Azərbaycan ilə Özbəkistan arasında münasibətlər qədim tarixə malikdir. İki qardaş ölkəni ortaq tarix, din, oxşar adət-ənənələr, mədəniyyət birləşdirir. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi bağlara əsaslanan münasibətlər yeni müstəviyə qədəm qoymaqla inkişaf etməyə başladı. Bu gün artıq əməkdaşlıq geniş spektri əhatə edir və əməkdaşlığı daha da gücləndirmək üçün böyük potensial mövcuddur.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov "525-ci qəzet"ə müsahibəsində iki ölkənin müxtəlif sahələrdəki münasibətlərini dəyərləndirib, yeni əməkdaşlıq sahələri və digər mövzulardan danışıb.
- Cənab səfir, siz 2020-ci ildə Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Məhz həmin dövrdən başlayaraq Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoydu, dostluq, tərəfdaşlıq münasibətləri daha da gücləndi, ölkələrimiz müttəfiq oldular. Təbii ki, səfir kimi burda sizin də mühüm xidmətləriniz var. İstərdim ötən 4 ildə münasibətlərimizdə baş verən inkişafları sizdən eşidək...
- Mən əməkdaşlığımızın yüksək dinamikasından çox razıyam. Bildiyiniz kimi, bu gün Azərbaycan və Özbəkistan birgə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında siyasi və iqtisadi transformasiya üçün yeni tempi müəyyən edirlər. Əminliklə deyə bilərəm ki, bu, böyük ölçüdə Azərbaycanın və Özbəkistanın hörmətli prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində baş verir. 2020-ci ildən 2022-ci ilə qədər pandemiya dövrünü nəzərə almasaq, Azərbaycan və Özbəkistan prezidentlərinin 2023-2024-cü illər üçün qarşılıqlı səfərləri cədvəlinə sadə bir nəzər salmaq bunu aydın şəkildə təsdiqləyir - İlham Əliyevin Özbəkistana beş səfəri, Şavkat Mirziyoyevin Azərbaycana eyni sayda səfəri bunun ən yaxşı göstəricisidir. Bu, əla nəticələrə gətirib çıxarır ki, onlardan da ən önəmlisi 2023-cü ildə Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında tarixi Sazişin imzalanmasını vurğulayardım.
Artıq 2024-cü ilin avqustunda Ali Dövlətlərarası Şuranın ilk iclası keçirildi və burada kulminasiya nöqtəsi iki ölkə arasında münasibətlərin yeni siyasi formatı olan "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması oldu. Bu da təkcə Cənubi Qafqazda və Mərkəzi Asiyada deyil, bütövlükdə Avrasiyada proseslərin dinamikasına təsir edəcək. Bundan əlavə, Azərbaycan və Özbəkistan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mötəbər platformalarda da fəal qarşılıqlı dəstək göstərirlər.
Eyni zamanda, Özbəkistan BMT Baş Assambleyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə qəbul edilmiş bir sıra qətnamələrin həmmüəllifləri sırasında Azərbaycanın olmasını yüksək qiymətləndirir.
- Siz Vətən müharibəsi günlərində də burada idiniz. Azad edilmiş ərazilərin əvvəlki vəziyyətini görmüsünüz, bərpa prosesi ilə də tanışsınız. Sizi ən çox təsirləndirən nələr oldu?
- Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncam imzalayıb.
Bu baxımdan, Özbəkistanın bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək üçün ardıcıl və dəyişməz mövqeyindən, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırışlardan, Azərbaycanın suverenliyinə xələl gətirməyə yönəlmiş istənilən hərəkətləri qınamasından danışmaq yerinə düşərdi. Belə ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq və indi artıq müttəfiqlik münasibətlərinin ruhuna uyğundur.
Məsələn, 2023-cü ilin sentyabrında Özbəkistanın Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağda" qondarma "prezident seçkiləri"nin keçirilməsini pisləyərək, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu seçkiləri tanınmadığını vurğulayıb. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin Qarabağda qələbəsinin ədaləti bərpa etdiyini qeyd edib. Qarabağın işğaldan azad edilmiş ərazilərində olarkən mən özüm də çox müxtəlif hisslər yaşadım. Onilliklər boyu davam edən işğalın törətdiyi dağıntıların miqyası insanı şoka salır. Bununla belə, Azərbaycanın bu əraziləri dirçəltmək üçün göstərdiyi səyləri heç də az təsiredici deyil. Özbəkistan üçün Qarabağın bərpasında iştirak təkcə siyasi və iqtisadi əməkdaşlıq deyil, həm də qardaşlıq borcudur. Ona görə də biz bütün çətinliklərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü və ədalətin bərpasında əldə etdiyi nailiyyətlərdən, sözsüz ki, məmnunuq. Əminəm ki, Azərbaycan tezliklə Qarabağı dünyanın ən gözəl guşələrindən birinə çevirəcək və dünyanın hər yerindən gələn qonaqları qəbul edəcək ki, onlar da onun gözəlliyindən zövq alsınlar.
