Bunu, əlbəttə, hamı bilir ki, kamançanın haçan yarandığını bilən yoxdur və söz yox ki, bu tarix zamanın uzaqlarından başlanır. Kamança yaranandan indiyəcən dünyaya nə qədər kamançaçının gəlib-getdiyini də heç təxmini olsa belə, bilmək mümkün deyil. Amma hər halda həqiqətə yaxın cavab budur ki, onlar lap çox olublar.
Yaşı yüzillərə, bəlkə də minillərə sığan, peşəkar ifaçılarının sayı da yüzləri deyil, minləri aşan kamançanın ömür tarixçəsində ən yuxarı sırada yaxşıların ən yaxşısı kimi Habil Əliyevin adı varsa, elə bircə bu həqiqət anladır ki, Habil adi adam olmayıb. Kamançaçılığının üstünə Habilin bəstəçiliyini, bunun da üstünə filosofca müdrikliyini artırsaq və buna da əlavə olaraq elə diri Molla Nəsrəddin kimi duzlu itisözlülüyünü göz önünə gətirsək, Habil müstəsnalığını hər kəs təsdiqləyər, necə ki, bunu hətta onunla arası olmayanlar belə etiraf etməyə bilmirdi.
Kamançanın Habilə qədərki tarixi ilə Habildən sonrakı tarixi bu musiqi alətinin və xalq musiqimizin keçmişindəki ayrı-ayrı mərhələlərdir. Bu fərqi yaradan (və deməli, həmin tarixi həm sadəcə salnamə olaraq deyil, dünənin şərəfli bir parçası kimi seçdirməyi bacarmış olan) Habil Əliyevdir və bu da qədimlərdən təsdiqlənmiş bir gerçəkdir ki, tarixə silinməz imza ata bilmək nadirlərə nəsib olan keyfiyyətdir. Ancaq hansısa hünəriylə tarixə imza atmaq, nadir olmaq hələ həm də hamının sevimlisi olmaq deyil. Tarix hüdudsuz yaddaşında çox-çox müstəsna insanları da nadir simalar olaraq saxlayıb ki, onlar heç fəxr edilən, sevilən olmayıblar, yaxud mübahisələr, onların yaratdıqlarına mız qoyanlar, dodaq büzənlər də tapılıb.
Habil Əliyev nadirlər içərisində də daha nadir olan tarix adamıdır ki, ona bir misilsiz sənətkar kimi Azərbaycan boyu ən müxtəlif yaş nəsillərini təmsil edənlərin, demək olar ki, ucdantutma hamısı məhəbbət bəsləyib, üstəlik, həm Yaxın və Orta Şərqin, həm də zahirən bizim musiqidən sanki ruhca ayrı olan Qərbin neçə-neçə ölkəsində də Habil Əliyevi eşidincə məftun kəsiliblər.
Habil Əliyevin sənəti elə bir səviyyəyə yetişmişdi ki, sırf azərbaycanca "danışdığı" halda, bu musiqi dili dünyanınkılaşmışdı və bu sənət peşəkarlığının elə uca səviyyəsi idi ki, aldığı musiqi tərbiyəsindən, zövqündən, özünün hansı musiqi dilinin daşıyıcısı olmasına baxmayaraq, hər insana doğma gələ, hər qəlbə girə bilirdi. Amma Habil Əliyevin sənəti eyni anda elə bir ali səviyyədə idi ki, onu sona qədər dərk etməyə, bu yaradıcılığın ən dərin qatlarına nüfuz etməyə hər kəsin gücü də çatmazdı. Ancaq üzdəki gözəllik də elə tilsimli idi ki, bu cazibədən qurtulmaq müşkül idi.
Habilə orta çağ ərəb müdriklərinin "səhl-i mümtənə" - əlçatan sadəliklə əl çatmayan mürəkkəbliyin, gözəgörünən, aşkarca duyulanla zahirdən asanca qavranıla bilməyənin, üzdəki aydınlıqla təkdəki tükənməzliyin heyrətli vəhdətini yaratmaq qüdrəti xas idi.
Belə fövqəladəliksə möcüzə insanlara xasdır. Nadir olan, nadirlərin nadiri olan Habil Əliyev həm də musiqi gerçəkliyimizin Möcüzə Sənətçisi idi.
"İdi" niyə? Yaratdığı səslər dünyası ki qalır. Bu möcüzəliliyə şahid olmaqçün Habil yadigarı doyulmaz inciləri bircə-bircə dinləmək bəs edər.
Deyirlər, yazırlar ki, 124 min peyğəmbər varmış. Əvvəlincisi də məlumdur, sonuncusu da. Lakin o cərgəyə rəsmən aid edilməyən, əməllərində peyğəmbərlik izi aşkar duyulan dühalar da keçib bu dünyadan.
Peyğəmbər kimdir? Elçi! Həm də sıradan olan elçi deyil, səma elçisi. Allahdan xəbər gətirən.
Habilin çalğısı, Habilin barmaqları, duyğuları, düşüncələri və şəxsiyyətində qovuşaraq zühur edən Gözəlliyi yaratmaq insan işi deyil.
