
"Avropa Siyasi Birliyi"nin sayca 7-ci Zirvə toplantısı Danimarkanın paytaxtı Kopenhagendə keçirildi. Bu sammitdə dünyanın 50-yə yaxın ölkəsinin liderləri qlobal gündəmin əsas məsələlərini müzakirə etdilər. Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular diqqətdə olub.
"Avropa Siyasi Birliyi" (ASB) təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Azərbaycan "Avropa Siyasi Birliyi" təsis olunandan (2022-ci il) bu yana onun bütün sammitlərinə dəvət olunub. Kopenhagen sammiti Azərbaycan və onun liderinə olan xüsusi marağı bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin regionda yaratdığı yeni reallıqların Avropa tərəfindən qəbul edildiyini bir daha ortaya qoydu. Avropada Azərbaycanın regional əhəmiyyətini, beynəlxalq miqyasda rolunu, nəqliyyat-logistika sahəsində önəmini başa düşürlər. Ölkəmiz Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində, Avropanın enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir. Prezident İlham Əliyevin qarşı tərəfin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər də bunun göstəricisidir.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Hazırda ölkəmizdən ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Avropanın etibarlı enerji tərəfdaşı statusunu qazanmış Azərbaycan hazırda yaşıl enerji sahəsində də əməkdaşlığı inkişaf etdirir. Qara dənizdən Avropaya çəkiləcək "yaşıl kabel" layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirib və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu deyib. Dövlət başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirib.
Aİ rəhbərləri Azərbaycan liderini Vaşinqtonda Ermənistanla əldə edilmiş sülh razılaşmasına görə təbrik ediblər, sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu deyiblər.
Sammit çərçivəsində Prezident İlham Əliyevlə Fransa lideri Emmanuel Makronun görüşü də diqqət çəkib. Bu görüş Fransanın siyasəti nəticəsində pisləşən münasibətlərin bərpa olunacağı ehtimalını artırır.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı "525"ə deyib ki, "Avropa Siyasi Birliyi"nin sammitləri daha çox ikitərəfli danışıqlar aparmaq baxımından diqqət çəkir: "Bu sammit ikitərəfli, üçtərəfli görüşlər üçün faydalıdır. Cənab Prezident İlham Əliyev sammit çərçivəsində intensiv şəkildə yüksək səviyyəli görüşlər keçirdi. İtaliyanın Baş naziri Corcia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Ermənistanın Baş naziri Nikol Paşinyanla və bir çox ölkələrdən olan həmkarları ilə görüşləri baş tutdu. Bütün bunlar təbii ki, faydalıdır. Biri var ayrı-ayrı səfərlər edəsən, yaxud qəbullar keçirəsən, biri də var ki, bir tədbir zamanı müxtəlif görüşlər keçirib, danışıqlar aparasan".
Deputat Avropada Azərbaycana artan maraqdan da danışıb və bunun iki səbəbi olduğunu deyib: "Birincisi, energetika sahəsini qeyd etmək istəyirəm. Azərbaycan hazırda bu sahədə mühüm rol oynayır. Avropa Rusiyanın neft-qazından demək olar ki, imtina edib. Belə olan halda, Avropa maraqlıdır ki, Rusiyanın əvvəlki enerji resurslarını ayrı mənbələrdən təmin etsin. Bu baxımdan Azərbaycan əhəmiyyətlidir. Energetika sahəsində yaranan boşluğu doldurmaq üçün Azərbaycan çox əhəmiyyətlidir. Ölkəmiz İtaliyaya neft-qaz nəqlinə görə birinci yerdədir. Balkan ölkələri, hansılar ki, Rusiyadan neft-qaz sahəsində çox asılı idilər, Azərbaycan demək olar ki, burda təminatçı kimi çıxış edir. Bunlar hamısı təbii ki, əhəmiyyətlidir. İkinci amil isə odur ki, Avropaya Mərkəzi Asiyaya çıxış lazımdır. Bu çıxış ayrı cür təmin oluna bilməz. Yəni Rusiyadan yollar bağlıdırsa, yeganə çıxış qalır Cənubi Qafqaza. Bunu demək olar ki, Azərbaycan təmin edir".