- Özbəkistan Mərkəzi Asiya regionunun aparıcı dövləti, türk dünyasının ayrılmaz bir parçasıdır. Bizim münasibətlərimiz hər iki məqam nəzərə alınmaqla inkişaf edir. Türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Türk Dövlətləri Təşkilatı da (TDT) bu istiqamətdə mühüm rol oynayır. TDT-nin gələcəyini necə görürsünüz?
- Türk Dövlətləri Təşkilatı (TDT) bu gün ilk növbədə regional əməkdaşlıq üçün mühüm mexanizmdir, o, türk dünyası ölkələrinin konsolidasiyası üçün əsas platformaya çevrilir. Özbəkistan Azərbaycanın qlobal siyasətdə TDT-nın rolunun gücləndirilməsinə yönəlmiş təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Təşkilat iqtisadi, mədəni və siyasi qarşılıqlı əlaqələri fəal şəkildə inkişaf etdirir ki, bu da onun beynəlxalq aləmdə rolunu gücləndirir. Ümumiyyətlə, TDT aparıcı regional strukturlardan birinə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir. Sevindirici haldır ki, Azərbaycan və Özbəkistan arasında TDT-nın gələcəyinə baxış üst-üstə düşür. Bu, ümumi xarici siyasətin inkişafı üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, birgə layihələr vasitəsilə iqtisadi inteqrasiyanın sürətləndirilməsi, kollektiv təhlükəsizliyin gücləndirilməsi, təhsil mübadiləsi proqramlarının genişləndirilməsi, türk dilinin regionda rolunun gücləndirilməsidir. Nəticə etibarı ilə, 2030-cu ilə qədər TDT-nın Avrasiyada güclü iqtisadi və siyasi təsir mərkəzinə çevriləcəyini gözləyirəm.
- Cənab səfir, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələr son illər inkişaf edir. Ümumiyyətlə, iqtisadi əməkdaşlığın əsas istiqamətləri hansılardır?
- Həqiqətən də, son illər iqtisadi əməkdaşlıq öz fəallığının pik nöqtəsindədir. Lakin hörmətli prezidentimiz Şavkat Miromonoviçin dediyi kimi, bizim hələ istifadə olunmamış böyük potensialımız var. Yaxın illərdə biz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindəyik. Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyevin ötən il avqust ayında Özbəkistana səfəri zamanı "Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın 20 prioritet istiqaməti"nin inkişafı üzrə iqtisadi plan təsdiq edilib. İstiqamətlərdən biri Özbəkistanın tekstil klasterləri sisteminin tətbiqidir. Özbəkistan müəssisələri Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Qarabağ ərazilərində qabaqcıl təcrübə və texnologiyanın tətbiqi ilə trikotaj geyim və digər hazır toxuculuq məmulatlarının istehsalı sahəsini qururlar. Məsələn, sənaye kooperasiyasının genişləndirilməsi çərçivəsində Azərbaycanın Yevlax və İmişli rayonlarında pambıq-tekstil klasterlərinin təşkili üzrə iki birgə layihə həyata keçirilir. Bu gün məişət texnikası, alüminium radiatorlar, liftlər, transformatorlar və kabel-məftil məhsullarının istehsalı üzrə yeni layihələrin həyata keçirilməsi üzərində iş aparılır. Biz, həmçinin avtomobil sənayesi, dağ-mədən metallurgiyası, tikinti materialları, əczaçılıq və s. sahələrdə fəal əməkdaşlıq edirik. Gördüyünüz kimi, uğurlu nümunələr çoxdur. Əsas odur ki, bizim liderlərimiz tərəfindən müəyyən edilmiş konkret istiqamətimiz və aydın baxışımız var.
- Nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının ilk iclası keçirildi. Bu çərçivədə möhtərəm Prezidentimiz Şavkat Mirziyoyev hava və yerüstü daşımalarla bağlı prosedurların maksimum dərəcədə sadələşdirilməsinin, habelə tərəflər arasında birbaşa uçuşların sayının artırılmasının zəruriliyini xüsusi qeyd etdi. Coğrafi xüsusiyyətləri baxımından həm Azərbaycan, həm də Özbəkistan hərtərəfli nəqliyyat və logistika dəhlizi sisteminin yaradılmasını hədəfləyiblər. Biz qarşılıqlı yükdaşımaların həcmini artırmağa, eyni zamanda, təkcə Özbəkistan və Azərbaycanın deyil, həm də öz regionlarımızın tranzit potensialını artırmağa çalışırıq.
Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafında və bu dəmir yolu əlaqəsi ilə yük daşımalarının artırılmasında maraqlıyıq. Bu nəqliyyat marşrutunun hərtərəfli modernləşdirilməsinin bu yaxınlarda başa çatmasını və ötürücülük qabiliyyətinin ildə 5 milyon tona qədər genişləndirilməsini nəzərə alaraq, tədarükün artırılmasını gözləyirik. Özbəkistan və Azərbaycan arasında nəqliyyat və tranzit yükdaşımaları üzrə Birgə İşçi Qrupunun iclasları mütəmadi olaraq davam edir.
Hazırda hökumət strukturlarımız Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan) dəmir yolu strukturlarının iştirakı ilə yaradılmış CASCA+ multimodal nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin artırılması üzrə məsələləri müzakirə edirlər. Bu baxımdan Azərbaycan Avropa ilə Asiya arasında strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir ki, bu da onu cəlbedici edir. Biz Özbəkistan mallarını Avropa bazarlarına çatdırmaq üçün Azərbaycanın dəniz limanlarından və dəmir yolu marşrutlarından istifadə edə bilərik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların artırılması perspektivli görünür. Özbəkistan Bakı limanının ərazisində anbar infrastrukturunun yaradılmasını nəzərdən keçirir. Hazırda gəmiqayırma və daşımaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılır. Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məqsədlərinə nail olmaq baxımından Özbəkistan və Azərbaycan öz tranzit potensialından qarşılıqlı surətdə səmərəli istifadə etməyi hədəfləyir. Öz növbəsində Bakı da Azərbaycanı Çin və Cənubi Asiya regionu ilə birləşdirəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılmasında maraqlıdır. Ümumiyyətlə, Özbəkistan və Azərbaycan geniş nəqliyyat-logistika dəhlizləri sisteminin formalaşdırılması məsələsində eyni fikirdədirlər. Ölkələrimiz bu məsləyə öz iqtisadiyyatlarının yüksəlişində mühüm amil kimi baxırlar.
- Yaşıl enerji sahəsi Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni istiqamətidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri ötən ilin noyabrında Bakıda "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıblar. Bu sahədə əməkdaşlıq imkanlarını necə dəyərləndirirsiniz?
- Həqiqətən də, Bakının ev sahibliyi etdiyi COP29 dünya iqlim sammiti çərçivəsində Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb. Bu, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı istiqamətində üçtərəfli əməkdaşlığın mühüm mərhələsidir. Bu saziş dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, o cümlədən Avropa və digər bazarlara təmiz enerjinin çatdırılması üçün etibarlı dəhlizlərin yaradılması üçün yeni imkanlar açır. Praktiki nəticələr, həmçinin üç ölkənin iqtisadiyyatlarını birləşdirən "yaşıl körpü" kimi Orta Dəhlizin inkişafına öz töhfəsini verəcək. Bu, mühüm sahədə sıx əməkdaşlıq təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Hörmətli Şavkat Miromonoviçin qeyd etdiyi kimi, "Nəql ediləcək enerji külək və günəş enerjisidir ki, bu da iqlimə təsiri azaltmağa kömək edəcək. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik".
- Özbəkistandan danışarkən, əlbəttə ki, turizm sahəsinə də toxunmaq mütləqdir. Çünki Özbəkistan cəlbedici turizm istiqamətlərindən biridir. Bəs iki ölkə arasında bu sahədə əlaqələrin dinamikası, turist mübadiləsi sizi qane edirmi?
