(Əvvəli ötən sayımızda)
Birinci Qurultay barədə Bağırova məruzə ediləndə Moskvada "Üçlüy"ün tərkibi artıq rəsmən təsdiq edilmiş və o da bunu Mirzə İbrahimov və Həsən Həsənova öz kabinetində elan etmişdi. "Yığışın" deyəndə Bağırov Moskvadan gəlmiş əmri icra edirdi. Bu tarix isə 1945-ci ilin 7 oktyabrına qədərki vaxta düşür. Həmin tarixdə həm də "Tudə"nin Cənubi Azərbaycan şöbəsinin ADF ilə birləşdiyi elan edilmişdi. "Üçlüy"ün üzvləri M.C.Bağırovla sovet ərazisində, Culfa və ya Naxçıvanda görüşürdülər. Memuarında H.Həsənov bir sıra belə maraqlı görüşlərin dəqiq stenoqrafik təsvirini verir. H.Həsənov yazır: "Biz 1946-cı ilin may ayına qədər Təbrizdə qaldıq. Demokratlar bizə qədər bir addım da atmamışdılar" (Ləyaqətli şəxsiyyət. s. 176). Bu tarix də "Üçlüy"ün sonu kimi qəbul edilə bilər.
Lakin belə görüşlərin hərəkatın hazırlandığı iyun-avqust aylarında Bakıda da keçirildiyi məlumdur. Hərəkatın siyasi rəhbəri M.C.Bağırovun Şahsevən tayfa başçıları ilə, Əli Şəbüstəri və Pişəvəri ilə görüşləri buna misal ola bilər. H.Həsənov bunlardan sonuncunu memuarında ətraflı təsvir edib (Ləyaqətli şəxsiyyət. S. 174-176).
O qeyd edir ki, Pişəvərini Bakıya "bizim kəşfiyyatçılar" gətirmişdi, bu zaman o, hələ Tehranda yaşayır və "Ajir" adlı antifaşist qəzeti buraxırdı. Təbrizdə yeni hərəkatın rəhbəri məsələsi çıxanda hamının M.C.Pişəvəriyə üstünlük verdiyini qeyd edir: "O həm təmiz, həm əqidəli, həm də savadlı yoldaşdır" (s.174). O, İran Kommunist partiyasının əsas rəhbərlərindən idi, lakin həmin vaxt "Tudə" ilə münasibətləri pis idi. H.Həsənov yazır ki, Moskva MK-sı Cənubi Azərbaycandakı ümumiran Partiyası olan "Tudə"dən ayrılması haqda məxfi qərar vermişdi. Pişəvəri ilk növbədə, bu partiyanı yaradıb onun rəhbəri olmalı idi. M.C.Pişəvəri Bakıya təyyarə ilə gəlir, aerodromda onu qarşılamağı Bağırov ona tapşırır, deyir ki, sonra onu evinə apar, bir az dincəlsin, axşam isə yanıma gətir. H.Həsənov axşam 9.00-da Pişəvərini M.Bağırovun yanına gətirir. Ona Cənubi Azərbaycanda "Demokrat" adlı partiyanın yaradılması haqda Moskvanın qərarından danışır və deyir: "Biz sənin o partiyanın rəhbəri olmağını istəyirik. Bu işə sən necə baxırsan?" Yeni partiyanın yaradılmasını Pişəvəri bəyəndi... Ancaq o, Azərbaycan Demokrat partiyasının rəhbəri olmaq istəmirdi. "Onda kim ola bilər", sualına o cavab vermədi" (s.174).
Söhbət bu yerə çatanda M.C.Bağırov yuxarı partiya rəhbəri roluna girib əmr şəklində Pişəvəriyə deyir: "...onda Siz ADP-yə rəhbərliyi öz üzərinizə götürməli olacaqsız" (s.174). Görünür, Pişəvərinin namizədliyi İ.Stalinlə razılaşdırılmışdı əvvəlcədən, ona görə təklif əmrə çevrilir. M.C.Pişəvəri isə əmrdən sonra qarantiya istəyir, 1921-ci il Gilan Respublikası hadisələrini xatırladıb deyir: "Pişəvəri soruşdu, çətin anlarımızda bizə kömək edəcəksiniz? Yoxsa bir dəfə başımıza gəlib bu. 1921-ci ildə Gilanda, öncə bizi şah rejiminə qarşı və müstəmləkəçilik əleyhinə mübarizəyə qaldırdılar, ancaq mübarizə qızışanda ingilis müstəmləkəçiləri bizi darmadağın etdilər. Qızıl Ordu bizi döyüş meydanında tək qoydu və İrana evakuasiya etdi. Biz təklikdə Rza şahın və ingilislərin qarşısında ciddi məğlubiyyətə uğradıq. Əgər bu dəfə də belə edəcəksinizsə, onda gəlin heç bu işə başlamayaq. Onun bu sözlərinə Bağırov belə cavab verdi ki, bu qərara İ.Stalin özü qol çəkib, ola bilməz ki, o sizi döyüş meydanında tək qoya... Pişəvəri Azərbaycan Demokrat partiyasına rəhbərlik etməyə razılıq verdi" (s.174-175).
