|
|
|
|

1999-cu ilin oktyabr ayından fəaliyyətə başlayan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi təkcə bu şəhərdə deyil, ətraf bölgələrdə də yaşayan söz adamlarının ən çox üz tutduqları ədəbi mərkəz olub. Bölmənin xəttiylə həyata keçirilən yubiley və poeziya gecələri, kitab təqdimatı mərasimləri, oxucularla görüşlər klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği və bölgə yaşayan yazarların tanınması baxımdan mühüm əhəmiyyət kəsb edir.
AYB Mingəçevir bölməsinin özünün 25 yaşını qeyd etməyə hazırlaşdığı bir ərəfədə bölmədə təmsil olunan söz adamlarından bir neçəsinin yaradıcılığından bəzi nümunələri oxuculara təqdim edirik.
İsmayıl MƏRCANLI İMANZADƏ
HALIYAM
Yüyəninə əl atsam da hər anın,
Nə ürəyin səsin duydum, nə qanın.
Necə deyim qana həris dünyanın,
Hər səmtindən, hər izindən halıyam?
Əllərimdən çıxdı əli ömrümün,
Cavanlıqmış “gəlhagəli” ömrümün...
Qürub çağlı səksəkəli ömrümün,
Öynəsindən, pəhrizindən halıyam.
Halallıqdı söz mülkündən dərdiyim,
Qismətimmiş... özgəsinə verdiyim.
Düz otuz il gözlərimlə gördüyüm
Cəhənnəmin hər üzündən halıyam!..
GƏLMİŞƏM
Bir qalam kösövəm-odam,
Bükülmüş qolam-qanadam.
Çoxlarına hələ yadam,
Bir az uzaqdan gəlmişəm.
Tapdansam da torpaq kimi,
Dözdüm hər dərdə dağ kimi...
Yaşıl üzlü yarpaq kimi
Kökdən-budaqdan gəlmişəm.
Kürün avazı-səsiyəm,
Xan Arazın bəstəsiyəm.
“Qarabağ şikəstəsi”yəm,
Dildən-dodaqdan gəlmişəm.
Bələd olsam da “arxına”,
Qarışmamışam axına.
Əslim bəllidir çoxuna,
Halal torpaqdan gəlmişəm.
Alnım açıqdır, üzüm ağ,
Nə astaram, nə də yamaq...
Söz mülkünə min il qabaq,
Ya da bayaqdan gəlmişəm.
Sevincli-qəmli yuvayam,
Nə cəngəm, nə də davayam.
Bir udum suyam, havayam
Saflaşıb Haqdan gəlmişəm.

Nicat HUNALP
MƏN TARİXİN YADDAŞINA KÖÇMÜŞƏM
Zirvəsində bulud yatan dağların,
Sinəsindən doya-doya içmişəm
Kədərindən sevinc doğan çağların,
İlmə-ilmə ürəyinə köçmüşəm.
El-obanın halıyam dərd-sərindən,
Gün oyandı dan söküldü yerindən,
Bu müqəddəs vətən zəmilərindən,
Şair könlüm söz tarlasın biçmişəm.
Yenə gəldik təbiətlə üz-üzə,
Bu dağlarla, dərələrlə göz-gözə,
Mən şairi görmüsüzsə xoş sizə,
Mən tarixin yaddaşına köçmüşəm.

Ağa RAMAZAN
YAVAŞ-YAVAŞ
Dərd qapımı tezdən döydü,
Gedib açdım, məni söydü,
Nə dedimsə, özün öydü,
Artdı qəmim yavaş-yavaş.
Bir zahiri görkəm idim,
Sözü gedən, ötkəm idim,
Möhkəmdən də möhkəm idim,
Çatdı dəmim yavaş-yavaş.
Baxdım ömrə, qınağammış,
Qınaqlara sınağammış,
Sınıqdan da sınıqammış,
Zaddı ömrüm yavaş-yavaş.
Yönsüzlərin çəmi oldum,
Nadanların yemi oldum,
Kimlərəsə əmi oldum,
Atdı əmim yavaş-yavaş.
Kamkal idim, qıcqırtdılar,
Ağlamazdım, hıçqırtdılar.
Zilə atıb, qışqırtdılar,
Yatdı bəmim yavaş-yavaş.

