
"Torpaq insanı udanda qəbir olur, insan torpağı udanda - Şəhid!.. İnsan bütün yerlərini qəbrə uduzur, Vətən bütün yerlərini Şəhidə... Bir də, bu dünyada hamı öz əcəliylə ölür, Şəhid hamının əcəliylə"... Yaxınlarda rastlaşdığım bu sətirlərin müəllifi şair Şəhriyar Del Geranidir.
Acılarımızın yaşandığı aydır oktyabr... Beş il əvvəl xoş xəbərlərlə bərabər, şəhid ağrısını bizə daha çox yaşatdı bu ay...
Onlar elə bir nəsil idilər ki, torpaq uğrunda yaşamağın nə demək olduğunu sözlə deyil, əməllərilə anlatdılar. Kiçik yaşlarından sinələrində böyüyən Vətən sevgisi beş il əvvəl bir payız günü alova çevrildi. Həmin alov bir xalqın illərlə susan ümidini oyatdı. Onlar müharibəni qorxu ilə deyil, inamla qarşıladılar, çünki vətənpərvərlik onlara qanla, ruhla, yaddaşla gəlmişdi. Hər birinin arxasında bir ailə, bir yurd, bir xatirə və bir də milyonların duası vardı. Müharibədə isə tək bir ad uğrunda birləşdilər - Azərbaycan! Onların ayaq səsləri torpağın yaddaşında daşlaşaraq qalacaq. Çünki bu Vətən onların nəfəsi və şəhadəti ilə bütövləşdi.
44 günün gəncləri ölümün üzünə gülümsəməyi bacardılar. Onlar üçün qorxu yox, Vətən vardı, rahatlıq yox, borc vardı. Əllərində silah, dillərində dua ilə getdilər savaşa. Biri özü ilə sevgisini, biri nişan üzüyünü, biri doğulmamış körpəsinin xəyalını, biri arxada qalan anasının baxışını apardı cəbhəyə. Və onlar bu torpağı cana gətirən addımları ilə, dastana çevrilən qəhrəmanlıqları ilə Vətən sevgisini tarixə yazdılar. Qarşıda hər addımın şəhadət olduğunu bilsələr də, hər birinin qəlbində qələbə inamı, zəfəri görmək ümidi vardı və əslində bu, onların haqqı idi...
Bugünkü şəhid qəhrəmanımızın döyüş yolu cəmi on iki gün çəkib. İyirmi yaşlı gənc heç nə düşünmədən bütün arzu və xəyallarını bir tək Vətən adına qurban verib. Müsahibimiz "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunan, cəbhədə "Nigeriyalı" təxəllüsü ilə tanınan İzzət Həmidovun anası Vəfa xanım İzzətlidir.
- İzzətin adını soyadınıza çevirdiniz...
- İzzət ilk övladım idi, ondan sonra daha iki qardaşı olsa da, ona olan məhəbbətim tam fərqli idi və bunu hamı bilirdi. İki gün əvvəl onun şəhadətinin beş ili oldu və bu illər ərzində bircə an belə İzzəti anmadığım, adını çəkmədiyim günüm olmayıb. Onun adı bu gün həm mənim, həm qardaşlarının rəsmi soyadıdır. Bir millətin qəhrəmanını yaşatmaq onun haqqıdır.
- Şəhidimizə olan fərqli ana məhəbbətinin yəqin ki, səbəbi var...
- Başlanğıcda ailənin ilki kimi olsa da, zamanla İzzətin fərqli bir oğul olduğunu gördükcə ona istəyim, bağlılığım artırırdı. Onun mənə diqqəti, qayğısı, sevgisi o qədər fərqli idi ki, bunu kiçik yaşlarından hiss edirdim. İzzət məni heç zaman kədərli görmək istəməyib. Çətin vaxtlarımda öz yaşı çərçivəsində mənə yardımçı olmağa çalışıb. Mən onun əsl kişi, qeyrətli biri kimi böyüdüyünü görürdüm. İzzətə biganəlik hissi yad idi. Onları tək böyütdüyümün fərqinə vardığından hər zaman mənə dayaq olmağa çalışırdı. Deyərdim ki, İzzət vaxtından tez böyüdü. O, sanki ailəyə arxa, dayaq olmağa çalışmaqla demək istəyirdi ki, ana, sən tək deyilsən. İzzət təkcə oğlum deyildi, o, mənim dostum, sirdaşım, güvənə biləcəyim varlıq, əminliklə arxalandığım bir dayaq idi. Son nəfəsimə qədər onun varlığını yaşatmaqla nəfəs alacağam.

- Çətin də olsa, şəhidimizin iyirmi illik ömür kitabını vərəqləyək...
