ABŞ-də 2015-ci ildə aşkarlanan və 18-ci əsrə aid olan xəzinənin oğurlanmış hissəsi tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğru peşəkar xəzinəaxtaran Erik Şmitt imiş.
Şmitt 2015-ci ildə "1715 Fleet - Queens Jewels" şirkətinin əməkdaşı kimi Florida sahillərində 18-ci əsrdə batmış yelkənli gəmilərdə 101 qızıl sikkə və başqa qızıl əşyalar aşkarlayıb. Sikkələrdən 51-i dövlətə təhvil verilsə də, qalan 50-i yoxa çıxıb.
Sikkələrin yarısını gizlədən Şmitt sonradan onları qara bazarda satmaq qərarına gəlib. Amma ələ keçib. Axtarış zamanı onun evindən 37 sikkə tapılıb. Qalan 13 sikkənin axtarışları davam edir.
Qeyd edək ki, sikkələr 1697-1712-xi illər aralığında Peruda döyülüb. 1715-ci ildə xəzinəni daşıyan İspaniya donanmasına məxsus 11 yelkənli gəmi Florida sahillərində qasırğa nəticəsində batdıqdan sonra xəzinədən xəbər yox idi. 300 il sonra tapılan gəmilərin qalıqları arasından 400 milyon dollar dəyərində sözügedən sikkələr və xeyli başqa qızıl-zinət əşyaları tapılaraq təyinatı üzrə təhvil verilib. Təkcə Şmittin oğurladığı 50 sikkədən savayı.
Yeri gəlmişkən, sözügedən 50 qızıl pulun təxmini dəyəri 1 milyon dollardan artıqdır.
L.Tağıyeva