Parisdə binanın damında baş verən yanğında 2 nəfər xəsarət alıb. Yanğın zamanı azı iki qaz balonu partlayıb, hadisə nəticəsində 2 nəfər, bir tikinti işçisi və bir yanğınsöndürən yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 16.45 radələrində Parisin 13-cü məhəlləsində İvri küçəsi ilə Massena bulvarının kəsişməsində yerləşən 10 mərtəbəli binanın çardağında yanğın baş verib.
Yanğına müdaxilə etmək üçün əraziyə çoxlu sayda yanğınsöndürən göndərilərkən, binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.
“Le Figaro”nun məlumatına görə, yanğın binanın damında tikinti işləri aparılarkən baş verib.
Parisin 13-cü dairəsinin meri Jerome Coumet yanğının yerli vaxtla saat 19:00 radələrində nəzarət altına alındığını açıqlayıb.
Yanğın səbəbindən T3a tramvay xəttinin Porte de Charenton və Porte d'İtalie dayanacaqları arasında nəqliyyat kəsilib, Porte d'İvri metro stansiyası da bağlanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın damından tüstünün qalxdığı və partlayışın baş verdiyi anlar əks olunub.
Malik Atilay