu günləri, tutqun gecələri, günəşli, işıqlı gündüzləri, xoşbəxt anları var. Qəlbində baş qaldıran duyğular bəzən onu daxildən titrədir. Özünə çəkilmək, ürəyini boşaltmağa ehtiyac hiss edir. Bu zaman sanki gözə görünməz qüvvə onu sirli, sehirli bir aləmə çəkir, əlinə qələm verir. Bu aləmdə o özünü daha yaxşı ifadə edə bilir. Düşündüklərini, qəlbindən keçənləri daha rahat söyləyə, daha səmimi etiraf edə bilir.Kəlmələr sətirləri, misralar bəndləri yaradır. Onun ərki kağıza, vərəqə çatır. Qələm Sevil xanımın həmdərdidir.Sevincinin, qəminin ortağı, duyğularını, düşüncələrini ifadə edən, sözlərə çevirən ürək həmdəmi, sirdaşıdır:
Boşaldıqca ürəyim
dolur nimdaş üzlü dəftərim.
Bura yığmışam
dərdimi, sevincimi,
xəlvəti məqamımı.
Gəzməyin məni
biyabanda - məzarda.
Axtarın heca-misramda.
Dolasın sətirləri,
bölüşün bahalı miras kimi.
Sevil xanımın könül dünyası, mənəvi mühiti, ictimai amal və qayəsi, şəxsi ləyaqəti onun qələmindən keçir. Bu qələm vasitəsi ilə o, istək və arzularını, onu düşündürən, narahat edən əxlaqi-etik, sosial problemləri dilə gətirir. Oxucu ilə dialoqa girmək, fikir və düşüncələrini bölüşmək istəyir.Özünü şair adlandırmaqdan çəkinən, “bitməz əbədiyyətə bir damla, ümman şeirə, sənətə bir damcı” hesab edən Sevil xanım hər şeydən öncə, onu duyacaq kəsləri, düşüncələrinə həmfikir axtarır:
Bəyənmədən də oxuyun,
tənqid-təhlillə qələmimə
də toxunun.
Eybi nə?
Bircə,
lojaya kuponu olan
yabançı tamaşaçı kimi
baxmayın, ümumi
Təlaş adlı drama !!!
Bu misralardakı müraciət öz ünvanını tapır. Oxucu onunla ünsiyyət qurmaq istəyən qələm sahibinin səmiyyətinə inanır.Sevil xanımın şeirlərində məqamında və yerində deyilən sözlər, ifadələr oxucunu düşündürür, nəticə çıxarmağına imkan yaradır. Sevil xanımın şeirləri təkcə müəllifin fərdi düşüncələrinin, hiss və duyğularının məhsulu olaraq qalmır, oxucusunun qəlbinə yol tapır, könlünü, ruhunu oxşayır, onu daxilən saflaşdırır, mənəvi-əxlaqi təkamülə səsləyir:
Toparlanaq, toparlayaq,
uçulmayan dağ olaq,
Gündən-günə yenilənərək çağdaş olaq,
Ötüşməyək özümüzlə, qalib olaq,
Vətən üçün ağa deyil, kölə deyil,
borcun bilən, haqqın deyən bir fərd,
Məmləkətə Vətən adlı Daş olaq.
Həkim-şair iki şeir kitabının müəllifidir. Həyatının müxtəlif mərhələlərində qələmə aldığı şeirləri “Açıq alınla, ağvüqarımla” (2016), “Mən dedim, güzgü dedi, haqqı olan ürək susdu” (2022) adlı kitablarda toplanıb. Bu kitablardakı şeirlərin mövzu dairəsi geniş və rəngarəngdir. Şairin oxucuya təqdim etdiyi poetik qəhrəman həssas qəlbə, zəngin mənəvi aləmə, aydın ictimai məqama malik bir şəxsiyyətdir:
Səpələndim mərcan kimi,
Paralandım kal nar kimi,
Havalandım ozan kimi,
Dönmədim, dönmədim ki
özümdən...
