|
|
|
|
Çin qəti şəkildə ABŞ-ın Tayvan bölgəsinə silah satışına qarşı çıxır və Birləşmiş Ştatları bölgəni istənilən formada silahlandırmağı, “Tayvanın müstəqilliyi” qüvvələrinə dəstək verməyi dayandırmağa çağırır.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin(XİN) rəsmi nümayəndəsi Mao Ninq deyib.
O bildirib ki, bu yaxınlarda Birləşmiş Ştatlar Çinin Tayvan bölgəsinə yenidən böyük hərbi yardım göstərib ki, bu da “Vahid Çin” prinsipini və Çin-ABŞ birgə üç kommünikesini, xüsusən də 17 avqust 1982-ci il tarixli kommunikeni ciddi şəkildə pozur.
XİN-in rəsmi nümayəndəsi bəyan edib ki, bu cür yardımın göstərilməsi Çinin daxili işlərinə ciddi müdaxilədir, ölkənin suverenliyi və ərazi bütövlüyünə ciddi zərbə vurur.
“Çin Xalq Respublikasının Xarici sanksiyalara qarşı qanuna uyğun olaraq, müvafiq hərbi şirkətlərə və onların rəhbərlərinə qarşı cavab tədbirləri görməyə qərar verib. “Tayvanın müstəqilliyi” atəşlə su kimi, Tayvan boğazında sülhlə bir araya sığmır. Tayvan administrasiyası nə qədər silah alsa da, Çinin qaçılmaz birləşməsinə doğru tarixi tendensiyanı dayandıra bilməyəcək. ABŞ-ın “silah satışı vasitəsilə Tayvanın müstəqilliyini təşviq etmək” kimi inadkar qərarı Tayvanı yalnız hərbi münaqişə təhlükəsinə sürükləyəcək. Silah satışı Çinin “Tayvanın müstəqilliyinə” qarşı çıxmaq, onun suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini sarsıda bilməz”, - diplomat söyləyib.
Əlavə edib ki, Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və Çin-Amerika münasibətlərində keçilməsi mümkün olmayan ilk qırmızı xətt rolunu oynayır: “Çin Birləşmiş Ştatları “Vahid Çin” prinsipinə və Çin-ABŞ birgə üç kommünikesinə qətiyyətlə riayət etməyə, Tayvan bölgəsini hər hansı formada silahlandırmağı dayandırmağa və “Tayvanın müstəqilliyi” qüvvələrinə laqeyd yanaşmağı və onları dəstəkləməyi dayandırmağa çağırır. Biz milli suverenliyimizi, təhlükəsizliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün qətiyyətli tədbirlər görməyə davam edəcəyik".
Pərvanə Sultanova