
Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası mühüm yer tutur. Bu gün ölkəmizin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynamaqla yanaşı, həm də etibarlı tərəfdaş statusunu daşıyır. Azərbaycan, eyni zamanda, bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkədir və bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanın enerji siyasəti barədə danışıb, bu istiqamətdə görülən işlər barədə məlumat verib. Dövlət başçısı bildirib ki, enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir: "Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq".
Məlum olduğu kimi, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Ölkəmiz 2007-ci ildən başlayaraq Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstan və Türkiyəyə qaz nəqlinə başlayıb. Daha sonra isə özünün ixrac marşrutunu şaxələndirməyə nail olub. Azərbaycan qazı tək region ölkələrinə deyil, Avropaya, Yaxın Şərqə nəql olunur. Hazırda Azərbaycan qaz ixrac etdyi ölkələrin sayına görə lider mövqedədir.
Prezident çıxışında bildirib ki, Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur: "Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb".
Qeyd edək ki, bu il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri zamanı SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasının hüquqi və texniki əsasını təmin edib. Məlumata görə, Suriya Azərbaycandan gündəlik 3,4 milyon kubmetr qaz alır. Bu həcmdə qazın elektrik enerjisinə çevrilməsi nəticəsində təxminən 900-1200 meqavat gücündə elektrik istehsal olunur ki, bu da ölkənin elektrik enerjisi ilə təmininə öz töhfəsini verir. Eyni zamanda, bu, Azərbaycanın enerji siyasətində yeni istiqamətlər açır.
Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycan şaxələndirilmiş boru kəmərləri sistemi ilə ümumilikdə, 25,7 milyard kubmetr təbii qaz ixrac edərək 8,4 milyard ABŞ dolları həcmində gəlir əldə edib. Bunun 9,81 milyard kubmetri Türkiyəyə, 9,8 milyard kubmetri isə İtaliyaya tədarük olunub. Bu statistika əvvəlki illərlə müqayisədə artım dinamikasının qorunduğunu göstərib. Cari ilin 7 ayı ərzində isə ölkəmizin ixrac etdiyi 14,4 milyard kubmetr "mavi yanacaq"dan əldə edilən gəlir 5,99 milyard dollar olub. 2025-ci ilin yanvar-iyul aylarında qaz ixracı ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 34,6 faizini təşkil edib.
Hədəf 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetri ötməsidir. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumuna əsasən, qeyd edilən tarixə qədər Avropa İttifaqına qaz ixracının illik 20 milyard kubmetr həcmində artırılması planlaşdırılır.
Azərbaycan həm də yaşıl siyasətini inkişaf etdirir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Artıq azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib.
Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur.
Prezident BMT-nin yubiley sessiyasındakı nitqində bəyan edib ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Xatırladaq ki, 2032-ci ilə qədər 6 qiqavatdan çox onşor və ofşor günəş və külək gücünün yaradılması və Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizlərinin mərhələli şəkildə işə salınması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Avropa və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" dəhlizi layihələri həyata keçirilir.
Prezident BMT tribunasından Azərbaycanın qeyri-neft sektorunun inkişafına da diqqət çəkib: "Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi ("Moody's" və "Fitch") Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova hesab edir ki, enerji müstəqilliyi müasir dövrdə dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Enerji yalnız iqtisadiyyatın lokomotivi deyil, eyni zamanda, cəmiyyətin gündəlik həyatının, istehsalatın, nəqliyyatın, rabitənin və sosial rifahın əsas dayaqlarından biridir.
Onun sözlərinə görə, tarix göstərir ki, dünyada baş verən müharibələrin əksəriyyəti enerji mənbələri və nəqliyyat marşrutlarına nəzarət uğrunda aparılıb. Bu, enerji təhlükəsizliyinin yalnız iqtisadi məsələ deyil, həm də siyasi, strateji və geosiyasi bir amil olduğunu sübut edir: "Neft, qaz və digər strateji resurslar üzərində nəzarət bölgələrdə güc balansını dəyişdirir, dövlətlərin xarici siyasət kursuna ciddi təsir göstərir. Yaşıl enerjinin genişlənməsi də ölkələrin enerji diplomatiyasını gücləndirir, regional əməkdaşlığa və inteqrasiyaya töhfə verir. Xəzərdən Avropaya uzanan yaşıl enerji kabeli layihəsi artıq mümkünlüyünün araşdırılması mərhələsinin sonuna çatıb. Əslində, hazırda layihəni genişləndirməkdən söhbət gedir. Başlanğıcda kabel Gürcüstanın Qara dəniz sahilindən çıxırdı və indi Xəzər dənizinə uzadılıb. Hazırda isə kabelin şərqi Xəzər bölgəsinə, yəni Qazaxıstana qədər genişləndirilməsi planlaşdırılır".