Cızılan yoldan,
kəsilən nandan,
bir də Yaradandan
Mən ki dönmədim.
Tanrıya, torpağına, ocağına sədaqət lirik qəhrəmanın xarakterik xüsusiyyətləridir. O, namusla yaşamağı, vicdanla ömür sürməyi hər şeydən üstün tutur. Vüqarlı, əyilməz, çətinliklərə sinə gərəndir.
Səcdəgahım - halal yanan ocağım,
Qibləgahım - göz açdığım torpağım,
Könül sevdam usanmayan Pənahım,
Mən yox, qoca dünya “mənim qonağım”.
Sevil xanım kövrək, sevgi dolu bir ürək sahibidir. Onun könül dünyası Tanrıya, Vətəninə, xalqına, milli köklərə, mənəvi dəyərlərə, ailə ənənələrinə dərindən bağlıdır. Tanrıya olan sevgi və inancı ona Həcc ziyarətini nəsib edib. O, bu müqəddəs torpaqlara qədəm basmış, mərhəmət Peyğəmbərimizin qəbrini ziyarət edib. Hər bir müsəlman üçün vacib olan borcunu yerinə yetirib. Onun lirik qəhrəmanı da ilk növbədə Allah adamıdır, haqsevərdir, ədalətin tərəfindədir. “Mənə yer verin, həqiqətin kürsüsündə”, “məni sancaq edin ədalətin yaxasına” – deyən şair xeyirin, haqqın yanındadır. Bu ali hislərlə yaşadığı üçündür ki, belə bir əqidənin sahibidir:
Haqq mən üçün,
mən haqq üçün doğulmuşam,
Haqqı tutub gicitkanla dalanmışam,
Haqq itəndə mən də elə talanmışam,
Haqq harada, mən orada dayanmışam.

Həyatda rast gəldiyi haqsızlıqdan, ədalətsizlikdən bezəndə, insafın, mərhəmətin azaldığından gileylənəndə, “paxıl, həsəd çəkən, şükransız, tamahı bol, nəfsli” bəndələri görəndə “Ya Rəbb, nəyə gərək yaratdığın bu məsləksiz qul?” sualı ilə haray çəkir. “Zaman-zaman çox ummuşam, söylənmişəm qarana”, “düşün, daşın, adın kimi Ədil ol, sən!”, “nədən vermisən bizə bunca əlaməti, sifəti?” – deyərək Yaradana səslənir, ondan kömək umur. Bununla belə, çatdırmaq istədiyi fikir ondan ibarətdir ki, bütün haqsızlıqların baisi elə bəndənin özüdür, Allahın göstərdiyi yoldan azmış insandır:
“Yalan” de mənə, Tanrıcan,
De ki, Yer üzünün
əşrəfi insan,
təkcə nəfsini buraxıb
öhdənə,
imtahan etdim ruhunu,
sınaqdan çıxmayan qövmlərim,
qıra-qıra bir-birini
dünyanı yetirdi sona,
Bilmədim, mənmi batdım günaha,
ya sən, İnsan!
Və bir daha öz qənaətində əmindir:
Bir özümüzük
tale yazan,
quyu qazan,
yiyəsizin ipin üzən,
günah edib
Həccə gedib təmizlənən,
Neyləsin Tanrı?
Barmağı yox, hədələsin,
göz töksün.
Lirik qəhrəman Tanrını qüdrət, əzəmət sahibi kimi tanıyır, sevir, onun mərhəmətinə tapınır. Tanrı ilə ünsiyyət onu haqqın dərgahına qavuşdurur. “Güvəncim Tanrım, hamıdan uca”, “ümiddir namaza açılan hər səhər” - deyən şair oxucusunu hər şeydən əvvəl mənəvi ucalığa çağırır:
Tanrının əlində,
dünyanın ipi,
Buraxsa, dibə
uçuruma düşəcək,
Dartsa, fəzaya,
yanına çəkəcək.