Bu, sadəcə ilham da deyil. Sayız-hesabsız ilhamlı insanlarımız var və Habilə sadəcə ilhamlı sənətkar demək olmur. İlhamın gücü ilə insanları valeh etməyə qadir əsər yarada bilirsən, möcüzəyə çevrilə bilən inciləri doğurmaqçünsə gərək seçilmiş şəxsiyyətə göylərdən vəhy nazil ola. Habilin doğurduğu möcüzənin ardında dayanansa elə vəhydir.
İlham da, vəhy də - hər ikisi İlahidən gəlir. Ancaq ilhamı Pərvərdigarın şairlərin ürəyinə damızdırması ilə mələklər vasitəsilə nazil etdiyi vəhyin ciddi fərqi var. İlham yaradıcı insanın könlünə meh kimi əsir, içərisinə onda hansısa narahatlıqlar doğurmadan, əksinə, ruhunu dincəldərək qonur. Vəhysə belə deyil. Vəhyi nəql edən mələklər əslində o vəhyin nazil olduğu seçkinə son dərəcə ağır, sıradan olan insanların çəkə bilməyəcəyi yük gətirir. Əsatir şahidlik edir ki, bu yükün tabgətirilməz ağırlığından Məhəmməd Peyğəmbər o ərəfədə hədsiz gərginləşər, hətta hər vəhy nazil olanda bayılarmış.
(Hər tapdığı səs bənzərsizliyini insanı vəcdə gətirəcək həddə yetirməkçün Habilin necə işlədiyinə deyil, nə təhər əziyyətə qatlaşdığına, qan-tər tökdüyünə, bir zahı kimi doğacaq qədər ağrılar çəkərək vücuda gətirdiyinə unudulmaz Şövkət xanım Ələkbərovanın gözü ilə görüb, qulaqları ilə eşitdiyi sübutdur. Xarici səfərlərdən birində növbəti konsertdən saatlarca əvvəl Habil bir kənara çəkilərək məşqini edirmiş. Ancaq onun məşqi axşam ifa edəcəyi musiqi parçalarından birinin hansısa kiçicik hissəsini dönə-dönə çalmaqdan ibarətmiş və eyni barmaqların on deyil, yüz dəfələrlə vurulması, eyni səsin beyni dağıdacaq qədər hədsiz təkrar edilməsi Azərbaycan musiqiçiləri üçün ayrılmış avtobusun hər cür səs-küyə öyrəncəli sürücüsünü dilə gətirir ki, məgər bu adam hələ yaxşı çala bilmir ki, eyni şeyi min dəfə təkrarlayır? Şövkət xanım qayıdır ki, yox, o, böyük sənətkardır. Belə etməsinin səbəbi odur ki, çalğısı daha da gözəl alınsın. O, axtarır. Həmin şəxs təəccüblə dübarə soruşur: "Bu necə yaxşı sənətkardır ki, bayaqdan əlləşir, axtardığını tapa bilmir?" Şövkət xanım da cavab verir ki, onun böyüklüyü elə hər axtardığını tapmaqçün bu qədər zəhmətə qatlaşmasındadır. Əvəzində onun tapdığı elə gözəllik olur ki, həmin incəliyi başqa birisi heç ömrü boyu axtarsa da tapmaz).
Kamançaçılıqda Habil Əliyevin gəlib yetişdiyi ustalıq həddi, bu ucalıqda, bu misilsizlikdə ülviyyət Allahın lütf edib məxluquna yolladığı sovqat, məktub, ismarış idi. Bunları da Habilə o təmənna ilə bəxş edirdi ki, başqaları ilə də bölüşsün, imkan yaratsın ki, bu əsrarəngizliklər digərlərinə də əyan olsun, körpülük etsin ki, bu səda düşüncəsi və ürəyi bunları qəbul etməyə mail ayrılarına da yetişsin.
Habil Əliyev həmin gedişatda sadəcə bir naqil, vasitə, ötürücü idi, elçi idi, xəbəryetirən idi, Yuxarıdan gələn Sədanı - Onun Səsini bizlərə çatdırandı.
Əsl iş Xaliqinki idi, Habilin xoşbəxtliyi bundaydı ki, Allah həmin işi görməkçün Habili seçmişdi, bu lətafəti insanlara çatdırmağı ona həvalə etmişdi.
Sevirdi ki, onu seçmişdi!
Biz nəkarayıq ki, Allahın seçdiyi və sevdiyini, Pərvərdigarın təqdir etdiyi gözəlliyi içərisində daşıyan və insanlara ötürəni sevməyək, onun heyranı olmayaq?!
Habilimizi çoxdan sevmişdik, onunla olduğumuz günlərdəki sayaq elə onsuzluq dəmlərində də sevirik, yaratdığı səmavi siqlətli sənətdəki Ruha və İşığa tapınırıq, sığınırıq.
Habil sənətinin cövhərində dayanan bu RUHdur.
Ruh isə nə öləndir, nə itəndir, nə qocalandır.