Azərbaycan və Fransa prezidentlərinin görüşünü də şərh edən politoloq deyib ki, Parisin Azərbaycan əleyhinə apardığı bütün cəhdlər iflasa uğradı, nə qədər çalışsa da, heç nəyə nail ola bilmədi: "Azərbaycan ümumiyyətlə, Fransanın Cənubi Qafqazdan əlini kəsdi. İndi gördü ki, ona əhəmiyyət verilmədən Azərbaycan və Ermənistan razılığa gəliblər və tərəflərin razılaşmasını Makrondan qat-qat üstün mövqedə olan ABŞ Prezidenti dəstəklədi. Yəni bütün pisliklər elə Fransanın özünə qaldı. İndi barışıq üçün addım atdı, Azərbaycanın süni şəkildə Fransa ilə münaqişə yaratmasına, nəsə etməsinə ehtiyac yoxdur. Fransa özünü düzgün apardığı halda, Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır. Sadəcə olaraq Fransanın yerini bir çox məsələlərdə İtaliya tutub. Fransa indi çox çalışmalıdır ki, itirilmiş mövqelərini Azərbaycanda bərpa etsin".
Milli Məclisin deputatı Arzuxan Əlizadə isə "525"ə deyib ki, "Avropa Siyasi Birliyi"nin sammiti kifayət qədər sanballı tədbirdir. Azərbaycan Prezidentinin sammitdə iştirakı da kifayət qədər diqqət mərkəzində olan siyasi hadisədir: "Tədbirin daha diqqət çəkən məqamlarından biri də ondan ibarətdir ki, Azərbaycan lideri bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirdi və bu görüşlərin əksəriyyəti də qarşı tərəfin müraciətləri, istəkləri ilə baş tutdu. Bu, birmənalı olaraq Azərbaycana yönəlik diqqətin bariz nümunəsidir. Biz gördük ki, Kopenhagen sammitində Avropa ölkələrinin liderləri, Avropa İttifaqının rəhbərliyi, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen sülhün nəhayət ki, əldə olunması münasibətilə Prezident İlham Əliyev təbrik etdilər. Hər biri onun fərqindədirlər ki, Cənubi Qafqaza sülhün gəlməyinin əsas səbəbkarı Prezident İlham Əliyevdir. Çünki 30 il ərzində həllini tapmayan bir münaqişəni Azərbaycan öz gücü ilə həll etdi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə rol oynaya bilmədilər. Cəhdlər olunsa da, vasitəçilik missiyaları mövcud olsa da, nəticə etibarilə Azərbaycan özü bu problemi həll etmiş oldu. Prezident İlham Əliyevlə görüşən və onu bu münasibətlə təbrik edən hər bir dövlət və hökumət başçısı onun fərqindədilər ki, Azərbaycan Lideri yeni reallıqlar yaradıb və Cənubi Qafqaza yönəlik münasibət İlham Əliyevlə təmasların qurulması ilə mümkündür. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı ölkəsidir. Bu, Kopenhagen sammitində bir daha göründü. Azərbaycana, onun liderinə münasibət onu göstərir ki, artıq dünyanın qlobal güclərinin diqqət mərkəzində olan bir dövlətə çevrilmişik. Bu da təbii ki, qürurvericidir".
Fransa və Ermənistan liderləri ilə görüşə diqqət çəkən deputat deyib ki, Paris ilə münasibətlər qaydaya düşəcək kimi görünür: "Təəssüflər olsun ki, Makron dönəmində Azərbaycana yönəlik olduqca qeyri-konstruktiv mövqe sərgiləndi. Amma Azərbaycan hər dəfə adekvat olaraq bunun cavabını verdi. Nəhayət, biz sammitdə də gördük ki, Fransa Prezidenti Azərbaycan lideri ilə normal münasibət qurmağa can atır. Eyni zamanda, Ermənistanın Baş naziri ilə də görüş baş tutdu. Görüşün keçirilməsi həm də bir çox məsələlərin yenidən aydınlaşdırılması deməkdir. Bir məsələyə də xüsusi olaraq diqqət yetirmək istəyirəm ki, Ermənistan parlamentində Azərbaycanla sülh sazişi ilə əlaqədar məsələ gündəmə çıxarıldı. Həmin sammit ərəfəsində Ermənistan parlamentindəki dinləmələr, sənəd qəbulu, həm də Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün bir vəsilə oldu. Prezident İlham Əliyev ötən 8 avqust görüşündə də, razılaşmalar əldə olunanda da "Ermənistana bir ev tapşırıqları var" fikrini səsləndirmişdi. Görünən bundan ibarətdir ki, artıq Ermənistanın üzərinə götürdüyü öhdəliklər ardıcıl olaraq həyata keçirilməkdədir ki, bu da hər görüşdə müzakirə mövzusudur. İstənilən halda bu cür ikitərəfli təmasların, kommunikasiyanın olması, bizi sülhə bir qədər də yaxınlaşdırır. Bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan tərəf bu gün ölkəmizlə münasibətlərin qurulmasında maraqlı görünür və regionda Azərbaycanla əməkdaşlığın, normal münasibətlərin qurulmasının faydalı olduğunu nəhayət ki, anlayıb".