Mən də o ipin ucundan
tutmaq,
dikə qalxmaq istədim...
Ancaq bu oldu
məram, məqsədim.
Sevil xanımın lirik qəhrəmanının ən böyük məramı Vətənə layiq övlad kimi ona sonsuz məhəbbətlə, qəlbən bağlı olmaqdır. Vətənə xidmət, təmanasız məhəbbət, sədaqət onun hər daşını, havasını, suyunu, torpağını, sərhəddini, dilini, “babaların keçmişini”, “nəvələrin ümidini, gələcəyini” qorumaqdır. “Yolunda can qanını tökməkdir”. “Elmlə ucaltsan, Vətən adını, şöhrətini, bu depozitdir, xərclənməyən sərvətdir”. Bütün bunlar şairin vətəndaşlıq qayəsi, Vətən məhəbbətindən yoğrulmuş amalıdır.Onun qələmində Vətən hər zaman öz ünvanı, qədim köklərə bağlı tarixi, mədəniyyəti, soydaşları, təbii gözəllikləri, mənəvi dəyərləri, adət-ənənələri olan ulu bir məkandır. Şair üçün Vətən Zəngilandan başlanan Qarabağlı, o taylı, bu taylı bütöv Azərbaycandır. İllərlə düşmən işğalında inləyən Vətənin dərdi qəlbini göynətsə də, “aydın səhərinə yox heç şübhəm, yolunda yanan şam deyil, məşələm” düşüncəsi ilə, ümid pöhrələrinin nə vaxtsa qol-budaq artaraq böyüyəcəyi arzusu ilə yaşamış, hər keçən gün qələbəyə olan inamı daha da artmışdır:
Hələ də təndir yiyəsini gözləyir,
Etibarlı kösov o vaxtdan közərir,
Ellim, misgildən daşlar da dillənir,
Gün vaxtında, qələbə xəbəri yol gəlir.
Və şairin tükənməyən istəyi və məqamı:
Üzeyir himni çalsın Şuşa qalası,
Qalibik, bağırsın radio dalğası,
Yağıdan qurtulmuş can Qarabağı,
Tac edəkbəzəsin Azərbaycanı!
“Yuxularda gedirəm Zəngilana, əl edirəm ağ yaylıqlı dağlara” – şair xəyalən doğma torpaqları dolaşır.“Zəngilanım, öpəydim kaş torpağını, qoxlayaydım örpəyini” – arzusu ilə ana yurda xitab edir, otuz illik həsrətin yanğısı ilə dilə gəlir:
Sinəmə çəksəm, dərman havanı,
doymadan içsəm,
Kinavdakı bulaq suyunu,
donumu sındırsa,
Süsəndən süzülən günəş məşəli
əbədi vida etmək üçün
hicranımla, qübarımla,
dönərəm yurduma niyazımla,
qurbanımla!
Nəhayət, uzun yol gələn Qələbə xəbəri həsrətə son qoyur. 44 günlük Vətən müharibəsinin şanlı Zəfəri şairin dərdlərinə məlhəm olur. Ali Baş Komandanın qətiyyəti, dəmir yumruğu, müzəffər ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına azad olunan Vətən torpaqlarında üçrəngli bayrağımız göylərə ucalır. Qələbə xəbərini eşidən anda şair sevincini belə ifadə edir:
Xiyabanda Komandanım bu an
Baş əyir Ulu Öndərə!
Sevinir ruhu Ata Heydərin
Bizimdir deyəndə Şuşa, Ağdərə!
De, bir də de, Şuşadayıq.
Sən bizə arxa, biz sənə dayağıq,
De, səsinə qurban, Xankəndindəyik,
Zəfər, təbrik, vüsal həsrətindəyik.
Zəfərin yaratdığı ehtişamlı ovqat, nikbin əhval-ruhiyyə, qürur hissi, şəhidlərimizin ruhuna dərin ehtiram Sevil xanımın son illərdə yazdığı şeirlərdə mühüm yer tutur.Qələbə, qalibiyyət duyğulu ilhamına qol-qanad verir.