- Ölkələrimiz arasında turizmin inkişafı xalqlarımızın çoxəsrlik dostluğuna, tarixi və mədəni əlaqələrinə əsaslanan səmərəli ikitərəfli əməkdaşlığın bariz nümunəsidir. Özbəkistan və Azərbaycan nadir memarlıq abidələri, tarixi görməli yerləri və mədəni ənənələri ilə zəngindir. Azərbaycandan turistlər Böyük İpək Yolunun rəmzləri olan Daşkənd, Səmərqənd, Buxara və Xivəyə fəal şəkildə səfərlər edirlər. Öz növbəsində Özbəkistan vətəndaşları Bakı, Gəncə, Şəki, Naftalan və Azərbaycanın təbiət gözəlliklərinə maraq göstərirlər. Bu gün iki ölkə arasında turizm sabit artım nümayiş etdirir, bunu rəqəmlər də sübut edir. 2023-cü ildə Özbəkistandan Azərbaycana 40 minə yaxın, Azərbaycandan Özbəkistana isə 15 minə yaxın turist səfər edib. 2024-cü ildə də müsbət tendensiya müşahidə olunub. Turizmin inkişafı vəziyyətini daha çox iki ölkə prezidentlərinin - Şavkat Mirziyoyev və İlham Əliyevin təşəbbüsləri sayəsində möhkəmlənən müttəfiqlik və strateji tərəfdaşlıqlar müəyyən edir. İki liderin şəxsi marağı sayəsində Özbəkistan və Azərbaycan arasında turizm möhkəm əsaslar üzərində inkişaf edir ki, bu da turist axınının artmasına töhfə verməklə yanaşı, həm də xalqlarımız arasında dostluq əlaqələrini möhkəmləndirir. Dövlət başçıları mədəni mübadilənin və turizmin inkişafı üçün birgə səylərin vacibliyini vurğulayırlar. Onlar tarixi və mədəni irsin təbliğinə yönəlmiş festivallar, qastronomik həftələr və sərgilər kimi mədəni tədbirləri fəal dəstəkləyirlər. Liderlərin siyasi iradəsi sayəsində uçuşların tezliyi və coğrafiyası artırılıb. Bu da ölkələrin turistlər üçün əlçatanlığını xeyli artırıb. Turizm sahəsində əməkdaşlığa dair ən yüksək səviyyədə sazişlər imzalanıb ki, bu da birgə layihələrin həyata keçirilməsi üçün hüquqi baza yaradıb.
Nəhayət, "turist mübadiləsinin dinamikasından razıyıqmı?" sualınıza cavab olaraq deyə bilərəm ki, bəli, razıyam. Bununla belə, biz mövcud durumla kifayətlənməyib, turizm infrastrukturuna birgə investisiyalar, o cümlədən mehmanxanaların tikintisi, tematik parkların yaradılması, üçüncü ölkələrdən turistləri cəlb etmək üçün birləşmiş turizm paketlərinin təşviqi kimi perspektivlər barədə düşünməliyik. Bu, regionun dünya arenasında populyarlaşması istiqamətində mühüm addımdır. Ekoturizmin inkişafına da xüsusi diqqət yetirməliyik. Çünki Özbəkistanın və Azərbaycanın unikal təbiəti ekoturizm marşrutları üçün geniş imkanlar yaradır. Gördüyünüz kimi, Özbəkistanla Azərbaycan arasında turizmin böyük potensialı var və bu, fəal şəkildə həyata keçiriləcək.
Əminik ki, nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması turist mübadiləsini artırmaqla yanaşı, xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
- Cənab səfir, maraqlıdır özünüzün Azərbaycanda sevdiyiniz məkanlar hansılardır?
- Azərbaycan həm tarix, həm də müasirlik baxımından çox gözəl yerlər təklif edir. Məsələn, paytaxtın özündə və onun ətrafında, Bakının dar küçələri ilə tarixi ürəyi olan İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı, Qobustan Milli Parkı, YUNESKO-nun obyektləri siyahısına daxil edilmiş daş təsvirlər, palçıq vulkanları və s. Xizək kurortları, şəlalələri və tarixi abidələri ilə məşhur olan Qəbələ kimi dağ rayonları, zəngin mədəni irsə malik Şəki, o cümlədən vitrajları ilə məşhur olan Şəki Xan Sarayı xüsusilə diqqətəlayiqdir.
Öz sənətkarlığı və bənzərsiz memarlığı ilə məşhur olan ənənəvi dağ kəndi Lahıc, yer üzündə əbədi təbii alovu olan Yanardağ və Azərbaycanın mədəni və təbii müxtəlifliyini əks etdirən bir çox başqa yerlər onu cəlbedici səyahət məkanına çevirir.
- Ədəbiyyatla maraqlandığınızı bilirəm. Hansı Azərbaycan yazıçılarını oxumusunuz və hansı əsəri daha çox bəyənirsiniz?