Bu, elə Habil Əliyevin özünün də gələcək zamanlar içərisindəki taleyi, aqibətidir!..
Bu zərif ruhun sahibinə vaxtilə haqqında səslənən, özünün də dinlədiyi verilişdə misralar həsr etmişdim:
Habil çalır, dünyamız
Göz önündə dəyişir.
Muğamat Habilləşir,
Kamança Habilləşir.
Habil özü bir ürək,
Dünya onun içində.
Dünya nə gözəl imiş,
Bu boyda, bu biçimdə.
Qarışır sədalara
Dərd-qəm balacalaşır,
Qovuşur çalğısına
Habil muğamatlaşır.
Qarışıb çalğısına
Habil kamançalaşır.
Çalğısından kövrəklik yağan Habil ustadın neştər kimi dəlib keçən sarkazmı, barışmazca baxaraq hər xırda qüsuru da görən kəskin tənqidi mövqeyi, hər tərpənişdə, hər deyişdə şux, gülüş gətirən və adamı sərrastlığı ilə mat qoyan öz güzəştsiz mövqeyi vardı.
Bir gözəlliyi də o idi ki, özgələrə necə yanaşırdısa, elə hərdən özünü də sanki kənardan seyr edərək başqalarının ürəyindən keçirərək edə bilmədiyini də edirdi -
qıraq adam kimi Habilə də gülməyi bacarırdı.
Habil müəllim haqda 2012-ci ildə bir kitab nəşrə hazırlanırdı. Orada Habili yaxşı tanıyanların 1-2 səhifəlik ürək sözlərini də verməyi nəzərdə tutmuşdular. Habil müəllim özü məndən xahiş etdi ki, o cərgədə sənin də yazını görmək istərdim. Vaxt da az idi, artıq tərtibat tamamlanır, kitab mətbəəyə göndərilirdi. Odur ki, yubatmadan elə Habil müəllim xahişini edən günün sabahı sözlərimi yazdım, zəng vurub soruşdum, "Hara göndərim?", cavabı belə oldu ki, gətir özümə oxu. Evlərimiz də yaxın idi, getdim, hal-əhvaldan sonra vərəq yarımlıq yazımı oxumağa başladım. Ruhunu tərpədən musiqidən, sözdən, münasibətdən anındaca duyğulanan Habil müəllim mən yazdığımı oxuduqca qəhərlənirdi də, doluxsunurdu da, birdən dodağı qaçdı, mətbəxdə çay tədarük edən xanımını uca səslə çağırdı: "Ay Şərqiyyə, tez elə, bura gəl, gör ərin kimdir?"
Həyat yoldaşının xasiyyətini hamıdan yaxşı bilən, irəlicədən əmin olsa da ki, bu çağırmasında da təcili olan nəsə yoxdur, həm də heç qeyri-adi bir söz də deməyəcək, yenə məhz ərinin təbiətinə beş barmağı kimi bələd olduğundan, onun səbirsizliyindən əla xəbərdar olduğundan Şərqiyyə xanım oradakı işini yarımçıq qoyub cəld yanımıza gəldi. Həm də üzündə artıq təbəssüm vardı, irəlicədən hiss edirdi ki, Habilin yenə atmacası var. Allah göstərməsin, azacıq ləngisəydi, Habilin sifəti dərhal dönəcəkdi, hökmən acı dili işə düşəcəkdi, mütləq kəskin bir söz deyəcəkdi. Şərqiyyə xanım belə məqamlarda heç kəsin bacarmayacağı məharətlə Habilin havasını almağın, onu səngitməyin ustasıydı. Ona görə hərdən üçümüz birlikdə olanda Habil müəllimə zarafatla söyləyirdim ki, qəhrəman qadına verilən ali orden təsis edilsəydi, onun ən birincisini onillər boyu Habilə dözə bildiyinə görə Şərqiyyə xanıma vermək lazım gələrdi. Gülüşərdik.
Uzun sözün qısası, Şərqiyyə xanım gəldi, bayaqdan gözü dolmuş Habil müəllim 180 dərəcə dəyişərək şaqqanaq çəkdi: "Bəxtəvər başına, ərin peyğəmbər olub!"
Bu, yazının o yeri idi ki, elə bir az əvvəl burada da qeyd etdiyim kimi, Habil sənətində vəhy izi arayırdım.
Habil Əliyevin özünə də sarkazmla gülə bilməsinin bir başqa əhvalatı isə 1995-ci ildə baş vermişdi. Bir axşam unudulmaz müğənnimiz Əlibaba Məmmədov mənə zəng vurdu ki, xoşagəlməz bir hadisə baş verib, bir kitab çıxır, o yayılsa, milli musiqimizə ağır həqarət olacaq, söyülməyən, təhqir edilməyən bircə də olsa tanınmış sənətkarımız qalmayıb, köməyinə ehtiyacımız var.