Onun qələmə aldığı şeirlərin bir çoxu ata-anayaolan müqəddəs sevgi hislərinin, övlad məhəbbətinin tərənnümünə həsr olunub. Bu şeirlərdə atalı-analı illərin xoşbəxt, sevinc dolu günlərini yaşayan övladın pak, səmimi fikir və duyğuları, onları itirdikdən sonra keçirdiyi iztirab, nisgil, kədər hisləri öz bədii əksini tapıb. Vaxtsız ata itkisindən doğan kədər, atasızlıq dərdi şairi bir an tərk etmir. O, xəyalən atalı günlərə qayıdır, xoşbəxt, qayğısız, fərəh dolu anları yada salır. Ata həsrəti qəlbində qübar bağlasa da, bu xatirələr ona olan sevgisi qədər əziz və əvəzolunmazdır:
Uşaqlığım bir, xatirəsi min,
dönüb xınalı hophopa
uçar bizim köhnə bağa.
Hasarı yox, barı yox bu bağın
Yiyəsi yox, bağrında dağı var
bu tifağın.
Özü gedib, adı qalıb o Tofiqin
Eşidirəm şən səsləri,
qulağım uzaqdan alan
şaqraq gülüşləri.
Görünər gözümə həsrət adam...
Sevil xanım “tanıyanların fəxrlə andığı” atasını “savadı, zəhmətsevərliyi ilə cəmiyyətdə müəyyən məqama yüksəlmiş”, səxavətli, həqiqətpərəst, ocağına sədaqətli bir insan, qayğıkeş ailə başçısı kimi xatırlayır. Bir övlad kimi “43 illik həyatında çoxlarının həsəd aparacağı mənalı ömrə sahib olmuş” atasının təmiz adı, vətənpərvərliyi, dövlətsevərliyi ilə fəxr edir. Atasının unudulmaz obrazını yaratdığı şeirlərdə sadəcə qəlbindən doğan səmimi duyğuları ifadə etmir, belə bir həyat həqiqətini də dilə gətirir, valideynin ruhu o zaman rahatdır ki, övladlar onun qoyduğu yolu, əməllərini ləyaqətlə davam etdirirlər.
Adın özümüzdə, qəlbimizdə
Bilən bilir, dəyərini, qədrini.
Bizə düşən ruhunu hüznlə,
hüzurla anmaq...
Şair anasına olan ülvi məhəbbəti də həmişə ürəyində gəzdirir, zaman-zaman saf, səmimi hiss və duyğularını sətirlərə köçürür. Ana Tanrıdan sonra səcdə etdiyi yeganə varlıqdır. Onun “könül məlhəmi”, “ruhunun şəfasıdır”.Ömür yoluna işıq tutan, nur ələyən, dünyanı duyub dərk etməkdə yol göstərənidir. Sevil xanıma görə “heç bir hikmət “ana” kəlməsindən yüksəyə qalxa bilmir”:
Təbiətdir sənlə bəhsə girən,
torpaqdır səni təkrar edən.
Vətəndir səndən başlayan,
həyatdır sənlə yaşanan.
Göylərdir sənə pərəstiş edən,
Tanrıdır sənə “ana” deyən.
Sənin hər qəlbdə özəl yerin,
əksilməyən əzəmətin var.
“Yazdıqlarım şanlı ömründəndir, mənəvi dözümündəndir”, “polad sənin mətanətində, təmənnasız sevgi qəlbindədir” – deyən şair öz anasının simasında qadın şərəfini, ləyaqətini, fədəkarlığını, vüqarını ümumiləşdirir. Ömür-gün yoldaşını vaxtsız itirmiş, “qisməti acı, səadəti baha gəlmiş”, “qəlbi kövrək, baxışı ürkək”, illərlə ağrı-acılara ləyaqətlə dözmüş, “kirpiyi ilə od götürmüş”, hər cür çətinliklərə sinə gələrək üç qız övladı böyütmüş Ana ən böyük ehtirama, hörmətə, sevgiyə layiqdir.