Burada H.Həsənov, əslində, Pişəvərini aldadır. Çünki Gilan Respublikası hadisələrinin də arxasında İ.Stalin və ÜK(b)partiyasının Qafqaz Bürosu dururdu. Bu, Zaqafqaziya Partiya rəhbərləri, Ordjonikidze və Stalindən ibarət saxta bir qurum idi. Amma onun qəbul etdiyi qərarlar ÜK(b) partiyasının ümumi qərarı sayılırdı, Büronun sədri də İ.Stalin özü idi. Bağırov yəqin ki, bunu xatırlayırdı. 1920-ci illərdə Azərbaycanın və N.Nərimanovun başına gətirilən bütün oyun və faciələrin da arxasında həmin Qafqaz Bürosu dururdu. Pişəvəri isə yəqin ki, bu incəlikləri bilmirdi.
Bu zorakı təyinatdan sonra H.Həsənov qonağı yenə öz evinə aparır. Qonaq isə H.Həsənovun 4 gözlük evini bəyənmir və ona deyir: "Qərbdə istənilən orta məmur belə mənzildə yaşamağa razılıq verməzdi" (s.175). Sovet həyat tərzini bəyənməyən Pişəvəri İran feodallarının Qərbi təqlid edən təmtəraqlı həyatına bələd idi. Amma o, İ.Stalinin yeni layihəsində baş rola razılıq verdi, çünki siyasi macəraçılıq onun fitrətində vardı. Səhər orqan işçiləri Pişəvərini aeroporta aparırlar, onun İrana yola salınmasında H.Həsənov iştirak etmir. Yəqin ki, ondan ayrılandan sonra Pişəvərinin Bakıda hərbçilərlə digər məxfi görüşləri olub.
H.Həsənov layihədə öz iştirakını açıqlayıb yazır: "Biz Demokrat Partiyasının proqramı ilə məşğul olmağa başladıq. Proqramın layihəsini yazmaq Mirzə İbrahimova tapşırıldı. O bütün demokratik partiyaların proqramlarından istifadə edərək (Bolqarıstan, Rumıniya, Çexoslovakiya, Polşa və s.) Proqramın layihəsini hazırladı. Biz onu büroda müzakirə etdik və Təbrizə göndərdik... Bizə dedilər ki, Pişəvəri kiçik dəyişikliklər və əlavələr edib, qurultaya təqdim edəcəkdir..." (s.175)
Beləliklə, 1945-ci ilin 3 sentyabrında Təbrizdə və digər şəhərlərdə ADF-nin Cənubi Azərbaycan xalqına Müraciətnaməsi yayılır və bununla yeni milli Kommunist partiyasının varlığı elan edilir. Bir gün sonra ADF-nin orqanı olan "Azərbaycan" qəzetinin birinci nömrəsi Təbrizdə işıq üzü görür və 1946-cı ilin 12 dekabrına qədər davam edir. Qəzetin formal dörd redaktoru olubdur, amma onun faktiki ideya rəhbəri, kuratoru M.C.Pişəvəri özü idi (Bu barədə bax: Rəhim Əliyev, M.C.Pişəvəri "Azərbaycan" qəzetində, "Mir Cəfər Pişəvəri, Gizli imzalı məqalələr 1945-1946" kitabına ön söz., Bakı, Qanun, s. 8-35).
27 noyabrdan 1 dekabra qədər Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. 1945-ci il dekabrın 12-də ADF-nin lideri olduğu Azərbaycan Milli Məclisi toplandı və Təbrizdə Azərbaycan Muxtar Milli Hökumətini təşkil etdi. Hökumətin baş vəziri M.C.Pişəvəri təyin olundu. Lakin bütün bu hadisələr İranda şah sarayının və əksinqilabın qanlı silahlı müqaviməti ilə müşayiət olunurdu. Lakin M.C.Pişəvərinin parlaq inqilabi təşkilatçılıq işi sayəsində bu müqavimət aradan qaldırıldı.
