
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nuray Mahmudzadədir. Onunla məşhur Niderland rəssamı Rembrandtın "Qaliley dənizində fırtına zamanı İsa" əsəri haqqında danışmışıq.
Rembrandt Harmens van Reyn Niderland rəngkarlığının "qızıl dövrü"nün ən görkəmli nümayəndələrindəndir. Onun yaradıcılıq illəri barokko sənətinin ən parlaq və məhsuldar dövrlərindən sayılır. Rembrandt öz əsərlərində insanın hiss və həyəcanlarının bütün spektrini emosional dolğunluqla ifadə etməyi bacarırdı. Görkəmli rəssamın əsərləri janr baxımından son dərəcə müxtəlifdir. O, mənzərələr, İncil qəhrəmanları, mifoloji səhnələr, portretlər və avtoportretlər yaradıb. Rəssamın bütün yaradıcılığı humanizm ruhu və insan təbiətinin dərin anlayışı ilə doludur. O, tamaşaçıya insan duyğularının və hisslərinin zamanla məhdudlaşmayan mənəvi aləmini açırdı. Rembrandt geniş yaradıcılıq diapazonuna sahib idi. Rəssam hələ sağlığında belə, Avropa boyunca geniş yayılan qravürləri sayəsində böyük şöhrət qazanmışdı. Mənzərələr, İncil qəhrəmanları, mifoloji səhnələr, portretlər və avtoportretlər yaratmışdı. Onun bütün yaradıcılığı humanizm ruhu və insan təbiətinin dərin anlayışı ilə doludur.
Valideynləri onun yaşıdlarından xeyli fərqləndiyini görüb əvvəlcə nüfuzlu bir məktəbə, daha sonra isə Avropanın ən məşhur ali təhsil müəssisələrindən biri olan Leyden Universitetinə yollamışdılar. Lakin o, ürəyinin səsini dinləyərək rəssamlığa yönəlmək qərarına gələndə, ailəsi buna qarşı çıxmadı, əksinə, qərarını dəstəkləyərək universitetdən çıxarıb bir rəssamın emalatxanasına şagird kimi göndərdilər. Sonrakı illərdə Rembrandt, dövrün işiq-kölgə ustası hesab olunan Karavaccodan sənət sirlərini öyrənərək öz üslubuna tətbiq etmişdi. 1631-ci ildə Rembrandt daimi olaraq Amsterdam şəhərinə köçür və burada peşəkar portret rəssamı kimi şöhrət qazanır.
- Əsərin yaranması Rembrandt yaradıcılığının hansı dövrünə təsadüf edir?
- Rembrandtın ən məşhur əsərlərindən biri 1633-cü ildə çəkilmiş "Qaliley dənizində fırtına zamanı İsa"dır. Bu tablo onun erkən yaradıcılıq dövrünə aiddir. Sözügedən əsərin yarandığı vaxt 29 yaşlı rəssamın Niderlandın Leyden şəhərindəki öz studiyasından Amsterdam şəhərinə köçdüyü dövr idi. O, aristokratların portretlərini çəkərək misilsiz qonorarlar almağa başlamışdı. Rembrandt bir çox rəssamlar kimi, dini mövzulara böyük maraq göstərirdi. Bu əsər İncilin Markın Müjdə kitabının IV fəslindəki "Fırtınanın səssizləşdirilməsi" mövzusunu təsvir edir. O, burada İsa Məsihin möcüzəsini və insan təbiətinə təsirini vizual şəkildə göstərmək istəyib.
- Əsərin rəng həlli necədir?
