
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə düşdü. Qəzza zolağında iki il fasiləsiz davam edən müharibə Yaxın Şərqi qana boyamaqla, çox ağır, faciəvi nəticələrə gətirib çıxarıb. Bu mənada sülh sammitində Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanması böyük önəmə malikdir.
Misirdə keçirilən sammitə məhdud sayda ölkələrin liderləri qatılmışdı. ABŞ Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edib. Təbii ki, bu, Azərbaycanın və onun liderinin qlobal məsələlərin həllində oynadığı rola verilən qiymətdir. Azərbaycan bu gün dünyanın güclü dövlətləri sırasındadır, eyni zamanda, ölkəmiz qlobal məsələlərin müzakirəsində, həll yollarının tapılmasında iştirak edən tərəfə çevrilib. Sammitə dəvət də Azərbaycanın xarici siyasətinin və Yaxın Şərqə istiqamətlənmiş siyasətinin nümunəsi kimi dəyərləndirilə bilər. Ən mühüm məsələlərdən biri də budur ki, Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib. Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə regionda yaratdığı yeni reallıqları dünya qəbul edir, Azərbaycanın sülh gündəliyini dəstəkləyir.
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bir neçə dəfə Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmalara, sülh prosesinə diqqət çəkib.
Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq deyib: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.
İmzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirib: “Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 31 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun”.
Misir sammiti Azərbaycanın əhəmiyyətli aktor kimi rolunu bir daha nümayiş etdirdi. Bakı bu gün artıq geosiyasi sabitlikdə, sülhün bərqərar olmasında aparıcı rol almağa başlayıb. İsrail-Türkiyə, İsrail-Suriya danışıqlarının aparılmasında Azərbaycanın rolunu qeyd etmək lazımdır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli və prinsipial xarici siyasətin nəticəsidir.
Şarm əl-Şeyx Sammiti Azərbaycan liderinin oktyabr ayında iştirak etdiyi sayca dördüncü beynəlxalq tədbirdir: Kopenhagen, Qəbələ, Düşənbə və Şarm əl-Şeyx. Fərqli coğrafiyalarda, fərqli formatda keçirilən sammitlərə dəvət Azərbaycan liderinin beynəlxalq nüfuzunun göstəricisidir. Qeyd edək ki, 1-2 oktyabrda Avropa Siyasi Birliyinin Kopenhagen sammiti, 6-7 oktyabrda Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti, 9-10 oktyabrda Düşənbədə MDB Sammiti və sonuncu Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh sammiti keçirildi. Bütün bu beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti region və dünya gündəmini əhatə edən məsələlərə toxunmaqla yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirib. Sonuncu Şarm əl-Şeyx sammiti çərçivəsində dövlət başçısı ABŞ Prezidenti Donald Trampla görüşüb, Fransa prezidenti, Macarıstanın, Ermənistanın, Pakistanın, Niderlandın baş nazirləri, İordaniya kralı, Fələstin dövlətinin başçısı və bir sıra digər ölkələrin liderləri ilə söhbətlər edib.