Ertəsi gün Habil Əliyev, Canəli Əkbərov, Rəhilə Həsənova, Niyaməddin Musayev, Novruz Feyzullayev, Ramiz Quliyev və digərləri Nizami muzeyindəki otağımda toplaşdılar. Artıq siqnal nüsxələri buraxılmış kitabdan birini də tapıb gətirmişdilər. Vərəqlədim, doğrudan da, dəhşət idi. Bu müəllif - uzun illər heç bir musiqi savadı olmadığı halda "Şuşinski" təxəllüsü ilə özünü musiqişünas kimi qələmə vermiş, işi-peşəsi Azərbaycan muğam ifaçılığının ermənilərin üzərində qurulduğunu şüurlara yeritməkdən ibarət olmuş, bütün yazdıqları ortadaykən həqiqi simasından hətta bu gün də çoxlarının dürüstlüyü ilə anlamadığı Firidun Həsənov "Musiqişünasın düşüncələri" adlı irihəcmli kitabını "Gənclik" nəşriyyatı xətti ilə nəşr etdirməyi bacarmışdı. Sovet dövründə kitab nəşri belə qurulmuşdu ki, əvvəlcə bütün tiraj çap olunurdu, növbəti mərhələdə 100 nüsxə kitab hazırlanaraq son təsdiq üçün müxtəlif əlaqədar qurumlara və respublika rəhbərliyinə göndərilirdi, "hə" veriləndən sonra (adətən də bu mərhələyə gəlib çatandan sonra nadir istisnalar nəzərə alınmazsa, heç bir maneə yaranmırdı) tiraj tam şəkildə cildlənərək yayılırdı.
O qəziyyənin təfərrüatları ayrı uzun yazının mövzusudur, hələliksə sözümüz Habil haqqında olduğundan bu böyük sənətkarla bağlı həmin qalmaqallı kitabda yazılanların yalnız balaca bir hissəsini olduğu kimi iqtibas edirəm ki, ustad kamançaçımızın özünün də yeri düşəndə rişxəndlə qıraqdan necə baxa bilməsinə şahid olasınız.
Kitab boyu erməni kamançaçıları tərifləyib göylərə qaldıran Firidun Həsənov (özü də "Şuşinski") görkəmli sənətkarımız Habil Əliyevə bu cürə yekəxanalıq və ədəbsizliklə müraciət edirdi (O adam həyatda ikən Azərbaycan radiosunda "Axşam görüşləri" verilişinin 1 ay ərzində 4 buraxılışını həmin kitabın ifşasına həsr etdiyimizdən, yəqin ki, heç kəs bu yazılanları ölünün ardınca danışmaq kimi yozmaz. Milyonların eşidəcəyi səviyyədə ən sərt sözlərimizi vaxtında üzünə çırpmışıq və dalınca danışmağa gəlincə isə, ölü də var, ölü də. Millətə qarşı rəzalətlər etmiş elələri olur ki, o təhərlərə nə qədər zaman ötür-ötsün, əfv düşmür!).
Çox keçmədən nüsxələri məhkəmənin qərarı ilə doğranan kitabının 299-cu səhifəsində Habilə belə alçaldıcı əda ilə üz tuturdu: "Siz öz çalğınızda improvizə elementləri əvəzinə kamançadan cürbəcür səslər çıxarırsınız. Bəzən kamançanı pişik kimi miyoldadır, bəzən də inək kimi mələdirsiniz və bunu da "yenilik" kimi qələmə verirsiniz.
Mənim Habilə qulaq asmağa ehtiyacım yoxdur. Mən Habili dinləmək istərkən pişiyi 2-3 gün ac qoyub sonra buraxıram boş otağa. Başlayır miyoldamağa. Elə bil Habil çalır.
Habil müəllim! Sizin çalğınızdan milli musiqi iyi, təravəti gəlmir. Daha doğrusu, sizin çalğınızda Azərbaycan ruhu yoxdur".
Bir şənbə günü idi, bu üzüqara kitabdan gileyli adlı-sanlı musiqiçilərimiz mənim iş otağımda yığışmışdılar, müzakirələr aparırdıq ki, hansı tədbirlər görülsün, hansı addımlar atılsın. Yay günü idi, qapı-pəncərələr açıqdı. O zamanlar Nizami muzeyində əməkdaşların "Maşa" dediyi bir pişik vardı ki, hamının sevimlisi idi, əksər işçilərin evində onun balalarından vardı. Özünə olan daimi nəvazişdən Maşada bir arxayın ərköyünlük yaranmışdı, muzeyi öz evi sayar, qapısı açıq olan istənilən qapıdan arxayınca içəri keçərdi. Biz söhbətimizi etdiyimiz əsnada Maşa asta-asta dəhlizdən ötüb girdi adətən katibənin əyləşdiyi boş otağa, ordan da nazlana-nazlana gəlib durdu mənim kabinetimin açıq qapısının ağzında və ahəstə-ahəstə irəlilədi. Biz də öz söhbətimizdəydik. Pişik İslam Rzayevin yanından keçdi, Kamil Əhmədovun böyründən ötdü, Canəliyə, Niyaməddinə də bənd olmadı, yaxınlaşdı Habilə, başladı xumarlana-xumarlana onun ayağına sürtünməyə. Habil pıqqıldadı: "Firidun düz yazıbmış, pişik qohumsılanır".
