
Gələn ay Azərbaycan daha bir mühüm tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünə ev sahibliyi edəcək. Oktyabrın 7-də Qəbələ şəhərində baş tutacaq sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr ediləcək.
TDT-nin məlumatında deyilir ki, Zirvə görüşü təşkilata üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək. Toplantı bölgədə, həmçinin beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.
Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü keçiriləcək. Azərbaycanın tarixi Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır, Türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir.
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu istiqamətlərdə çalışır, TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması üçün mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir. Azərbaycanın TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və s. çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır.
Təşkilatın təsis olunmasında da Azərbaycanın mühüm rolu olub. TDT (o zamankı Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Özbəkistan 2019-cu ildə TDT-ya üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.
Qeyd edək ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Prezident İlham Əliyev sammitdə çıxışı zamanı bəyan edib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Azərbaycan lideri Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlıq həmrəyliyinin təzahürü adlandırıb. Türk ölkələrinin liderləri mütamadi olaraq azad olunmuş ərazilərə səfərlər edirlər.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və artıq fəaliyyət göstərən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Qırğızıstan tərəfindən Ağdamda məktəb binasının inşası, müşahidəçi dövlət olan Türkmənistanın Qarabağda məscid inşa etmək təşəbbüsünü qeyd etmək olar.
Göründüyü kimi, Türk dövlətləri arasında həmrəylik, inteqrasiya dərinləşməkdir. Mütəmadi görüşlərin keçirilməsi isə bu istiqamətdə mühüm rol oynayır. Bu, bir daha həm də onu göstərir ki, Azərbaycan liderinin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır.
Dövlət başçısının ötən il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi bu fikir mühüm əhəmiyyət kəsb edir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Azərbaycanın TDT ilə əməkdaşlığa verdiyi önəm Türk əməkdaşlıq təşkilatları ilə işbirliyi nəticəsində əldə olunmuş nailiyyətlərin də əsasını təşkil edir. Paytaxt Bakıda Türk əməkdaşlıq təşkilatlarından ikisi – Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil qərargahlarının yerləşməsi ölkəmizin Türk dünyası ilə əlaqələrini mahiyyət və keyfiyyətcə yeni mərhələyə yüksəltməsi istəyinin göstəricisidir.
TDT beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurub.
Sammit ərəfəsində Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən TDT-yə üzv dövlətlərin beyin mərkəzləri nümayəndələrinin panel müzakirələrində müasir qlobal təhlükəsizlik şəraitində təşkilatın rolun, imkanları və qarşıda duran çağırışlar diqqətdə olub. Panelin əsas gündəliyi siyasi təhlükəsizliyin qeyri‐müəyyənliklərinin artdığı bir dövrdə TDT-nin qlobal sülh və sabitliyə necə töhfə verə biləcəyi idi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesab edir ki, xüsusilə, son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırıb: “Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik. Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib”.
Onun sözlərinə görə, Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi var, onlardan 3-ü türk dövlətidir: “Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır. Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir ölkə ilə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalırlar”.
Onu da qeyd edək ki, Budapeştdə Baş nazir Viktor Orbanın təşəbbüsü ilə “Ludovika Türk Araşdırmaları Mərkəzi” yaradılıb və bu, Türk dövlətləri ilə əməkdaşlıq üçün yeni imkanlar ortaya qoyur. Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Laszlo Vasanın fikrincə, əsas güc türkün birliyindədir: “Ortaq dil, mədəniyyət və tarix bu əməkdaşlığı, sadəcə, taktiki deyil, strateji və institusional xarakterə çevirir. Bu sürətli tərəqqi mədəniyyətdən başlayaraq təhsil, sənaye, innovasiya, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrinə qədər genişlənir. TDT-ni bu baxımdan unikal edən cəhət onun təkcə təşkilat deyil, həm də “bir ailə” olmasıdır.
Türk dünyası bir ailəyə çevrilir, heç şübhəsiz ki, əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün yeni istiqamətlərin müəyyən edilməsində Qəbələ Zirvə görüşü vacib rol oynayacaq.