- Ortancıl oğlum Elvindən bir, sonbeşiyimiz Nurlandan yeddi yaş böyük idi İzzət və həmişə də onlardan seçilirdi. Ən əvvəl zəhmətkeş olmağı ilə. İndiyə qədər İzzətimin tək bir yanlışını, nöqsanını tapa bilmədim ki, özümə toxtaqlıq verim. Kiçik yaşlarından onu rəqsə qoydum. Yaxşı rəqs edirdi, televiziyalara dəvət alırdı, "Yaxşıların yaxşısı" nominasiyasının qalibi də olmuşdu. Amma yaşı artdıqca baxışları dəyişdi və səkkizinci sinifdə oxuyarkən dedi ki, ana, demirəm rəqqaslıq pis sənətdir, lakin kişiyə yaraşdırmıram. Bununla da rəqsdən ayrıldı. Futbola yaman həvəsli idi və AZAL futbol klubuna gəldi, kubok qazandı. İzzət hara gedibsə, üzümü həmişə ağ edib. Onu komandaya qəbul etdilər, rəsmi olaraq maaş da alacaqdı. Lakin İzzətin böyrəyində kista vardı və həkimin dediyinə əsasən, futbol onun üçün təhlükəli idi. Top böyrəyinə dəyərsə, partlaya bilər. O zaman onu itirmək qorxusu məni elə bürüdü ki, ağlayaraq, yalvararaq İzzəti futboldan uzaqlaşdırdım. Hardan bilərdim ki, İzzətin taleyini Tanrı çoxdan yazıb.
- Anaya olan məhəbbəti sonda onu sevdiyi sahədən ayıra bilib...
- İzzət mənim göz yaşlarımı heç zaman görmək istəməyib, amma beş ildir bu yaş qurumaq bilmir. On birinci sinfi bitirəndən sonra dedi ki, aşpazlığa getmək istəyirəm, pitsa, lahmacun ustası olacağam. Yəni bu uşaq dayanmaq bilmirdi, fikri ancaq bir işlə məşğul olmaq, evə maddi yardım göstərmək idi. Şəhid Cəbrayıl Dövlətzadə ilə birlikdə işləməyə başladı. Tez-tez iş yerinə gedərdim və həmişə haqqında tərif eşidərdim. İzzət gördüyü işi mükəmməl öyrənərək davam edərdi. İşi tez qavrayardı və eyni zamanda cəld idi. Onu üzən tək bir səbəb vardı - böyrəyinə görə hərbi xidmətə yararsız idi və buna görə təqaüd alırdı.
- Bununla belə, o, müharibəyə getdi...
- Hər şey Elvinin hərbi xidmətə getməyindən sonra başladı. İzzətlə onun andiçməsinə getdik. Oradan gələndən sonra İzzət özünə yer tapa bilmirdi. Axırda qarşıma keçib dedi: "Ana, hərbi forma geyinmək mənim ən böyük arzumdur. Çox istəyirəm hərbi xidmətə getmək. Nə olar, məni anla. Səni tək qoymuram ki, Nurlan yanındadır". Bu dəfə nə göz yaşlarım, nə yalvarışım, nə qohum-əqrəbanın sözü İzzətə təsir etmədi. Təqaüdündən imtina etdi. Bir il hərbi komissarlığa ayaq döydü, onlarla mübahisə etdi və nəhayət, 2019-cu ilin oktyabr ayında onun üçün çağırıış vərəqəsi gəldi. O anda İzzətin sevincini görmək lazım idi. Haramı düzündə hərbi xidmətinə başladı.
- Deməli, müharibə başlayanda İzzət də, qardaşı da hərbi xidmətdə idilər...
- Bəli... İzzəti mən cəmi iki dəfə gördüm - bir andiçmədə, bir də 2020-ci il fevralın 28-də onun doğum günündə. Həmin ərəfədə pandemiya olduğundan məzuniyyətə belə gələ bilmədi. Elvin hərbi xidmətdən sonra polis orqanlarında işləmək arzusunda olduğundan çox çalışdı ki, əsgərlikdə manqa komandiri seçilsin. Amma bu, ona deyil, İzzətə nəsib oldu. Hərbi xidmətə getdiyindən qısa bir ara sonra zəng vurdu ki, ana, məni manqa komandiri seçdilər. Yəni Tanrı İzzətə sanki yaxşı olanı nəsib edirdi. Və bir gün səhərimizi müharibə xəbəri ilə açdıq. Hisslərim o qədər qarışdı ki, bilmədim dünyanın hansı bucağındayam. Uşaqların hələ heç birindən xəbərim yox idi və az keçməmiş İzzətdən zəng gəldi. Dedi ki, bizi Füzuliyə göndərdilər. Əslində isə o, tamam başqa məqsədlə zəng vurmuşdu. Ağzımı açmağa macal vermədən dedi: "Ana, birdən xəstəliyimlə bağlı harasa müraciət edərsən ki, məni arxa cəbhəyə çəksinlər, bunu qəti etmə. Səni nə qədər sevdiyimi bilirsən. Əgər belə bir addım atarsansa, səni heç zaman bağışlamaram". İmkan olandan olana zəng vururdu ki, bir-birimizin səsini eşidək. O odun-alovun içində məni də düşünürdü. Ancaq deyirdi ki, özünə yaxşı bax ki, burada səndən nigaran qalmayım. İki balası müharibədə olan ananın özünə yaxşı baxmaqmı yadına düşürdü. Əlim ürəyimdə, səksəkə içində idim. İzzət şəhid olandan sonra Elvini ön cəbhəyə göndərmədilər, amma hərbi xidməti bitsə də, yeddi aydan sonra qayıtdı. Azacıq təsəllim Elvinin salamat qayıtmağı oldu.

