|
|
|
|

“Xarici universitet diplomlarının tanınmaması məsələsi əslində düşündüyümüzdən daha ciddi və çoxşaxəli bir mövzudur. Burada əsas məsələ təkcə diplomun kağız üzərində olması deyil, həmin diplomun arxasında dayanan təhsil prosesinin keyfiyyəti, hüquqi əsasları və akademik yüküdür. Bu gün diplomların tanınması prosesi Elm və Təhsil Nazirliyi nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir və burada əsas meyar ondan ibarətdir ki, tələbənin təhsil aldığı ali məktəb və proqram həm həmin ölkədə rəsmi akkreditasiyadan keçmiş olsun, həm də tədris prosesi real və normativ tələblərə uyğun aparılmış olsun. Əgər universitet öz ölkəsində tanınmırsa, akkreditasiyası yoxdursa və ya saxta təhsil modeli üzərində qurulubsa, təbii ki, həmin diplomun Azərbaycanda tanınması mümkün olmur”.
Bunu təhsil eksperti Əmrah Həsənli 525.az-a söyləyib. Ekpert bildirib ki, məsafədən və formal təhsil, normativə uyğun olmayan kredit və iştirak göstəriciləri, eləcə də qəbul və ixtisas ardıcıllığındakı pozuntular diplomun tanınmamasına səbəb ola bilər:
“Digər ciddi səbəblərdən biri məsafədən və ya formal şəkildə həyata keçirilən təhsildir. Bəzən tələbə faktiki olaraq dərslərdə iştirak etmir, ölkədə olmur, kredit yükünü tamamlamır, amma sonda diplom əldə edir. Tanınma mərhələsində isə məlum olur ki, tələbənin fiziki iştirak müddəti, akademik göstəriciləri və kredit sayı normativlərə uyğun deyil. Bu zaman diplom tanınmır və gənc illərini və maddi resurslarını itirmiş olur. Eyni zamanda qəbul prosesi də önəmlidir. Bəzi hallarda tələbə qəbul tələblərinə uyğun olmayan formada universitetə yerləşdirilir, yəni orta təhsil göstəriciləri və ya əvvəlki akademik baza uyğun olmur. Bu da sonradan problem yaradır. Təhsil pillələri arasında ardıcıllıq pozulduqda – məsələn, bir ixtisasdan tam fərqli sahəyə heç bir akademik əsas olmadan keçid edildikdə – bu da risk faktorudur”.
Sevinc Qarayeva



