Finlandiya prezidenti Aleksandr Stubb BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatların aparılmasına çağırış edib.
525.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Onun təkliflərinə TŞ-nın tərkibinin genişləndirilməsi, istənilən dövlətin veto hüququnun ləğvi, Moskva ilə Kiyev arasındakı münaqişəyə bənzər hərbi əməliyyatlarda iştirak edən ölkələrin xaric edilməsi daxildir.
Stubb BMT-nin qarşıdan gələn Baş Assambleyasında təşkilatda islahatların aparılması çağırışlarını dəstəkləyəcəyini bildirib: “Ukraynada Rusiyanın apardığı kimi münaqişə ilə məşğul olan istənilən üzv Təhlükəsizlik Şurasından xaric edilməlidir”.
Finlandiya prezidenti, həmçinin qeyd edib ki, heç bir dövlət BMT TŞ-da veto hüququna malik olmamalıdır.
Bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahat Afrika ölkələrindən birinə daimi üzvlük yerinin ayrılması ilə başlamalıdır.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa. 10 qeyri-daimi üzv isə iki il müddətinə seçilir.
Pərvanə Sultanova