|
|
|
|
Astanada su qıtlığı problemini həll etmək üçün bir neçə layihənin inşası planlaşdırılır.
525.az xəbər verir ki, bu barədə sənaye və tikinti nazirinin müavini Kuandıq Kajkenov deyib.
Qeyd olunub ki, Astana su anbarı paytaxtın yeganə su təchizatı mənbəyidir. 1969-cu ildə tikilən su anbarı 500 min nəfər üçün nəzərdə tutulub. Ötən il paytaxt sakinləri suyun verilişində fasilələr və sutəmizləyici qurğularda problemlərlə üzləşməyiblər.
Nazir müavini bildirib ki, iki il əvvəl yayda həqiqətən də paytaxtın müəyyən ərazilərində su qıtlığı yaranıb. Lakin onun sözlərinə görə, bu problemin həlli üçün müvafiq tədbirlər görülüb:
“2023-cü ilin sonunda 3 saylı filtr nasos stansiyası istifadəyə verilib. Gündəlik su sərfi bu gün sutkada 350 min kubmetr olduğu halda, bu filtrasiya məntəqələrinin hər üçünün gücü 410-dur. Yəni, bu gün bizdə paytaxtda su qıtlığı yoxdur”.
O, həmçinin söyləyib ki, hazırda paytaxtın uzunmüddətli perspektivdə su ilə təminatına yönəlmiş bir sıra layihələr hazırlanır: “Bu, 4 nömrəli filtr nasos stansiyasının tikintisi, Satpayev kanalından su xəttinin çəkilməsidir. Hazırda layihə-smeta sənədlərinin hazırlanması prosesi gedir. Layihə çərçivəsində sutkada 200 min kubmetr içməli su veriləcək. Digər layihə Nurinski yeraltı su yatağından su kəmərinin çəkilməsidir. Biz, həmçinin sutkada təxminən 38 min kubmetr əlavə su axını gözləyirik. Layihə-smeta sənədləri artıq hazırdır. May ayında hərtərəfli müayinə planlaşdırılır. Bu layihənin təxmini dəyəri 56 milyard tengədir. Üçüncü layihə Telman nasos stansiyasından texniki su kəmərinin çəkilməsidir. Onun sözlərinə görə, layihənin dəyəri 17,6 milyard tengədir. Bu il isə yerli büdcədən artıq 3,2 milyard tengəyə yaxın vəsait ayrılıb”.
Pərvanə Sultanova