Hamı qəhqəhə çəkdi. İkicə kəlməsiylə bayaqdan davam edən əsəbi söhbətlərdən yorulmuş həmkarlarının da ovqatını düzəltdi, yolüstü özünə də güldü...
...Habil müəllim xeyli müddət ruhca ona çox məhrəm olan Bəxtiyar Vahabzadə ilə dostluq etmişdi. Yazdıqlarıyla yüz minlərlə oxucusunun könlünə hakim kəsilmiş, sənətin pərdəarxası təsiretmə gizlinclərinə hərtərəfli vaqif olan şair Habili dinləyəndə onun özünün yazdıqlarını oxuyarkən heyrətlənən, həyəcana gələnlərin halına düşürdü, hər dəfə Habilin onun gözü qarşısında yaratdığı möcüzədən riqqətlənirdi, növbəti kərə cavabını özünün hər kəsdən min pay yaxşı bildiyi sualı hamıya verir, hamını Habil sənətinin sehri önündə düşünməyə səsləyirdi:
Bu taxta parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Taxta hər atəşə alışan olur,
Bəs niyə alışmır belə bir oda?
...Habil 85-inə çatanda da yaşından xeyli cavan və şux (həm də şax) görünürdü.
O, sadə, rəvan, təminatlı bir ömür sürməmişdi. Həyatın sərt dönüşləri, çətin sınaqları, sarsıntıları, nisgilləri ilə az üzləşməmişdi. Bunlar isə tədricən üst-üstə qalaqlanan dərd yükü deməkdir.
(Sadə adamların əksəri heç o sözün əsl mənasını bilmirdi. Amma sovetin 1920-30-40-cı illərində təxminən hamı həmin kəlmədən iblisdən, şeytandan, əcinnədən, Əzrayıldan qorxan kimi üşənirdi, vahimələnirdi. Səslənişi o qədər də əcaib deyildi. Əksinə, doğma bir söz kimi gəlirdi adama. Lakin 1930-1940-cı illərdə, hətta bundan 10-15 il sonra da o sözün girdiyi evə bədbəxtlik qədəm basardı. "QULAQ"! Bu, Stalin dönəmində SSRİ-nin ən sərt iqlimli yerlərinə səpilmiş cəzaçəkmə məskənlərinə nəzarəti həyata keçirən NKVD - Xalq Daxili İşlər Komissarlığı nəzdindəki Baş Həbs Düşərgələri İdarəsinin (Qlavnoe Upravlenie Laqerey) adı idi. O çağlar çox azərbaycanlının nəzərində QULAQ elə nağıllardakı gedər-gəlməz kimi bir şey idi.
Bir səhər Habil ustad məni növbəti dəfə evlərinə xaş qonaqlığına dəvət etmişdi. Yaxşıca yeyib-içmişdik, çay gələsiydi. Qəfildən məndən soruşdu: "Camışa münasibətin necədir?" Habil müəllimin şuxluqla daşan bir adam olduğunu bildiyimdən ixtiyarsız gülümsündüm və düşündüm ki, yəqin, nəsə təzə zarafatı var, bu sualı ilə zarafatına müqəddimə hazırlayır. Amma nəsə sifəti ciddi idi. Ürəyimdən o da keçdi ki, yəqin, bu zarafatının duzu lap çox olacaq. Özünü tox tutur ki, dramatizm yaratsın, lap gözüm yaşarana qədər gülüm. Mən də tam ciddiyyətlə dilləndim: "Habil müəllim, camışa münasibətim əladır! Camış qatığını da lap çox sevirəm. Babam deyərdi ki, ağartısı camışınkından təhlükəsiz, camışınkından faydalı və camışın özündən də əziyyətsiz heyvan yoxdur; danışardı ki, bir də görərdik hansısa camışımız otlamağa getdiyi qamışlıqdan günlərlə qayıtmadı. Nigaran qalardıq ki, heyvana nəsə oldu; günlərin birində onu görərdik yanında balası ilə doqqazda göründü".
Camışı çox tərifləməyim, deyəsən, heç xoşuna gəlmədi, sərt tərzdə sözümü kəsdi: "Mənimsə camışdan zəhləm gedir!"
Öz aləmimdə düşündüm ki, hə, zarafatın məqamı yetişdi. Qəsdən belə edir ki, bunun ardınca gətirəcəyi məzəli sözün effekti lap şiddətli olsun. Bu gümanla istər-istəməz güldüm.
Habil müəllim dalğınlaşdı, səsindən qəhər keçdi: "Camışa görə mənim atamı tutublar, qulaq ediblər, gedib ordan xəstəlik tapıb gəldi, uşaqkən yetim qaldım, əziyyətlərlə böyüdüm. Bir tərəfə baxanda yazıq camışın nə təqsiri! Bir camışımız vardı, onun hesabına dolanırdıq. Anam evdəki xalça-palazdan satıb bir az pul artırmışdı. Atama verdi ki, bir camış da al, güzəranımızı babatlaşdıraq. Ancaq ikinci camışı alandan çox keçməmiş atamı qulaq elədilər ki, istismarçısan, varlısan, malın-dövlətin səni qudurdub. Belə şər-böhtanlar deyib kişini apardılar".