- 9 oktyabr 2020-ci il...
- Ondan iki gün əvvəl danışmışdım İzzətlə. Sözü ancaq bu idi ki, ana, narahat olma. Yeməyimiz də var, dincəlməyə yerimiz də. Düşməni də qova-qova gedirik. Qələbə bizimdir. Gün gələcək ki, səni İzzətin anası kimi tanıyacaqlar, sən də mənimlə fəxr edəcəksən. Neçə ay idi üzünə həsrət qalmışdım, yalnız səsini eşidə bilirdim. Günlərim göz yaşı və dualarla keçirdi. Biz əsgər anaları təkcə öz övladlarımız üçün deyil, bütün əsgər balaları üçün dua edirdik. Həmin gecə yenə də göz yaşı içində yuxuya getdim. Gördüm ki, iş yerindəyəm, İzzətlə sonbeşimiyiz Nurlan birlikdə mənə yaxınlaşırlar. Birdən İzzət yox olur, Nurlan tək girir içəri. Hövlnak yuxudan oyandım, ürəyimin çırpıntısını qulaqlarımda eşidirdim. Xalam qızına dedim ki, İzzətə nəsə olub, zəng et. Əlimizdə olan bütün nömrələrə zəng vursaq da, heç kimlə əlaqə saxlaya bilmirdik. Gəldim işə, amma elə vurnuxa-vurnuxa qalmışdım. İzzətdən gələn bütün zənglərin nömrələrini yığıram, heç birindən cavab gəlmir. Sonda bir əsgər yoldaşı zəng çaldı və hiss etdim ki, uşaq boğularaq danışır. Dedim ki, mütləq İzzətlə danışmalıyam. Dedi ki, axşam İzzət sizə zəng edəcək. Həmin axşam isə İzzət zəng etmədi, özü gəldi - üçrəngli bayrağa bükülmüş tabutda. Mən onun şəhid olacağını ağlımın ucundan belə keçirmirdim. Əmin idim ki, onu qalib əsgər kimi qarşılayıb bağrıma basacağam. Son danışığımızda mənə belə bir söz dedi: "Kaş ki şəhid olum. Ana, şəhid olmaq heç bilirsən nə deməkdir? Şəhid olsam, mən Vətənin, Elvinlə Nurlan sənin olacaq". Əsgər dostlarına da şəhid olacağını demişdi. Necə arzulamışdısa, elə də oldu.
- İzzət cəmi on iki günlük döyüş yolu keçə bildi...
- Vur-tut on iki gün... Sonra komandirindən öyrəndim ki, İzzət qarşılıqlı atışmada şəhid olub. Düşmən tərəfdən gələn minamyotun qəlpəsi boynunun sağ tərəfinin şah damarına dəydiyindən anındaca şəhid olub. Mən onun ömürlük şikəst qalmasına razı idim, təki quruca nəfəsi gələydi. Əvvəlcə üzünü görmək istəyim olsa da, sonda düşündüm ki, qoy İzzət öz halı, görkəmi ilə yadımda qalsın. Və inanın ki, bir müddətdən sonra yuxuda İzzəti əlil arabasında boynu çiynində olan bir vəziyyətdə gördüm. Sanki Tanrı bunu bir işarə kimi mənə göstərdi ki, qədərimlə barışım. İzzət özündən sonra mənə çoxlu yarımçıq arzular və bir gecəyə ağarmış saçlar qoyub getdi.
- Amma sizin daha iki oğlunuz var, yarımçıq arzuları onlarla tamamlayarsınız...
