|
|
|
|

"Xəbər verildiyi kim, avqustun 3-dən etibarən Tbilisi–Batumi marşrutu üzrə sərnişin qatarlarının səyahət müddəti 5 saatdan 4 saata endiriləcək. Bununla qatarların orta hərəkət sürəti təxminən 90 km/saat təşkil edəcək. Müqayisə üçün qeyd edim ki, hazırda 358 km-lik Tbilisi–Batumi marşrutu avtomobil yolu ilə orta hesabla 4 saat 30 dəqiqəyə qət edilir. Avqustun 3-dən etibarən qatarın bu məsafəni 4 saata qət etməsi dəmir yolunu həmin istiqamətdə daha sürətli və rəqabətqabiliyyətli nəqliyyat növünə çevirəcək".
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib. Ekspert qeyd edib ki, sürətin artırılması ilə əlaqədar Gürcüstan Dəmir Yolları təhlükəsizlik tədbirlərini də gücləndirir:
"Quriya bölgəsində yerləşən 25 dəmir yolu keçidində videomüşahidə sistemi quraşdırılacaq. 107 380 lari dəyərində layihə çərçivəsində 50 kamera (hər keçiddə iki kamera) və müvafiq şəbəkə avadanlığı quraşdırılacaq. Sistem maşinistlərə planşetlər vasitəsilə keçidlərin vəziyyətini real vaxt rejimində izləməyə imkan verəcək və qəza riskinin azaldılmasına xidmət edəcək. Eyni zamanda, Quriya hissəsində insanların və heyvanların relslərə çıxmasının qarşısını almaq məqsədilə hasarlanma işləri də aparılır. Layihə üçün 7000 dirək və 7000 hasar paneli alınaraq xətt boyunca quraşdırılır. Bu dəyişikliklər Xaşuri–Surami–Xaraqauli–Zestafoni istiqaməti də daxil olmaqla Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsi proqramının tərkib hissəsidir və məqsəd həm səyahət vaxtını azaltmaq, həm də hərəkətin təhlükəsizliyini artırmaqdır".
Sevinc Qarayeva