Bu, böyük sənətkarımız Habil Əliyevin uzun ömrü boyunca tuş düşdüyü ağır həyat keşməkeşlərindən, dadmış olduğu ömür acılarından yalnız biri idi. Nahamvar, bir qarın ac-bir qarın tox uşaqlığından, yeniyetməliyindən üzü bu yana boz dövrlərin, kəc taleyin o qədər zərbələrini yemişdi ki, yəqin, həssas içərisi həmin yaşanmışların çapıqlarıyla ləbələbdi.
Ən qəmli olmuşa da bir şuxluq donu geyindirə bilən çevik ağlı həmişə dadına yetirdi. Yetmişində-səksənində də qədd-qamətli, sinnindən gənc görünməsindən söz düşəndə elə cavab verirdi ki, bu sözlərin arasından həm onun məşəqqətli dava illərinə təsadüf edən çətin yeniyetməlik çağlarının sıxıntıları sezilirdi, həm də bu deyişdə elə Bəhlul Danəndəvari zəriflik sayrışırdı ki, dodağın ixtiyarsız qaçırdı.
Deyirdi ki, cavan qalmağıma səbəb müharibədir - qıtlıq vaxtları idi, ailəmiz kasıb dolanırdı, çox vaxt çörək əvəzinə quşəppəyi, tərə yeyib özümüzü doyuzdururduq, xülasə, mədəm, bağırsaqlarım o vaxtlar az işlənib, ona görə təzə qalıb.
Ancaq nə qədər zarafat edirsən-et, beyindəki qırışlar kimi həyatından qarış-qarış keçmiş müşküllər də ömür ağacının gövdəsində dərin izlərini buraxır. Məgər çalğısındakı o boyda ürək, o qədər aşıb-daşan hissiyyat təsadüfi yaranmışdı?! Ömrün dolu, taleyin cadar-cadar olmasa, bunca duyğulu da olmursan. Qədim yunan müdriki, təəssüf ki, haqlıdır - çox bilgidə çox dərd var!
Dərd yüklü insanınsa uzun yaşaması və özünü tox tutması, daha artıq - çöhrəsindən gülüşün əskik olmaması həmişə həm təəccübləndirən, həm çaşdıran, həm sualdoğurandır.
Habilin cavan qalmasının mən tapan sirri bu idi ki, ömründən çox dərdlər yara-yara keçsə də, içində adamın qocalmasına əsas səbəbkar olan qüssə-ələm yox idi. Mənim nəzərimcə, o, bəlkə də Azərbaycanın ən kədərsiz adamı idi. Yox, bunun səbəbi o deyildi ki, guya Habil laqeyd adam olub. Tam tərsinə - Habilin arsızlardan, gönüqalınlardan zəhləsi gedirdi, ömrü boyu heç vədə yan-yörəsində baş verənlərə biganə qalmamışdı. Habil hissləri yetərincə yalın olan, tez təsirlənən, əlüstü kövrələn insandı. Amma bütün bunlardan xəbərdar ola-ola qətiyyətlə təsdiq edirəm ki, onun ürəyində zərrəcə ağrı izi, qüssə əlaməti də yox idi. Etiraz edərlər ki, axı belə olmur! Həssas adam necə dərdsiz-qəmsiz ola bilər?!
Bu da yenə Habil kimi təklərin qismətidir.
Habil həyatı uzunu kamança çalıb və nə qədər dərd-qəmi var, töküb kamançasına. Ürəyinin nə qədər göynəyi, yanğısı var, çalğısıyla boşaldıb. Kəmanə onunçün kəmanə deyil, bir maqqaş olub. Habil kəmanəni simlərə hər toxundurduqca yalnız ordan səslər qoparmayıb, hər dəfə ən əvvəl öz ürəyindən bircə-bircə dərd tikanlarını çıxarıb.
Ömrü boyu ürəyindən tikan çıxaranın içərisində qəm qalarmı?..
El nəğməsi qərib-qərib süzən durnalara sarı boylanırdı:
Üçtelli, dördtelli, beştelli durna!
Sanki bu sözləri aşiq haçansa göylərdə uçan durnaya yox, elə oxşaya-oxşaya kamançaya söyləyib.
Axı tarixən elə kamança da həm üçtelli, həm dördtelli, həm beştelli olub.
Sanki Habilin kamançası da uça-uça ellər görüb gəlmiş durnadır ki, başından keçənlərdən hekayətlər nəql edir.
60 ildən uzun bir zaman boyunca Habil valehedici məharətlə, Mövlana deyən kimi, quruca simlərdən, quruca ağacdan, quruca pərdələrdən qopardığı yar səsləriylə könlümüzə yar oldu, könül yaralarımıza məlhəm çəkdi.