- Azərbaycan ədəbiyyatının, fikrimcə, qədim dövrlərə gedib çıxan zəngin tarixi var. Klassik ədəbiyyatdan Nizami Gəncəviyə, xüsusilə məşhur "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə", "Xosrov və Şirin", "Sirlər xəzinəsi"nin daxil olduğu "Xəmsə"yə üstünlük verirəm. divanları, "Leyli və Məcnun" poemasındakı Füzuli poeziyasını çox bəyənirəm. Çağdaş müəlliflər arasında milli spesifikliklə müasirlik arasında tarazlığı qoruyub saxlaya bilmiş az sayda insanlardan biri olan görkəmli Azərbaycan yazıçısı, dramaturqu və ssenaristi Elçin Əfəndiyevi xüsusi qeyd edərdim. Elçin Əfəndiyevin "Qatar. Pikasso. Latour. 1968" əsəri oxucunu yaradıcılıq, sənət və zaman haqqında incə düşüncələr ab-havasına qərq edir. Elçinin "Qurdlar" hekayəsi çoxqatlı olması, simvolizminə görə dərin təəssürat yaradır. Sadə, lakin metaforik hekayə vasitəsilə müəllif əxlaq, insan mahiyyəti və təbii instinktlərin sivilizasiya ilə toqquşması kimi əbədi mövzuları qaldırır. Azərbaycanın ləyaqətli oğullarının bu siyahısını sonsuzadək uzatmaq olar. Ona görə də deyə bilərəm ki, Azərbaycan ədəbiyyatı zəngin və çoxşaxəlidir, o, əsrlər boyu regionun fəlsəfi, sosial və mədəni dəyişikliklərini özündə əks etdirir.
- Cənab səfir, istərdim ki, 2025-ci il üçün ölkələrimizin əməkdaşlığıında əsas prioritetləri açıqlayasınız. Sizcə, hansı yeni əməkdaşlıq sahələri mövcuddur?
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu baxımdan əmin olduğumu bildirirəm ki, 2025-ci ildə Azərbaycan-Özbəkistan münasibətlərinin əsas prioritetləri müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinə yönəldiləcəkdir. Xüsusilə iqtisadi əməkdaşlıq sahəsində ölkələrimiz kənd təsərrüfatı, tekstil, neft-kimya və maşınqayırma kimi əsas sektorlarda ixrac və idxalı inkişaf etdirərək qarşılıqlı ticarətin həcmində yeni rekordlara nail olmağa çalışacaqlar. İnvestisiya layihələri çərçivəsində istehsal, enerji və infrastruktur, nəqliyyat və logistika, o cümlədən enerji resurslarının nəqli üçün tranzit marşrutlarının inkişafı sahəsində əməkdaşlıq dərinləşməkdə davam edəcək. Mədəni-humanitar əməkdaşlıq, təhsil və turizm də fəal inkişaf edəcəkdir. Eyni zamanda, regional və beynəlxalq siyasətin əsas məsələlərinə dair ümumi mövqelərin təşviq edilməsi üçün ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq gücləndiriləcəkdir. Bu və digər əməkdaşlıq sahələri Azərbaycan və Özbəkistana regional və dünya siyasətində öz mövqelərini möhkəmləndirməyə imkan verəcək, uzunmüddətli dayanıqlı əməkdaşlığa şərait yaradacaqdır.
- Bu il həm də Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ili tamam olur. 2025-ci il yəqin ki, ölkələrimiz üçün həm də bu yubileylə əlamətdar olacaq...
- Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi sadəcə təqvimdə mühüm tarix deyil, bu, taleyi ortaq tarixi köklərlə, mədəni ənənələrə bağlı olan iki xalq arasında dostluğun, qardaşlığın və qarşılıqlı hörmətin parlaq simvoludur. Üç onillik ərzində qət etdiyimiz birgə yol iki ölkənin qəlblərini və arzularını birləşdirən möhkəm körpüyə çevrildi.
Bu yubiley təkcə təntənəli hadisə deyil, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin rəngarəngliyini və dərinliyini əks etdirəcək parlaq bayrama çevriləcək. Böyük mədəniyyət festivallarının, sərgilərin, biznes forumların və konsertlərin keçirilməsi nəzərdə tutulur ki, bu da təkcə siyasi və iqtisadi əməkdaşlığı deyil, həm də xalqlarımızın mənəvi qohumluğunu ön plana çıxaracaq. Bu yubiley təkcə keçilən yola ehtiram deyil, həm də dostluq və etimadın böyük nailiyyətlərin əsasını təşkil edəcəyi əməkdaşlığın yeni üfüqlərinin başlanğıcıdır.
- Cənab səfir, vaxt ayırıb suallarımızı ətraflı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.