
Avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin - İlham Əliyev, Donald Tramp, Nikol Paşinyanın üçtərəfli görüşündən artıq bir ay vaxt keçib. Ötən bir ay ərzində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün müəyyən addımlar atılıb. Proseslərin gedişi bir daha onu göstərdi ki, Vaşinqton sammiti Cənubi Qafqazda müharibə səhifəsinin bağlanması, sülh və əməkdaşlığın bərqərar olmasında mühüm bir addımdır.
Qeyd edək ki, sammitdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, üçtərəfli Birgə Bəyannamə qəbul edildi. Ən önəmli nəticələrdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək "Tramp Rifah və Sülh Marşrutu"nun (Zəngəzur dəhlizi) razılaşdırılmasıdır. Dəhliz təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malikdir, yalnız Azərbaycanın daxili əlaqəsini bərpa etmir, həm də Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı isə Çinlə birləşdirəcək beynəlxalq nəqliyyat xəttinin vacib hissəsinə çevrilir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan regionun güc balansını dəyişdirən layihədir.
Ötən müddət ərzində Vaşinqtonda razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərar qəbul edildi. Bu, Azərbaycanın daha bir şərtinin yerinə yetirilməsi və Bakının növbəti diplomatik uğurudur.
Ən əsas şərtlərdən biri də Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Məhz bu addım atıldıqdan sonra yekun sülh sazişi imzalanacaq.
Hazırda Azərbaycanla Ermənistan arasında həm də sərhədlərin delimitasiya və demarkasiyası prosesi aparılır. Bu məsələ paraflanmış sülh sazişinin mətnində də yer alıb. Sentyabrın 5-də bu məqsədlə daha bir addım atılıb. Baş nazirin müavini Şahin Mustafayevin və onun ermənistanlı həmkarı Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Bununla bağlı yayılan məlumatda bildirilib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Göründüyü kimi, regionda artıq uzun illər davam edən münaqişəni, qarşıdurmanı sülh, əməkdaşlıq əvəz etməyə başlayıb. Bu günlərdə Çində keçirilən "Şanxay plyus" formatında sammit Azərbaycan və Ermənistan liderlərinin təmasları da bunu bir daha nümayiş etdirdi. Prosesi başa çatdırmaq məhz Ermənistandan asılıdır. Çünki Bakı sülh üçün bütün lazım olan səyləri göstərib. Rəsmi İrəvan prosesi bitirmək üçün həm də ona mane olmağa çalışan, bəzi xarici dairələrin sifarişlərini icra edən revanşistləri, sabiq cinayətkar xunta rejimlərinə rəhbərlik edən şəxsləri tam neytrallaşdırmalıdır.
Milli Məclisin deputatı Asim Mollazadə "525"ə həm Vaşinqton sammitindən keçən müddətdə atılan addımları, həm də erməni revanşistlərlə bağlı məsələni şərh edib. Onun fikrincə, proseslər hələlik düzgün istiqamətdə inkişaf edir: "Hər iki ölkə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etdi və müsbət qərar qəbul edildi. Bu, Azərbaycanın şərtlərindən biri idi. Hazırda Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı müvafiq qərar verməlidir, bundan sonra sülh sazişinin imzalanması üçün elə bir maneə qalmayacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı müvafiq qrupun danışıqları davam edir. Bu proses sərhədlərin tam düzgün müəyyənləşdirilməsinə xidmət edir. Vaşinqtonda əldə olunan razılıqlarla bağlı hansısa bir maneələr yoxdur. Bu maneələri yaratmaq istəyən qüvvələrin imkanları məhduddur. Bir məqamı da xatırlatmaq istəyirəm ki, ABŞ-dan olan nümayəndə heyəti bölgəyə gələcək və Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfində onların üzərinə düşən işləri müzakirə edəcək. Bu proses, eyni zamanda Türkiyə tərəfindən də sürətlə davam etdirilir. Naxçıvana gələn yol inşa edilir, mənə elə gəlir ki, burda hansısa maneə törədə biləcək qüvvələrin imkanları məhduddur. Hələlik hər şey normal inkişaf edir, ciddi problemlər görünmür".
