|
|
|
|

"Məlum olduğu kimi, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Dövlət və büdcə sektorunda bu mexanizmi tətbiq etmək daha rahatdır. Lakin özəl sektorda vəziyyət fərqlidir. Dövlət özəl sektora birbaşa əmr verə bilməz, yalnız müəyyən təşviq mexanizmləri təklif edə bilər. Məsələn, səhər yeməyi təqdim edən bir kafeyə işə saat 7-də yox, 11-də başlamasını tələb etmək qeyri-realdır".
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert vurğulayıb ki, sahibkar növbəli iş rejimi üçün əlavə işçi götürərsə, bu, onun maliyyə yükünü artıracaq. Nəticədə xidmət qiymətləri qaldırıla bilər ki, bu da biznesə ziyan vurar:
"Ən ciddi problemlərdən biri də təhsil müəssisələrinin qrafiki ilə bağlıdır. Hazırda valideynlər uşaqlarını saat 08:00-da məktəbə qoyub, 09:00-da işə gedirlər. Valideynin iş vaxtı 10:00 və ya 11:00-a keçirilərsə, bu uyğunsuzluq necə tənzimlənəcək? Bütün bu suallar hələ ki açıq qalır. Təşəbbüs ideya olaraq uğurludur, lakin onun real həyata keçirilməsi üçün işlək mexanizmlər işlənib hazırlanmalıdır”.
Sevinc Qarayeva