Azərbaycan bu gün təkcə beynəlxalq proseslərdə iştirak etmir, dialoq platforması kimi çıxış etmir, həm də bərpa-quruculuq işlərinə öz töhfəsini verir, humanitar yardımlar göstərir. Bu sırada Suriyanı, Ukraynanı, Fələstini və digər ölkələri qeyd etmək olar. Bu mənada Qəzzada atəşkəsdən sonra başlayacaq prosesdə də Azərbaycanın iştirakı istisna deyil.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “525”ə deyib ki, 2 il idi Qəzzada çox böyük dağıntılara, çoxsayda insan itkilərinə səbəb olan qanlı müharibə gedirdi. Qəzzada bu qanlı müharibənin dayandırılması, atəşkəs elan olunması ilə bağlı tərəflər arasında razılaşmanın əldə edilməsi təbii ki, olduqca vacib idi: “Atəşkəsin əldə olunması tarixi hadisə kimi qiymətləndirilir və bu prosesdə ABŞ prezidenti xüsusi rol oynadı. Çünki İsrail arxasında daha böyük bir güc kimi ABŞ-ı görür. Birləşmiş Ştatların prosesə müdaxiləsi ilə sülh əldə etmək mümkün oldu. Amma istənilən halda bu prosesdə qardaş Türkiyə də var idi. Uzun müddət idi ki, danışıqlar gedirdi, nəticə etibarilə oktyabrın 13-də 20 dövlət və hökumət başçısının iştirak etdiyi bir sülh sammitinə şahidlik etmiş olduq. Bu sammitə böyük dövlətlərin liderləri ilə yanaşı, Azərbaycan Prezidentinin də dəvət olunması təbii ki, olduqca qürurvericidir. Sammitdə mühüm məsələlər müzakirə olunaraq qərar qəbul edildi və bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti bariz nümunəsidir. Azərbaycan liderinin ən yüksək səviyyədə qəbul edilməsi onun qlobal çaplı liderə çevrildiyini nümayiş etdirir. Yəqin ki, bundan sonrakı prosesdə də qardaş Türkiyə ilə yanaşı, Azərbaycan da Qəzzada bərpa-quruculuq işlərinin həyata keçiriməsində, bilavasitə iştirak edəcək. Amma istənilən halda sülh prosesində Azərbaycanın iştirakı və Prezidentin bu sammitə qatılması ölkəmizin artan nüfuzundan, qlobal masştabda aktorlardan birinə çevrilməsindən xəbər verir ki, bu da təbii ki, olduqca mühüm məsələdir”.
Deputat deyib ki, Azərbaycan əvvəlki dönəmlərdə sülhməramlı qüvvələrin tərkibində bir sıra ölkələrdə iştirak edib. Əfqanıstanda hətta ölkəni ən son tərk edən sülhməramlı qüvvələrdən olub: “Əgər Qəzzada sülhməramlı məsələsi gündəmə gəlsə, təbii ki, bu prosesdə də Azərbaycanın iştirakı istisna edilə bilməz. Amma hesab edirəm ki, daha çox Qəzzanın yenidən qurulması, bərpasında Azərbaycanın iştirakı mümkün olacaq. Türkiyə birmənalı olaraq bu prosesə qatılacaq. Necə ki, Suriyada Azərbaycan Türkiyə ilə birgə proseslərə cəlb olunub, eləcə də humanitar yardımların çatdırılmasında iştirak edir, hesab edirəm ki, Qəzzada da bərpa-quruculuq işlərinə Azərbaycan cəlb oluna bilər. Ölkəmizin xüsusilə də son beş ildə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa quruculuq işlərini həyata keçirməsi, bu sahədə artıq böyük təcrübəsinin olması ona imkan verir ki, prosesə dəvət olunsun və çox böyük ehtimalla, Azərbaycan bu məsələdə qardaş Türkiyə ilə yanaşı iştirak edəcək”.
Deputat Vüqar Bayramov deyib ki, Azərbaycanın yüksək səviyyəli sammitə dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir: “Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Eyni zamanda, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də genişlənir. Yaxın Şərq Sülh Sammiti nəinki region, bütövlükdə dünya üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan, Uzaq Şərqdən Yaponiya, Şimali Amerikadan Kanada kimi dövlətlərin liderləri də sözügedən sammitə dəvət ediliblər. Digər tərəfdən, Yaxın Şərqdə bir sıra dövlətlər qlobal iqtisadi proseslərdə, xüsusən strateji məhsulların qiymətlərinin müəyyənləşdirilməsində xüsusi rola malikdirlər. 5.2 trilyon dollar nominal və 13.2 trilyon dollar real ümumi daxili məhsula malik olan Yaxın Şərqin iqtisadi gücü artmaqdadır. Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir”.



