Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq 9 Amerika şirkətinə sanksiya tətbiq edib.
525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
“Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan etdi. Bu, Çinin daxili işlərinə kobud müdaxilədir və ölkənin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur”, - açıqlamada vurğulanıb.
Sanksiyalar Sierra Nevada Corporation, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal və Exovera şirkətlərinə qarşı tətbiq edilib. Bu şirkətlərə ölkədəki aktivlərinin dondurulması tədbirləri, habelə ÇXR-də təşkilatlar və şəxslər tərəfindən onlarla hər hansı əməliyyatlar, əməkdaşlıq və ya digər fəaliyyətlər qadağan ediləcək.
Bundan əvvəl, sentyabrın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin Çinlə hərbi qarşıdurma olacağı təqdirdə Tayvana kömək edəcəyi barədə məlumat yayılmışdı.
Qeyd olunub ki, SEAL-ın elit dəstəsindən olan Amerika xüsusi təyinatlıları bir ildən artıqdır ki, Tayvan regionunda Çinlə mümkün münaqişəyə hazırlaşır.
Çin və Tayvan arasındakı gərginlik ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda adaya səfərindən sonra kəskinləşib.
Pərvanə Sultanova