İnsan nə qədər yaşa dolsa da, hər zaman ana şəfqətinə, qayğısına ehtiyac duyur. Lakin analı günlərin də ömrü nə vaxtsa sona yetir. Ayrılıq qapını döyür. Şair bu itki ilə barışa bilmir, ana adı çəkiləndə ürəyindən bir həsrət, nisgil keçir.
Göylərdən baxan anam,
Sənsiz darıxmışam yaman.
Yaz gəlir,
oyanır torpaq,
bənövşə kol dibində,
uşaqlar tonqal dərdində,
ilk dəfədir səməni
sinən üstə,
mən də xatirələr əlində...
O, ana həsrətini, keçirdiyi hisləri özünəməxsus, səmimi, ürək yanğısı ilə ifadə edir. Ataya, anaya məhəbbət, ehtiram, övladlıq borcu, itkilərdən doğan kədər - qələmə aldığı bu mövzulu şeirlərin hər birində yenə də Sevil xanımın həssas, sevgi dolu ürəyi, qəlbinin sevinci, harayı, həzin pıçıltıları, ailə ənənələrinə, milli-mənəvi köklərə bağlılıq öz əksini tapır.
Bu ürək daim həyat eşqi, xoşbəxtlik arzusu ilə yaşayır.Sevgini insan mənəviyyatının ən ali keyfiyyəti, varlığın əsası, səadət, vəfa, sədaqət kimi bəşəri duyğuların özülü hesab edir. Onun sevgi şeirləri kövrək qadın dünyasının yaşantılarıdır:
Mənə yuxu ver, uyuya bilim,
Sənsizliyi röya bilim.
Mənə zəhər ver, içə bilim,
Sənsizliyi məlhəm bilim.
Mənə vüsal ver, çata bilim,
Sənsizliyi ata bilim.
Mənə könül ver, girə bilim,
Sənsizliyi yer üzündən silə bilim!
Şairə görə, insan ömrü həqiqi sevgini doya-doya yaşayacaq qədər yetərlidir. “Sevgi vergi kimi verilir seçilmişlərə.Novbaharı, sonbaharı var, nakam adı var. Vahid olar, sadiq ölər, budur eşqin tərifi, sadə həqiqəti”. “Dünyada əvəzi, bənzəri olmayan, bir adı əsrarəngiz, dadı min olan sevgi könüldə tufanı, qəlbdə qəzanı yatırmağa qadirdir”.Məhəbbət insana, onun ruhuna qüvvət verən ilahi bir qüvvə, onu yaşatmaq qüdrətinə malik ülvi bir hisdir. Sevda yolu müqəddəsdir, “məşəqqətli, çətin”dir. Lakin bu yolun yolçusu, “zəvvarı dözümlü, mətin” olanda əbədiyyətə qədər uzanır.
Sevgimiz
bəlli oldu könlümüzə,
o bizi məzara aparan
cangüdən,
biz onu sonsuzluğa daşıyan,
nöqtəyik bəxtimizə.
Sevil xanımın şeirlərində lirik qəhrəman təbiətin ayrılmaz bir parçası kimi poetikləşdirilir. Onun sahib olduğu bütün mənəvi sərvətlərin (sevgi, mərhəmət, səxavət, saflıq, vüqar və s.) mənbəyi təbiətdir. O, mənəvi gücünü də təbiətdən alır, onunla həmahəngdir. “Kökdən yarpağa qalxıram, mən budağam. Torpağa da qayıdıram, demək, mən torpağam. Su tək saf, sərrafam, demək, mən budağam. Ruhsuz cansızam, boşam, qayayam, daşam. Mən insanam, ruhla dolanıram.Yer üzünə dolanam. Boşalanam. Yer üzünə əbədi mehmanam”. “Qəmlənəndə lal çay tək asta-asta axan”, “qəzəblənib şimşək kimi çaxan”, “könlündə fırtına, tufan qopan”, “ağlar söyüd tək nəmlənən” lirik qəhrəman özünü təbiətdə görür, xarakter etibarilə ona daha yaxın hiss edir:
Məni mən kimi sevin.
