|
|
|
|
İstəyim güc gəldi
istəyimi
gizlədə bilmədim
istəyim
ürəyimi dindirdi
ürəyimi
gözlədə bilmədim
bağışla...
Gözlərim alışdı
gözlərindən
gizlədə bilmədim
gözlərin
gözlərimlə danışdı
və bir-birinə qarışdı
gözlərimi
gözlədə bilmədim
bağışla...
əllərim
yarpaqtək əsdi
barmaqlarımı
gizlədə bilmədim
dözmək məni sıxdı
nəfəsimi kəsdi
dözümsüzlüyümə
söz deyə bilmədim
bağışla!..
lll
Sən
səsimdə güldün,
sən
sözümdə güldün,
sən
gözümdə güldün-
səsimdə,
sözümdə,
gözümdə
saxladım səni!..
Sən
səsimi öldürdün,
sən
sözümü öldürdün,
sən
gözümü öldürdün-
səsimdə
sözümdə,
gözümdə
ağladım səni!...
sən
səsimin ağ işığı,
sən
sözümün ağ işığı,
sən
gözümün ağ işığı-
səsimə,
sözümə,
gözümə
ağ aldım səni!..
lll
Baş verənlər göz qırpımı
Sırasın tuta bilmirəm
Boğuluram əsəbimdən
Hikkəmi uda bilmirəm.
Qatarı dumana düşən
Durnanın səsi haraydı
Ürəyim ağrıdan şişən-
Qırx otaqlı bir saraydı.
Özümə təsəlli üçün
İçimdə xəyal qururam
Adamıyam mən bu köçün-
Hamıdan öndə dururam.
Baxıb halıma acıma
Hər kəs öz yükünü çəkir
Dindir, qoy danışsın hərdən-
Başım üstündəki şəkil!..
lll
Çin yuxular gözəldi
Yuxum çin olmur daha
Gözümdə göz közərdi –
Boylandıqca sabaha...
Əlim göyə açıldı
Dilim dupduru suya
Bir qəm mənə acıdı
Üzümü yuya, yuya...
Yerlə göy arasında
Üsyan etdim qəhərə...
Dözümümlə çıxardım –
Ürəyimi səhərə...
lll
Göynəyən dodağını
Titrəyiş yandıracaq
Hər çəkdiyim ah məni
Min dəfə andıracaq...
Dalanlar ittihamçı
Küçələr dar gələcək
Şəhər görüş yerimiz
Hər yandan yar gələcək!..
Gizlənməyə nə yerin,
Nə də vaxtın olacaq
Bəlkə də bu son şeirin-
Sənin baxtın olacaq...
lll
İnsafsızlıq eyləyib
Yüklədik könlümüzü
Ancaq gözüm üstündə
Köklədik könlümüzü...
Dan üzünə dua ver
Günə çıxart – şüa ver...
Oyanmasa suya ver-
Təklədik könlümüzü...
Susub xəyal elçi də,
Oturaq da, çölçü də
Qəmə uyğun ölçüdə-
Ləklədik könlümüzü!..
lll
Əsalı arzuların
Barıdı neçə arzum...
Qocaldı göz görəti-
Qarıdı neçə arzum...
Gündoğana üz tutan
Günbatana qayıdır...
Doğulan arzular da –
Ölənlərin tayıdır...
Ümid imkan arayır
İmkan ümiddən qaçır...
Bir əlim vağanıyır-
Bir əlim çiçək açır...
Təzad günün siması
Baxıb, ötüb gedirəm...
Nə qalıb ki, sınası –
Boşluq! – təsvir edirəm!..
lll
Gözlərini gəzə-gəzə
Bələyirəm günü aha...
Gözlərimə zülm eləmə-
Batırma məni günaha...
Bir axtarış guşəsində
Bir ürəyin şüşəsində...
Oxu, yazar köşəsində-
Gedib, qayıtmayıb daha...
Bir ağ yuxunun içində
Yuyunum bir az içim də!
Ölən günümün üçündə –
Məni sən səslə sabaha.
lll
Deyirsən gözlərimi
Səninçün qoruyuram...
Gözünün önündəyəm –
Görmürsən, quruyuram?..