Ancaq İ.Stalin Milli Hökumətin təşkili zamanı qarşıya çıxan əksinqilabi müqaviməti qiymətləndirərək azərbaycanlılar üçün faciəli nəticələr verən qərar qəbul etdi. Bu qərar ADF-nin və Milli Hökumətin inqilabi zorakılıq və hərbi qüvvədən istifadə taktikasından imtinadan ibarət idi. Pişəvəri və ADF Tehranla 13 iyun Müqaviləsindən sonra adi parlament üsulu ilə çalışan Partiya vəziyyətinə salındı. Pişəvəri Moskvanın ona zorla qəbul etdirdiyi taktikanı qəbul etməyib həmin tarixdə Milli Hökumətin rəhbəri vəzifəsindən istefa verdi. Lakin sovet silahlarını məcburi təhvil verəndən sonra şah rejiminə qarşı inqilabi müqaviməti ancaq 1946-cı ilin 11 dekabrına qədər davam etdirə bildi. Dinc parlament mübarizəsi İran gerçəkliyində hərəkatın qanlı faciəsi ilə bitdi.
İ.Stalinin İranda zorakı inqilabi mübarizədən imtina taktikasına keçməsinin ciddi səbəbləri vardı və bunları qısaca Pişəvəriyə 8 may 1946-cı il tarixdə yazdığı məktubda izah etmişdi. Birinci, bu qərar SSRİ-nin zəifliyindən doğmurdu. Azərbaycan məsələsinin BMT səviyyəsinə çıxmağı Moskvaya Şərqi Avropada, Çində, Monqolustanda Kommunist rejimləri yaratmağa mane olurdu. Qızıl Ordunun faşizmə qarşı mübarizə etdiyi yerlərdə bu, SSRİ-nin təbii hüququ idi. Lakin İranda faşizmə qarşı müharibə olmamışdı. Digər tərəfdən, 1942-ci ildə Moskva İngiltərə-ABŞ cütlüyü ilə Müqavilədə müharibədən sonra İrandan çıxmaq barədə öhdəlik götürəndə səhv etmişdi.
Digər tərəfdən İ.Stalin başa düşdü ki, Qızıl Ordu hissələri İrandan çıxandan sonra Pişəvərinin inqilabi zorakılıq taktikasını davam etdirməsi İranda uzun və qanlı vətəndaş müharibəsi ilə bitəcək. Buna külli miqdar maddi vəsait lazım gələcəkdi. SSRİ-də çörək hələ kartoçka ilə verilirdi. Çünki bolşeviklər şəxsi mülkiyyətin tərəqqi üçün köklü əhəmiyyətini qəbul etmirdilər. Onlar irəlidəki yüzilliyin neft əsri olacağını gec anladılar. İ.Stalin siyasi sabitlik üçün ətrafına xırda icraçılar toplamışdı. Bu, ölkədə əzbərçilik, diplomatik və siyasi gerilik yaratmışdı. İranda İngiltərə-ABŞ cütlüyü hər addımda SSRİ-ni qabaqlayırdı. Üstəlik, İran Kommunist partiyası ikibaşlı oynayan, şah sarayına casusluq edənlərlə dolu idi. Cavan şah da İngiltərə-ABŞ cütlüyünün altına girmişdi. İran feodallarının onlarca kəndi vardı, onlar hər kənddən 10-15 əksinqilabçı silahlandırsaydı, kommunistlərin vətəndaş müharibəsini udmaq şansı sıfıra enirdi. İranda vətəndaş müharibəsi İngiltərə-ABŞ cütlüyü ilə açıq konfrontasiyaya çevriləcəkdi. 1946-cı ildə bu, tez idi. Bu münaqişə açıq şəkildə 1950-ci ildə Koreyada başladı və üç il davam etdi.
Milli Hökumətin iflasının səbəbləri belə idi. SSRİ-də olan siyasi gerilik səbəbindən M.C.Bağırov, Mirzə İbrahimov, Həsən Həsənov kimi iri mövqeli adamlar İ.Stalinin İranda apardığı siyasətin əsl səbəblərini, Milli Hökumətin iflasının labüdlüyünü anlamırdılar. M.C.Pişəvəri bunu hamıdan yaxşı anladı və İ.Stalinə tabe oldu. Qızıl Ordudan sonra Milli Hökuməti qurmuş əsas özək də 1946-cı ilin 11 dekabr gecəsi yaxın qohumları ilə sovet ərazisinə keçdi. İranda qalan hərəkat fəallarının 2000-ə yaxın hissəsi də sonradan sovet ərazisinə buraxıldılar. Qalanlara qanlı divan tutuldu o tayda, otuz min adam qətlə yetirildi. Lakin bu faciələr silinməz tarixi izlər qoydu, Azərbaycan milli şüuru yeni mərhələyə daxil oldu.
(Ardı var)