Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 1-dən 15-dək ölkə ərazisində qanunvericiliyin tələblərinə riayət olunmasını araşdırıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkar edilib. 150 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 29 iş üzrə 65700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 14529.45 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 27961.07 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 24, icra qurumlarına isə 6 iş göndərilib.