Danışdığın yuxunu
Bildiyimtək yozuram...
Mən anlaqlı şəkildə-
Qaydaları pozuram...
Könlüm açar kimidi
Qapılarımsa açıq...
Səni dözüm kiritdi-
Məni verdiyin acıq...
lll
Çöküb qaldım dizim üstə
Söz tapmadım düzüm üstə
Söz verdiyim sözüm üstə-
Öldür məni!
Qurudu söz bağı deyib
Axşam, ya sübh çağı deyib
Bir havalı ağı deyib-
Güldür məni!
İçimdədi vulkan, daşqın
Hardakı sən söhbət açdın
Bir az dəli, bir az çaşqın-
Bildir məni!
Mən ömründə bircə gilə
Yük oldumsa sözə, dilə
Barmağının ucu ilə –
Sildir məni!..
lll
DAN ÜZÜ
Unudub özünü – yarı yuxulu
Yaxası açılıb – bilmir dan üzü...
Təbəssüm paylayıb – çiçək qoxulu-
Boylanır sakitcə – dinmir dan üzü!
Bir ümid közərir gələcəyində
Çiçək qönçəsində, gül ləçəyində...
Hamıya sonuncu güləcəyin də –
Bilir, bəribaşdan gülmür dan üzü!
Gözümü ovlayır, fikrimi çəkir
Könlümü şumlayır – min dilək əkir...
Quruyur ormanda bir şehli ləpir –
Amma kirpiyimi silmir dan üzü!
lll
Özümü təbrik etdim
Qəmim mübarək – qəmim...
Bu qəmin dəryasında-
Gəmim mübarək, gəmim...
Dalğalar qanadında
Yaddan çıxır adım da...
Dəyişən həyatımda –
Kəmim mübarək, kəmim...
Çoxlarına sirr olan
Həyatımda pir olan...
Dərdlə həmdərd – bir olan-
Cəmim mübarək, cəmim!
lll
Mən öz sözümün üstə
Çox çəkdim baş ağrısın.
Ürəyimə tuşlanan
Neçə cür daş ağrısın.
Sığmayıb qəfəsimə
Od qatıb nəfəsimə
Qoymadın əvəzimə –
Bircə yol daş ağrısın...
Yanılmadım seçimdə
Dünya boyda, biçimdə
Bol sevincin içində –
Sirdaş, yoldaş ağrısın.
lll
Mən sənli günlər üçün
Can tapmadım verməyə.
Günləri uzadacaq –
Qan tapmadım verməyə.
Canım çoxdan canımdan
Köçüb, canın olmuşdu.
Uyğun gələn qanım da –
Seçib qanın olmuşdu.
Qalıb istək önündə
Canına dua etdim.
Sevgimə eşq dinində –
Canını yuva etdim!
Gizli yandırır bizi!
lll
Bağlı qapılar önündə
Gözlədib öldürdüm səni.
Ölən günlərimə hər gün
Beləcə güldürdüm səni!
Xoş anın, xoş vaxtın üçün
Əsdin nanə yarpağıtək!
Gözləməyə çatdı gücün –
Yurdun əsir torpağıtək!
Ölən günlərim üst-üstə
Başdaşına çevrildim mən.
Bir işğalla, sui-qəsdlə –
Öz ömrümdən devrildim mən!
lll
Yer də tapa bilmirəm
Durub, nəfəs almağa...
Mən ki, doğulmamışam
Dərdə qəfəs olmağa!
Fikrimi tarazlayıb
Özümü cəmləyirəm.
Mən bu qəfəs içində –
Ruhumu dəmləyirəm!
Kimsə görmür, ya baxmır
Külək qovur yarpağı.
Canımla yarpaq boyu –
Qaldıracam torpağı...
lll
Baxdım, ətrafda görmədim
Düşündüm – ötüb keçmisən.
Ağlıma güldü ürəyim –
Gördüm sən ora köçmüsən.
Dizimi yerə bənd edib
Sözümü şəkər, qənd edib
Gözümü yuman fənd edib –
Açmışam, məni seçmisən!
Mənə Məcnunu andıran
Ölməz eşqə inandıran
Leylinin ruhun yandıran –
Bulaqdan sən də içmisən!