Dörd il əvvəl, 15 iyun 2021-ci ildə Azərbaycan-Türkiyə münasibətlərində mühüm tarixi hadisəyə şahidlik etdik. Ölkəmizin İkinci Qarabağ müharibəsində böyük zəfərindən sonra azad Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bununla da iki qardaş dövlətin münasibətləri rəsmən özünün ən yüksək səviyyəsinə - strateji müttəfiqliyə çatdı.
Azərbaycan və Türkiyə liderlərinin Milli Qurtuluş Günündə, Qarabağın tacı Şuşada imzaladıqları bu sənəd münasibətlərimizdə yeni səhifə açmaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını da nümayiş etdirdi.
Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında hüquqi sənəd deyil, həm də regiona və beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü strateji mesajdır. Bəyannamədə ölkələrimiz arasında əməkdaşlığın bütün aspektləri əhatə olunub. Hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensialların birləşdirilməsi əksini tapıb. Sənəddə tarixi Qars müqaviləsinə istinad edilir, həmçinin 1994-cü il fevralın 9-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"nin və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin rəhbər tutulduğu bildirilir. Ən vacib məqamlardan biri şübhəsiz ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Qeyd olunub ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Sənəddə deyilir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".
Türkiyə bununla açıq şəkildə bəyan etdi ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik yalnız iqtisadi-siyasi deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə Türkiyə hərbi dəstəklə bizim yanımızda olacaq.
Prezident İlham Əliyev imzalanma mərasimində bildirib ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Şuşa Bəyannaməsinin imzalanmasından ötən dörd ildə iki qardaş, müttəfiq ölkənin münasibətləri artan dinamika ilə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, yeni razılaşmalar, iki ölkənin bir-birinə sarsılmaz dəstəyi bu birliyi daha da möhkəmləndirir.
Bəyannamənin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıq və investisiya mühitinin inkişafı, beynəlxalq dəhlizlər üzrə fəaliyyətin genişləndirilməsidir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, iyunun 15-də imzalanmasının 4 ili tamam olacaq “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacib idi. Bu, uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaratmaqdadır.
Onun sözlərinə görə, Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır: “Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstəyin daha genişləndirilməsi anlamına gəlir. Qardaş ölkələr növbəti illərdə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradır.
Təbii ki, ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir. 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur”.
Deputat əlavə edib ki, vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir: “Zəngəzur dəhlizi 2.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva hesab edir ki, dörd il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur: “Şuşa Bəyannaməsi unikal müttəfiqlik nümunəsidir. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəa da yer alır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər”.
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verildiyini deyən deputat bunu tarixi nailiyyət adlandırıb: “Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması çox vacib məqamdır. Çünki bu sənəd əsasında ölkələrimiz bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib”.
O deyib ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil: “Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi hadisənin tarixi əhəmiyyətini vurğulayaraq deyib ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bu Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Digər bir vacib məqam ondan ibarətdir ki, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldır”.