Elşən ƏZİM
DAŞ OLMASAYDI
Bəlkə də, itərdin dumanda, çəndə
Gözüm gözlərinə tuş olmasaydı.
Bəlkə də, açmazdı yanağında gül,
Kirpiyin ucunda yaş olmasaydı.
Necə abad etdim viranda səni,
Ürəyim axtarıb soranda səni.
Bəlkə, unudardım bir anda səni,
Mənə həsrətin də xoş olmasaydı.
Daşdır kitabəsi zamanın, əsrin,
Daşdır dəbilqəsi qalanın, qəsrin.
Hara həkk olardı gül adın, rəsmin -
Elşənin ürəyi daş olmasaydı?

Ağabala SALAHLI
MƏNİM ÜRƏYİM
Ülvi eşqə bir aləmdir demişəm,
Sevgini vəsf etmək olubdu peşəm.
Dilimə gəlməyib yalan söz heç vaxt,
Elə sevəndə də qəlbən sevmişəm,
BƏNÖVŞƏ
Baharda görmüşəm gül yanağını,
Yurdumun həyalı qızı bənövşə.
Adını dilimdə əzizləyəndə,
Mənə bəxş elədin yazı, bənövşə.

Bəsti BƏRDƏLİ
YAZIRAM
Kimsənin önündə nə sın, nə əyil,
Ürəkdən çıxanın qayıdan deyil.
Şeiri əmidən, dayıdan deyil,
Şeiri, Allahdan umub yazıram.
Saxta ürəklərə yaramıram mən,
Saçımı nəğməsiz daramıram mən.
Şeiri dördgözlə aramıram mən,
Şeiri, gözümü yumub yazıram.
Savaş da gəzmirəm, qan da gəzmirəm,
Ruham hər əcaib canda gəzmirəm.
Şeiri şöhrətdə, şanda gəzmirəm,
Şeiri duyğuya cumub yazıram.
Məni el yaşadır, eldədi canım,
Gündədi, aydadı, ildədi canım.
Şeirə bükülmüş piltədi canım,
Şeiri, əriyib, damıb yazıram.

Bəhman GÜLÖVŞƏLİ
SON QİSMƏTİM ANA TORPAQ
Bir ocumda bir ovuc mən-quru torpaq,
O birində yenə də mən-bir ovuc su.
Bunlar gözlə görünənlər, qaldı nə bəs
Bir də Onun istəyiymiş, - pünhan nəfəs.
Bir ovcumda bir ovuc dən, ruzi-çörək,
Daha nə var həyat üçün, deyin görək?
Zəhmət, dözüm, görən gözüm, əqlim, sözüm,
Kürəyimdə qayğı yüküm, - çəkəm gərək.
Əllərimdə bir ovuc bəxt, - alın yazım,
Heç bilmirəm gördüyümü necə yozum.
Son ünvanım, son qismətim ana torpaq,
Bir gün mən də solasıyam yarpaq-yarpaq...

Əhməd ƏFSUN
ÇƏKDİLƏR
Başıma kələk açdılar,
Bilmədim hara çəkdilər.
Müdam yıxıb, sürüdülər,
Ağ yuyub, qara çəkdilər.
Çox çağırdım Allahımı,
Duyan olmadı ahımı.
Perik saldılar ruhumu,
Cismimi gora çəkdilər.
Biri çəkdi pir tərəfə,
Biri çəkdi şər tərəfə.
Hərə çəkdi bir tərəfə,
Hey ora-bura çəkdilər.
Duydular asan deyiləm,
Səbrimi basan deyiləm.
Gördülər susan deyiləm,
Axırda dara çəkdilər.