- Rembrandtın əsərində rəng həlli son dərəcə məqsədyönlüdür. Burada tünd mavi, qəhvəyi və neytral rənglərdən istifadənin şahidi oluruq. Sol tərəfdəki işıqlı hissədə günəş işığın təsiri ilə daha açıq və isti tonlar - sarı və açıq qəhvəyi istifadə olunub. Bu hissə dalğaların köpüklü hərəkətini və dənizçilərin üz ifadələrini vurğulayır, həmçinin hərəkətə canlılıq və dərinlik verir. Sağ tərəf isə qaranlıq və dramatikdir, tünd mavi və demək olar ki, qara rənglər dənizin təhlükəsini, təbiətin gücünü və qorxu hissini simvollaşdırır. Bu kontrast işıq-kölgə oyunu (chiaroscuro) əsərin əsas emosional təsirini yaradır. Rəng və işıq arasındakı bu qarşıdurma həm dramaturji, həm də psixoloji təsir yaradır: fırtınalı və təhlükəli mühitlə, sakit və əmin olan Xristosun emosional müqayisəsini ön plana çıxarır. Əsərdə köpüklü dalğalar və buludlardan süzülən günəş işığı mövcuddur. Bu hissə dənizçiləri, yelkənləri və hər detalı aydın göstərir: üz cizgiləri və emosiyalar da dəqiq təsvir olunub. Beləliklə, gözlər instinktiv olaraq sağ tərəfdəki qorxu və xaosdan sol tərəfə, işıq və nizamın olduğu hissəyə yönəlir. Bu rəng harmoniyası və işıqlandırmadan ustalıqla istifadə əsəri statik bir tablo olmaqdan kənarlaşdıraraq canlı bir dramatik səhnə kimi göstərir, sanki tamaşaçı hadisələrin içindədir. Əsər yağlı boya texnikası ilə hazırlanıb və kətan üzərində işlənib. Ölçüləri təqribən 160?128 sm təşkil edir, yəni orta ölçülü bir tablo sayılır.
- Əsərin kompozisiyası necədir?
- Tablo həm dini, həm də dramatik kontekstdə böyük əhəmiyyət kəsb edir. Tabloda kulminasiya nöqtəsi təsvir olunub: qəfildən başlayan sərt fırtına səyahət edənləri həyat və ölüm arasında mübarizəyə çağırır. Böyük dalğalar qayıq burununa çırpılır, güclü külək qayığı tərs çevirə və ya qayalara atacaqmış kimi görünür. Gəmidə xaos hökm sürür; Xristosun şagirdləri təbiətin amansız gücündən dəhşətə gəlmiş, bəziləri qayığı suyun üzərində saxlamaq üçün canla-başla çalışır, digərləri isə qorxu içində donub qalır. Bir nəfər dəhşətə gəlmiş şəkildə dirəklərə yapışmış vəziyyətdə təsvir olunub. Rəssam obrazların psixoloji vəziyyətini tamaşaçıya yüksək şəkildə çatdırmağı bacarıb. Əsər çoxfiqurlu kompozisiyadan ibarətdir. Rəsmin dinamik keyfiyyəti, xüsusən də dalğaların və fiqurların hərəkəti, kompozisiyanın intensivliyinə töhfə verən ritmik fırça vuruşları vasitəsilə əldə edilib. Rembrandt bu əsərində yaxşı ilə pisin mübarizəsini ustalıqla çatdırır. Fırtınalı dəniz və şagirdlərin panikası bir tərəfdə, İsanın emosional sakitliyi digər tərəfdədir. Hər bir detal həm fiqurların bədəni, həm də üz ifadələri insan zəifliyinin və təbii qüvvəyə qarşı müqavimət göstərməyin qeyri-mümkünlüyünü vurğulayır. Bu işıq-qaranlıq qarşılığı kompozisiyanı iki vizual hissəyə bölür, tamaşaçının diqqətini eyni zamanda fırtınanın təhlükəsinə və ilahi sakitliyə yönəldir. Beləliklə, dramatikliyi və hadisənin dinamizmi işıq həlli ilə daha da güclənir. Bu rəsmin Rembrandtın yaradıcılığında şah əsər hesab olunmasının səbəbi onun dərhal tamaşaçının diqqətini cəlb etməsidir. Barokk dövrünün şişirdilmiş dramı realizm duyğusu ilə uğurla birləşdirildiyi üçün hadisələrin gedişatını izləmək daha maraqlı olur. Rembrandt öz portretlərini çəkməyi sevirdi və 40-dan çox avtoreportaj yaratmışdı. O, həmçinin çox vaxt özünü əsərlərinə daxil edirdi; "Qaliley dənizində fırtına zamanı İsa" da istisna deyildi. Əsərə diqqətlə baxsaq, tablonun ön planda, gərilmiş ipə möhkəm yapışmış və tamaşaçıya baxan bir heyət üzvünü görmək olar. Rəssam özünü həmin fiqurda təsvir edib. Hadisə dərhal tamaşaçının diqqətini çəkir, o qədər dinamik açılır ki, bunu bir növ bədii film adlandırmaq olar.