Bu səslər canına bahar ovqatı sirayət etmiş elə solmaz və yavaşımaz güc və eşq daşıyıcısıdır ki, nə qədər varıq, bizimlə qalacaq, bizdən sonrasa gələcəkdəkilərinki olacaq.
Bu sətirləri mən ailəsinin təvəqqesi ilə Habilin məzar daşında həkk olunmasından ötrü yazmışdım:
Qorudun yadlardan sən kamançanı,
"Habil Kaman" adlı səltənət qurdun.
Ötülməz zirvəydin, sən bir ürəkdin,
Nə çaldınsa, ona möhrünü vurdun.
Şah İsmayıl Xətai, digər hökmdarlar kimi, fərmanlarını göndərdiyi məktubların altında möhürünü basırdı. Ancaq onun möhürünü başqa möhürlərdən seçdirən bir özəllik vardı. Hətta farsca yazdığı məktubların da altında o möhür vardısa, demək, həmin mətnin aşğısında deyil, lap yuxarı başında dilimiz vardı. Çünki möhürdə öz dilimizdəcə bir kəlmə vardı: "Sözümüz". Yəni bu kəlmə əslində sərlövhə idi. Elan edirdi ki, göndərilən bu məktubmu, fərmanmı, hökmmü bizim SÖZÜMÜZdür, bizim İRADƏMİZdir, bizim MÖVQEYİMİZdir, BİZ ÖZÜMÜZÜK!
Habil də hər çalğısıyla böyük tarixə - həm şəxsən özünün, həm də Azərbaycanın - adını, istedadını, parlaqlığını növbəti dəfə möhürləyirdi.
Hər çaldığı həm onun özünün SÖZü idi, həm də millətin SÖZü və SƏSinin ifadəsi!
...Səksən yaşının tamamında keçirilən yubiley məclisində səhnədə onu təbrik edənlərdən biri çıxışını "Arzulayıram ki, doxsan illiyinizə də sağlam, əli kamançalı çatasınız" sözləri ilə tamamlayaraq getmək istəyəndə Habil yerindən uca səslə dilləndi: "Bir dəqiqə dayan görüm".
O çıxış edən də çaşan kimi oldu, tamaşaçılar da təəccübləndilər. Onu da, camaatı da maraq bürüdü ki, görən, Habil birdən-birə niyə çıxış edib səhnədən ayrılanın ayaq saxlamasını istəyir.
Habil davam etdi: "Mənim onumu niyə kəsirsən? Arzulamaqdırsa, niyə doxsan deyirsən, elə birdəfəlik yüz söylə ki, mənə də xoş getsin".
Ustada yüzə çatmaq qismət olmadı. Doxsanın lap astanasında onu əbədilik itirdik.
...2015-ci il sentyabr ayının 7-də axşam saat 8-də böyük sənətkarımız Habil Əliyevgilə getmişdim. Hələ heç kim bilmirdi yandırıcı ayrılıq lap yaxındadır. Mən ki heç inanmırdım.
Geniş, rahat mənzilindəki o böyük otaqda ki adətən orada Habil müəllimlə xörək yeyərdik, dərdləşərdik, sənət söhbətləri edərdik, zarafatlaşardıq, indi çarpayı qoyulmuşdu və Habil müəllim yataqda idi.
Yanında ixtisasca həkim olan qızı, gecə-gündüz xidmətində dayanan şəfqət bacıları, tibb mütəxəssisləri.
Bir neçə gün idi ki, komadaydı və həkimlər də vəziyyətini sabit ağır kimi dəyərləndirirdilər. Olsun ki, tibbi baxımdan, həqiqətən də, belə idi. Ailəsi də "ümidimiz Allahadır" deyirdi. Təbii, bu, düz sözdür, son ümidimiz onsuz da həmişə Ulu Yaradana, ən munis arzularımız müdam Allaha bağlıdır. Amma o gün çarpayıda uzanmış, tibbi qurğulara qoşulu bu insan sadə xəstə deyildi axı!
Bu, Xaliqin sevimli bəndəsi, seçib-əzizlədiyi, öz işığından bir topa nur bağışladığı, içərisini istedadla, ilhamla doldurduğu qeyri-adi yavrusu idi.
Ömrü boyu Allahla birbaşa bağlantısı olmasaydı, Habil o möcüzələri yarada bilərdimi?!
Baxırdım, hərəkətsiz uzanmışdı və onun indiki halını da hansısa sıradan olan bir Allah bəndəsinin düşə biləcəyi eyni vəziyyətdən fərqli hesab edirdim. Huşsuz olması nəzərə alınmasa, elə bil əvvəlki Habil idi, sadəcə uyuyurdu. Möcüzə gözləyirdim. İşi-peşəsi ömrü boyu möcüzələr göstərməkdən ibarət olmuş Habil Əliyevdən bu anında da Habilə yaraşan bir möcüzə gözləməkdən haqlı hansı istək olardı ki!
Habil Əliyev 88-i başa vurub 89-a adlamışdı. Amma bu halında da öz yaşından xeyli cavan görünür, rəngi-rufu, ümumi görünüşü də məni xeyli ümidləndirirdi.