Təbiət kimi naturalam,
doğalam,
Yağışım var,
günəşim, ulduzum,
dənizim var.
Bir gün səma kimi tutuluram,
Dolub, sonra yağıram,
islatmıram,
islanmıram, təmizə çıxıram.
Günəş olan gün
aləmi qızıla,şəfəqə bükürəm,
gizləmirəm,
ətrafımla bölürəm.
Təbiət və insan bütöv bir varlıqdır. Bu vəhdətdə təbiətin ən böyük üstünlüyü odur ki, o, dünyaya heç nəyə, heç kəsə fərq qoymadan sevgisini, mərhəmətini, səxavətini, hətta qəzəbini bərabər paylayır. Təbiətdə ədalət, bir mütənasiblik var. İnsanın təbiətə sevgisi mükəmməl olmalıdır. Həyatın gözəlliklərindən zövq almaq üçün onu qorumalıdır. Təbiəti qorumaq insanlığı, insanın ülviyyətini qorumaqdır. Şair belə qənaətdədir ki, təbiətin ruhuna yaxından nüfuz etmək qüdrətinə yetə bilsək, öz mənəvi dünyamızı daha dərindən kəşf edəcək, kainatın, xoşbəxt və mənalı ömür sürməyin sirlərinə vaqif olacağıq və təbiətin, dünyanın düzəni elə öz əlimizdədir.
Nə vaxt Yer üzündə,
nizam, intizam,
iman, güvən,
inam, etiqad dönsə elitə,
dəyərə, zirvəyə, onda
Sirius sirrini açacaq bizə,
Venera qayıdacaq əski eşqinə.
Şairin təbiət seirlərində həm də lirik qəhrəmanın özünü daha dərindən dərk etmək, tanımaq, öz daxili aləminin sirlərini açmaq istəyi ifadə olunur. Onun günəşlə, yağışla, dənizlə, söyüdlə, al-əlvan çəmənlə, xoş ətirli çiçəklərlə söhbət etdiyi, doğma yurdun, Vətənin təbii gözəlliklərindən zövq aldığı lirik parçalarda təbiətlə insan ruhunun harmoniyası əks olunur.
Yağış yağır,
Təmizlənir halqam,
həm də həyata açılan,
zığlı aynam
Mən də, istəyirəm yağam,
qar kimi,
“od” kimi,
dolu kimi,
Aydınlanam...
Sevil xanım təbiət hadisələrini, eləcə də həyat faktlarını öz hislərinin, düşüncələrinin süzgəcindən keçirərək mənalandırır. Bu məqamlarda lirik “mən”in öz-özünü axtarıb tapmaq, daxili aləmi ilə həmsöhbət olmaq ehtiyacı yaranır.
Özümə dönmək istəyirəm.
Əndazəsiz darıxmışam özüm üçün,
boyasız, boyaqsız, etiketsiz,
yamaqsız, calaqsız
barkodsuz xudabin üçün.
Darıxmışam körpə qəlbim,
xalis qəlibim üçün...
Mənəvi axtarış, özünü dərk məqamında olan lirik qəhrəman onu duyan, anlayan oxucu ilə dialoqa girir. O, bu dünyada az-çox yaşayıb, nələrəsə nail olub, sevib, sevilib, sevinib, “olub gülümsəyib, dodağı qaçıb. Simasında xoş təbəssüm yaranıb, ironik mimikası da olub”, lakin ürəkdən gülə bilməyib. Bunun səbəbini çözməyə, aydınlaşdırmağa cəhd edən lirik qəhrəman onunla dialoqda olan oxucusunu da düşünməyə vadar edir. Nə qədər dünya nemətlərinə sahib olsa da, insanın ruhu rahat olmalıdır. Mənən azad yaşamadıqda həyat işkəncəyə çevrilir. Nədir işkəncə?
