
Sentyabrın 21-də Cenevrənin “Salle Frank Martin” konsert zalında “Piano Trio Areal” ansamblı klassik Azərbaycan və dünya musiqisini birləşdirən debüt albomunu təqdim edib.
Layihə Avropada Azərbaycan mədəni irsinin təbliğiatçısı kimi tanınan “Heritage Association”ın dəstəyi və yenilikçi musiqi layihələrini dəstəkləyən “Odradek Records”la əməkdaşlıq sayəsində gerçəkləşib.
Xüsusi diqqətəlayiq məqam albomda görkəmli bəstəkar Tofiq Bakıxanovun III Fortepiano Triosunun dünya üzrə ilk səsyazmasının yer almasıdır. Əsər Azərbaycan musiqi irsinin zənginliyini əks etdirir, musiqidə Şərq və Qərb ənənələrini birləşdirən ritmik, melodik bağlar yaradır. Yeni albom T.Bakıxanov musiqisinin müxtəlif beynəlxalq festivallarda, böyük konsert salonlarında ifa olunmasına, bununla da onun yaradıcılığının daha geniş auditoriyaya yayılmasına təkan verir.
Albom İtaliyanın Peskara-Montesilvano şəhərindəki müasir “The Spheres” studiyasında yazılıb. Layihənin təqdimatı münasibətilə təşkil edilmiş proqramda Frank Martinin “İrlandiya Xalq Nəğmələri üzərində Trio”, Dmitri Şostakoviçin mi-minor, Op. 67 II Piano Triosu və Tofiq Bakıxanovun III Piano Triosu səsləndirilib. Trio üzvləri skripkaçı Cəmilə Qarayusifli, violonçel ifaçısı Sandro Mezaros və pianoçu Darya Korotkova gənc, beynəlxalq səviyyədə tanınmış istedadlı musiqiçilərdir. Onların dərin emosional və təsirli ifası Cenevrə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb, ansamblın musiqi vasitəsilə mədəniyyətləri birləşdirmək missiyasını bir daha nümayiş etdirib.
Frank Martinin adını daşıyan və klassik musiqi konsertlərinin keçirildiyi ən nüfuzlu məkanlardan sayılan “Salle Frank Martin” zalında baş tutan təqdimata fəxri qonaq qismində məşhur bəstəkarın nəvəsi Denis Martin də dəvət edilib. Tədbirin təşkilatçılarının fikrincə, “Piano Trio Areal”ın debüt albomu yalnız ansamblın yüksək ifaçılıq məharətini nümayiş etdirmir, həm də klassik musiqi ilə mədəni ifadə arasındakı dərin bağları vurğulayır. Fərqli ənənələri birləşdirmək bacarığı sayəsində ansambl musiqi vasitəsilə güclü hekayə yaradır və həm incəsənətin, həm də mədəni irsin elçilərinə çevrilir. Bu albomun işıq üzü görməsi T.Bakıxanovun musiqisinin beynəlxalq festivallarda və böyük konsert səhnələrində ifasına şərait yaradaraq, onun yaradıcılığının daha geniş auditoriyalara çatmasına mühüm töhfə verir.
Müxtəlif ölkələri təmsil edən dinləyicilərin, peşəkar musiqiçilərin rəyinə görə, bu cür layihələr mədəniyyətlərarası mübadiləyə güclü impuls verir, eyni zamanda Azərbaycanın zəngin irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Layihənin təşəbbüskarı “Heritage Association” Cenevrədə yerləşən, Avropada Azərbaycan ənənələrini, incəsənətini və musiqisini təbliğ edən təşkilatdır. Assosiasiya mədəniyyətlərarası dialoqu təşviq edən, Azərbaycan mədəni irsini gələcək nəsillər üçün qoruyan layihələri dəstəkləyir və daha öncə də bir sıra mədəni təşəbbüslər reallaşdırıb. Bunlara İsveçrədə Azərbaycan milli mətbəxinin təqdim olunduğu böyük kulinariya festivalında iştirak, tarixçi Fuad Axundovun Cenevrədə mühazirələri, Bakı Marionet Teatrının Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasının nümayişi və “Leyli və Məcnun” tamaşasının kuklalarının “Les Salons” teatrında sərgisi, eləcə də məşhur caz pianoçusu Elçin Şirinovun Cenevrədəki konserti daxildir.
“Heritage Association”ın yeni layihəsi olan “Trio Areal” allbomunu isə Spotify, Apple Music kimi əsas platformalarda, eləcə də ansamblın rəsmi kanalları vasitəsilə dinləmək olar.
LALƏ