O ki qaldı Ermənistanın daxilindəki revanşistlərə və xaricdə onlara dəstək verən qüvvələrin son vaxtlar xüsusilə fəallaşmaları və hansısa maneə yarada bilmələrinə, deputat deyib ki, Ermənistanın daxilində ilk növbədə keçmiş hərbi cinayətkar hakimiyyətin nümayəndələri hansısa müqavimət göstərmək istəyirlər, amma heç bir dəstək ala bilmirlər: "Ermənilər hətta müharibədə ağır məğlubiyyətdən sonra yenə də Paşinyana səs verdilər, indi də ona dəstək verirlər. Çünki onlar sülh istəyirlər, müharibələrdən yorulublar, hakimiyyətdə olmuş oğru, cinayətkar Qarabağ klanına çox ciddi etiraz edirlər. Lakin xaricdə yaşayan bir sıra daşnaklar və Rusiyada bəzi erməni qruplaşmaları Paşinyanı devirməyə çalışdılar, amma görürsünüz ki, onların bir sıra nümayəndələri həbs edildi və erməni kilsəsinin də müqaviməti qırılıb. Bu da dediyim kimi, nümayəndələrinin həbsi və ifşa olunmaları ilə bağlıdır. Hələlik hakimiyyət bu prosesləri davam etdirmək imkanlarına malikdir və xaricdən olan təzyiqlərin qarşısını ala bilir. Çünki Ermənistanda yaşayanlar daha çox bölgənin sülh bölgəsinə çevrilməsini istəyirlər, ona görə də ABŞ-da, Fransada, bir sıra digər Avropa ölkələrində yaşayan millətçi qüvvələrə müqavimət göstərə bilir".
Milli Məclisin deputatı Arzuxan Əlizadə isə "525"ə deyib ki, sülh sazişinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır:
"Azərbaycanın Ermənistan üzərinə qoyduğu haqlı tələblər var və onlar beynəlxalq hüquqa əsalanır. Ermənistanı qarşıda seçki gözləyir. Onun nəticələrindən asılı olaraq Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı bəlli olacaq.
İstənilən halda cənab Prezident də qeyd etdi ki, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında imzalanan çərçivə sazişi əslində dövlətlərarası müqavilədir. Ermənistan bütövlükdə öz üzərinə öhdəlik götürür və Paşinyan deyil, hansısa digər qüvvə də hakimiyyətə gələcəksə, bunu icra etməlidir. Revanşistlərin qarşısının alınması da Ermənistan hakimiyyətinin öhdəliyidir. Həmin revanşistlər heç bir halda Azərbaycana qarşı hansısa təhdid törədə bilməzlər. Sadəcə olaraq sülh prosesini ləngidə bilərlər. Buna görə də Paşinyan onların qarşısını almalıdır. Görünən budur ki, Paşinyan rəqiblərini sıradan çıxarıb, xüsusilə Rusiyanın ordakı əlaltılarından söhbət gedir, kilsə ilə çox ciddi mübarizəyə başlayıb. Burada da üstünlük Paşinyan tərəfindədir və revanşistlərin hər hansı təhlükə törədə bilmək imkanları kifayət qədər aşağıdır. Paşinyan seçkilərə yaxın rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Faktiki olaraq Köçəryan-Sarkisyan timsalında siyasi rəqiblər sıradan çıxarılır. Çünki onlar heç bir elektorata malik deyillər. Onların Rusiyaya bağlılığını xüsusi gündəmə gətirməklə, özünə daha çox tərəfdar toplayıb. Siyasi rəqiblər hesab ediləcək, seçki ərəfəsində güclənə biləcək müxalif qüvvələr faktiki olaraq zəifləmiş durumdadırlar. Paşinyan onların tam olaraq sıradan çıxarmaq niyyətini həyata keçirməkdədir. Görünən odur ki, buna nail olur və sonadək də nail ola biləcək. Kilsə artıq faktiki olaraq sıradan çıxarılmış durumdadır, ona rəhbərlik edən şəxslərlə bağlı çox ciddi kompromatlar gündəmə gətirib, elə formada onlara qarşı mübarizə başladıb ki, burda Paşinyanın üstünlüyü şəksizdir. İstənilən halda, hesab edirəm ki, Paşinyan seçkilərə qədər həm siyasi, həm dini kəsimə məxsus rəqiblərini tam olaraq neytrallaşdıra biləcək. Təbii ki, Rusiyanın da çox ciddi planlarının olacağı istisna edilmir. Rusiyanın orda hərbi bazası var, 5-ci kalonu var, onların güclənməsi, hansısa formada təmərküzləşməsi prosesi baş verə bilər. Ermənistanda həbs olunan Samvel Karapetyanın timsalında deyə bilərik ki, bugünkü güc Paşiyanın tərəfindədir və bu prosesdə qalib kimi görünür".