İşkəncə həyatdan zövq almamaqdır,
sağ ikən yaşamamaqdır,
sevgidən korluq çəkmək,
məsləkdən imtina etmək,
heysiyyata rəqib olmaq,
açılan sübhü ümidsizliyə bağlamaq,
özün özünə baryer qurmaqdır.
Mənəvi əzab çəkən insan
bu dünyada movzaleydəki
Lenin sanki,
kimliksiz vətəndaş,
məzarsız ölü kimi yaşar.
Bütün bunları dərk edərək yaşayan lirik qəhrəman hər şeyə rəğmən nikbindir, dünyanı xoşbəxt görmək, sevinmək, sevincini bölüşmək, ürəkdən gülmək istəyir:
Quinplen olmaq fikrində deyiləm.
Gülmək, sevinmək istəyirəm.
Təşnəli yolçu quyu, bulaq tapan kimi,
Sonsuz qadın hamilə qalan kimi,
Xankəndiyə qayıdan sakin kimi.
Sevil xanımın şeirlərində dərin bir səmimiyyət var, hiss və duyğular pərdələnmədən verilir. Özünü oxucuya bəyəndirmək cəhdindən, süni dərinlikdən, boyağı fəlsəfəçilikdən uzaqdır. O, heç kəsi təkrarlamır, özü olmaqdan çəkinmir, orijinal düşüncə tərzi, dünyaya baxışı, həyat təcrübəsi, informasiyalı olması, ziyalılığı ilə seçilir.
Həkim – şairin şeirlərinin dili sadə, axıcı, anlaşıqlıdır, ifadə tərzi özünəməxsusdur. Sevil xanım sözün məna yükünü dərk edərək yerində və məqamında işlətməyi bacarır. Şeirdə fikrin, ideyanın düzgün anlaşılması üçün dilimizin bədii gözəlliyindən, məna çalarlarının zənginliyindən həssaslıqla bəhrələnir. O, misra şairi deyil. Oxucuya çatdırmaq istədiyi fikir, həyat həqiqəti şeirin məzmununda, bütövlüyündədir.Şeirlərindən sitat gətirmək istyəndə mətni misralara, bəndlərə bölmək çətinləşir. Söz sözü gətirir, sətir sətirlərə calanır. Şeirdəki dərin məna yükü, axıcılıq ilk andan oxucunun diqqətini çəkir. O, şairlə həmsöhbət olmaqdan zövq alır. Elə bir aləmə düşür ki, orada düşüncələrinin, hislərinin ifadəsini görür, özünü tapır, dərk edir. Demək, şair də öz məqsədinə çatır, onu duyan, fikirlərinə şərik olan oxucu ilə ünsiyyətə nail olur. Mövzu-məzmun rəngarəngliyi, dilinin zənginliyi və mükəmməlliyi, təsvir-tərənnüm obeyktindən doğan məcazlar, seirlərinin bədiiliyini tamamlayan digər məziyyətlər Sevil xanımın uğurlu yaradıcılığından xəbər verir.
Söz yaşayan, yaşadandır, Sevil xanımın da söylədiyi kimi:
Yazılan nə varsa,
papirusda,
vərəqdə, bilgisayarda,
kitabda, qayada,
canlı düşünən, düşündürən
bölüşərək təqsim edən fərdləri
əbədiləşdirər kainat kimi.
Həkim-kardioloq Sevil xanım məsləyinə, qələminə bu gün də sadiqdir. “Qələmi əlində, xəstəsi qəlbində”dir. İnanırıq ki, hələ uzun illər onun həkimlik məsləyi ilə ruh məsləyi – şairliyi birləşərək insanlığa, şeiriyyətə, ruhun və bədənin şəfalanmasına xidmət edəcək.