Əllərindən yapışdım, sığalladım, bu əllər heç üzgün, xəstə adamın əlləri deyildi, o əllərdə taqətsizlik yox, güc hiss olunurdu.
Söhbət etməyə, həmişəki kimi zarafatlaşmağa başladım onunla. Əmin idim ki, eşidir məni. Çünki bilirdim ki, gəlişimi gözləyir. Xəstələnməsindən azacıq əvvəl növbəti dəfə küsüşmüşdük (Şərqiyyə xanımla ömrü boyu gündə o cür, Allah bilir, neçə yol küsüb-barışmışdı).
Vəfalı, sədaqətli, nəvazişkar, səbirli həyat yoldaşı Şərqiyyə xanım da bu gümanımı heç mən dilə gətirməmiş təsdiqlədi: "Komaya düşməzdən bir müddət əvvəl televiziyada sənin apardığın 85 illiyinə həsr edilmiş yaradıcılıq gecəsini verirdilər. Habil dedi ki, telefonu götür, Rafaelə zəng vur, danışacam onunla. Səni tapa bilmədik, xaricdə idin".
...Danışırdım Habil müəllimlə, - xəstəliyə mütləq qalib gəlməlisiz, 90 illiyinizi də birgə qeyd eləməliyik, - deyirdim.
Əli əlimdə, barmaqlarım nəbzində idi. Gözüm də nəbzinin çırpıntısını, ürəyinin döyüntüsünü göstərən monitorda.
Yüz faiz əmin oldum ki, indi zahirən bayılmış biz vəziyyətdə olsa da, məni duyur, eşidir. Sadəcə cavab verməyə heyi yoxdur - həyəcanlanmasını yeyinləşən nəfəsində də, sürətlənən nəbzində də aşkarca hiss edir, ekranda dəyişən rəqəmlərdə də görürdüm.
Bu nigaran günlərdə gecə-gündüz sərhədçilər kimi onun yastığının yanında olan, pərvanə kimi başına hərlənən övladlarına da, həkimlərə də söylədim ki, siz xəstə Habil Əliyevin deyil, Azərbaycanın qulluğunda durmusuz. Sizin xidmətiniz bunca şərəfli və məsuliyyətli, həm də ümummilli savab olan işdir.
Habil ailəsi Prezident İlham Əliyevdən, Mehriban xanımdan yerdən-göyə razılıq edirdi, onların mütəmadi olaraq ustadın səhhəti ilə maraqlandıqlarını, həm də sadəcə telefonla soruşmadıqlarını, adam göndərib halından bilavasitə xəbər tutduqlarını söyləyirdi.
Habil müəllimi çox həyəcanlandırmamaq üçün qonşu otağa çay içməyə keçdik. Bu ara Təbrizdən şair Xosrov Sərtibi zəng vurdu mənə, Habil müəllimin vəziyyətini soruşdu, "Nigaranıq, internetdə ziddiyyətli xəbərlər yayılır" dedi.
Söylədim ki, ürəyiniz düzdür, elə bu dəqiqələrdə Habil müəllimgildəyəm, Şərqiyyə xanım da yanımdadır. Habil müəllimin də durumu ürəyimizcə olan kimi deyilsə də, ümidliyik.
Xosrov bəy qayıtdı ki, onlarla başqa dostlar da var, Habil müəllimin halından xəbər tutmaq istəyirlər, hamısı salam göndərir. Hamımızın da əllərimiz göydədir, dualar edirik.
Dualarınızı edin, hər xoş niyyətdə bir fayda var, dualarımız nə qədər çox olarsa, Allaha da tez yetişər, - dedim.
Xosrov davam etdi ki, İranın böyük müğənnisi Şəcəriyan da Habil müəllimin səhhətindən narahatdır. Qərarımız vardı ki, bu gün, sentyabrın 7-də onunla da Habil müəllimin ailəsi arasında telefon bağlantısı quraq. Heyif ki, bu gün ustad Şəcəriyanın özünün də halı sən deyən babat olmadı, xəstəxanaya düşdü. Yəqin, sabahda-birigündə o da ürək sözlərini çatdırar.
Habil Əliyev məhz bu idi - Azərbaycanın Birinci ailəsindən, Prezidentlə Xanımından başlamış bu taydakı Azərbaycanın ən ucqarındakı ən sadə vətəndaşlaradək, onlardan da Güneydəki ən məşhur qardaşlarımızdan tutmuş ən sıravi insanlaradək hər kəsin əziz tutduğu, özününkü saydığı, səhhətinin böhranlı anında öz doğmasının halına yanan kimi ondan ötrü narahat olduğu, şəfa dilədiyi böyük sənətkar, böyük insan!
Bu, Habilin millətə həyatı boyu bağışladığı gözəlliklərin müqabilində qazandığı sonsuz ehtiram, minnətsiz sevgi idi.
Sağkən kamançamızın rəmzinə çevrilmiş Habilin ömrünün kamanca olacağına kim şəkk edər?!
22 oktyabr 2024