|
|
|
|

ABŞ-nin paytaxtı Vaşinqtonda atışma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun baş federal prokuroru Jeanine Pirro məlumat verib.
O bildirib ki, silahlı hücumu həyata keçirən Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval olub. Lakanvalın tapançadan açdığı çox saylı atəş nəticəsində Milli Qvardiyaçılar - 20 yaşlı Sara Beckstrom və 24 yaşlı Endryu Vulf yaralanıb. Hazırda xəstəxanada olan hər iki hərbçinin vəziyyəti ağırdır. Hücum edən şəxsin saxlanıldığını bildirən baş prokuror, onun müxtəlif ittihamlarla mühakimə ediləcəyini və bu ittihamların əsgərlərin sağlamlığına görə dəyişəcəyini vurğulayıb.
Vaşinqton Polis Departamenti də insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, yerli vaxtla 14:15 radələrində Ağ Evin yaxınlığındakı ərazidə Milli Qvardiyanın iki hərbçisi atəşə tutulub. Şübhəlinin tutulduğu da məlumatda qeyd olunub.
FTB direktoru Kaş Patel hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında hər iki hərbçinin vəziyyətinin ağır olduğunu söyləyib. O, dəlillərə əsasən təcavüzkarın tək olduğunu bildirib: “Hadisə ən yüksək səviyyədə araşdırılacaq. Bu, əhəmiyyətli bir milli təhlükəsizlik məsələsidir. Prezident Tramp məsələ ilə bağlı məlumatlandırılıb və vəziyyəti yaxından izləyir”.
İbrahim Cəfərov