- Düz iki il işləmədim, göz yaşlarım qurumaq bilmədi. Dövlətin İzzət üçün ayırdığı vəsaitin bircə manatını belə, evə gətirmədim. İkinci oğlum Elvinlə rayon-rayon gəzib şəhid ailələrində, qocalar evlərində, uşaqlar üçün sığınacaqlarda İzzətin adına ehsanlar verdim. Qazilərimizə dəstək oldum, indi də onların yanındayam. Mən İzzətin şəhid adından nə özüm, nə də qardaşları üçün istifadə etdim. İki il özümə çox qadağalar qoydum, lakin sonunda övladlarımın narahatlığı məni sanki silkələyib ayıltdı. Onların gəncliyini, həyatını, arzularını əllərindən almağa İzzət heç zaman razı olmazdı. Onlara həmişə deyərdim ki, üçmərtəbəli ev tikdirəcəyəm, üç oğlum və gəlinlərimlə birlikdə yaşayacağam. İnanın həmin evi və İzzəti bəylik geyimində yuxuda gürdüm. Gəldi, gülümsədi və getdi. Həqiqətən şəhidlər ölmür, varlıqlarını hər hansısa bir şəkildə hiss etdirir. Mən bunun dəfələrlə şahidi olmuşam. Sualda yarımçıq arzulara toxundunuz. Həmin arzuları bacardığım qədər Elvin və Nurlanda yaşadacağam. Bunu onların əlindən almağa haqqım yoxdur.
- Şəhid analarının əksəriyyəti övladının şəhid olduğu yeri ziyarət edir...
- Mən də getdim, lakin ayağımı yerə basmağa ehtiyat edirdim. Ən xırda daşın üzərində belə, sanki qan görürdüm, qulağımda atəş, qışqırıq səsləri eşitməyə başladım, O yerləri görmək çox ağırdır. Bir dəfə gedib gördüm, daha istəmərəm, çox ağrılı mənzərələr qalıb o yerlərdə.
- Yəqin ki, əlinizdə İzzətdən yadigar bir görüntü var...

- Xeyr... Onunla bircə dəfə görüntülü danışığımız oldu. O, Haramı düzündə idi, mən Sumqayıtda. Ətrafı ona göstərdim, bircə onu dedi ki, ana, mən oraları yenə görəcəyəmmi? Üzünə baxanda gördüm ki, çox arıqlayıb. İzzət nə şəkil çəkdirməyi sevirdi, nə video görüntülər. Onu şəkil çəkdirib bizə göndərməyə məcbur etmişəm. Və nə yaxşı əlimdə onlar qalıb. Onun dediyi: "Vaxt olacaq sənə İzzətin anası deyəcəklər" sözü öz yerini tapdı. İzzətin çox qısa döyüş yolu haqqında komandiri mənə belə demişdi: "İzzət düşmənin bütün koordinatlarını dəqiqliyilə tuturdu. Təxəllüsü "Nigeriyalı" idi. Qaraşın olduğu üçün onu belə çağırırdıq. Sonradan gələn könüllülərə təlim keçirdi. Topçu kimi hara lazım idisə, birinci İzzət özünü önə atırdı". Əslində eşitdiklərimə təəccüblənmədim, çünki İzzətin xarakteri bu idi. Bəzən düşünürəm ki, İzzət ən azından hərbi forma geyinmək, Vətənə xidmət etmək kimi arzularına çata bildi. Sonradan onu da bildim ki, şəhid olmaq istəyi də var imiş onun. Təsəllimi onda tapıram ki, övladım Vətən uğrunda can qoyaraq, adını qəhrəmanlar sırasına yaza bilib. Çox qısa ömür yolu şəhidlik zirvəsində tamamlanıb. Biz şəhid analarına onların təltiflərini təqdim edəndə, general Polad Həşimovdan sonra İzzət Həmidovun adı səsləndi. Övlad acısı yaşayan bir ana üçün bu zirvənin dəyərini heç nə əvəz edə bilməz. Şəhid oğullar özlərindən sonra biz analara övlad acısı yaşatsalar da, bu millətə, bu xalqa azad Vətən torpağını əmanət edərək tarixə şərəfli bir salnamə yazmağı bacardılar.
SÖZARDI: Bəzən bir ömür bir anın içində əriyir... Həmin anın adı Vətəndir. 44 günün gəncləri məhz həmin anı seçdilər, çünki otuz il yol gözləyən torpağın hər qarışı bir yurd, hər cığırı bir yaddaş idi. Onlar həyatlarını yox, Vətəni seçdilər. Torpağın sükutunu öz sədaları ilə pozaraq, adlarını daşlara deyil, insanların qəlbinə həkk etdilər. Şəhidlər ölmür, səmanın bir parçasına çevrilərək, hər səhər şəfəqlə birlikdə Vətəni oyadırlar. Bəlkə də elə buna görə azadlığın hər sədasında bir şəhidin səsi eşidilir. Və tarix o səsləri susmağa qoymayacaq...
Tamilla M-ZADƏ