- Bir qədər də tablonun başına gələn bəlalardan danışaq.
- Bildiyiniz kimi, 1990-cı ildə tablo, Boston şəhərindəki "Isabella Stewart Gardner" Muzeyindən digər 12 əsərlə birlikdə oğurlanmış və bir daha tapılmayıb. Rembrandtın bu işi muzeyin ən əsas əsərlərindən biri idi və oğurlanması böyük şok yaratdı. Bu, ABŞ tarixindəki ən böyük oğurluqlardan biri hesab edilir. Çoxlarına maraqlıdır ki, bu əsərləri divardan necə çıxarıblar? Əsərlər divarlardan çıxarılıb, kadrlarından kəsilərək götürülüb və bu günə qədər heç biri geri qaytarılmayıb, boş kadrlar hələ də muzeydə asılıdır. Oğruları tapmaq məqsədilə istintaqa başladı, işin davam etdirilməsinə kömək edəcək hər hansı məlumat üçün 5 milyon dollar mükafat da təklif etdilər. Təəssüf ki, bu istintaq uğurla nəticələnmədi və Rembrandtın əsərinin və digər oğurlanan əsərlərin axtarışı hələ də davam edir. Bu oğurluq bu günə qədər incəsənət tarixində ən məşhur açılmamış cinayətlərdən biri olaraq qalır.
- "Qaliley dənizində fırtına zamanı İsa" rəssamın digər əsərləri ilə hansı ortaq və fərqli xüsusiyyətlərə malikdir?
- Rembrandtın bu əsəri onun yaradıcılığında həm unikaldır, həm də digər əsərləri ilə bir sıra oxşarlıqlara sahibdir. Əsərin əsas fərqi onun tamamilə hadisə yönümlü və dəniz mənzərəsi olmasıdır. Rembrandtın zəngin portret və dini əsərlər kolleksiyasında dəniz mövzusu yalnız bu tabloda əks olunub. Bu əsərində olduğu kimi, digər əsərlərində də, o özünü obraz kimi daxil edib. Rembrandt yaratdığı əsərlərdə - məsələn, "Saskiyanın portreti", "Saskiya ilə avtoportret", "Doktor Tulpun anatomiya dərsi" (1632), - obrazların xarakteristik xüsusiyyətlərini və emosional durumunu incəliklə əks etdirir. Bu, "Qaliley dənizində fırtına zamanı İsa" əsərindəki kimi dramatik gərginliyi və insan psixologiyasının təbii ifadəsini canlandırmaqla oxşar cəhət təşkil edir; yəni həm portret, həm də dini səhnələrdə Rembrandt insanın daxili dünyasını işıq, kölgə və ifadələrlə ustalıqla təqdim edir. O, insan üzlərinin ən incə detallarını - ifadələri, qırışları, gözlərindəki parıltını və hər birinin fərqli xarakter xüsusiyyətlərini məharətlə təsvir etməyi bacarırdı.
- Sizcə, bu rəsm biz nə deyir?
- Həyatımızın müxtəlif mərhələlərində hər birimiz fırtınalarla və ya sınaqlarla üzləşirik. Bu fırtınaların səbəbləri və müddəti fərqlidir. Həyat fırtınalarına nə qədər hazırlıqlı olmağa çalışsaq da, bəzən onları sakitləşdirmək üçün kifayət qədər daxili gücümüzün olmadığını görürük. Belə zamanlarda daha təmkinli qalmaq və hər şeyin düzələcəyinə dair inam hissinin olması bizi xilas edə bilər. Fırtınalı dəniz və panikadakı şagirdlər insan zəifliyini və təbiətin gücünü göstərir. İsanın sakitliyi isə iman və daxili gücün qorxu üzərində üstün gəlməsini simvollaşdırır. Dalğaların hiddəti, yelkənin yellənməsi və şagirdlərin hərəkəti izləyiciyə hadisənin intensivliyini və gərginliyini hiss etdirməyə xidmət edir. Təbii qüvvələrə qarşı insan mübarizəsi, eyni zamanda mənəvi və ruhani mövqe arasındakı qarşıdurmanı simvollaşdırır.
Aytac SAHƏD



