
Bu abidə bir şah əsərdir, sənətkarlıq möcüzəsidir. Min illərin gizli qalmış sirlərini, tarixi faktlarını danışır, öz əzəməti, duruşu ilə heyran edir. Möminə xatun adı ucadır, ülvidir. Bu adda sevgi, məhəbbət hissləri gizlidir. Bu ad XII əsr tariximizə, xalqımızın yaddaşına həkk olunub. Xalqına, insanlara dayaq olan, dərin ağlı, istedadı ilə seçilən diplomat idi Möminə xatun. O, Azərbaycan Atabəylər dövlətinin birinci xanımı, Şəmsəddin Eldənizin həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası idi.
Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldəniz tərəfindən vəfat edən həyat yoldaşının xatirəsinə ucaldılmış Möminə xatun türbəsi dövrünün güclü qadınına, hökmdar anasına verilən dəyərin və sonsuz sevginin əbədi simvoludur. 1186-cı ildə inşa edilən abidənin onbucaqlı quruluşu, üzərindəki həndəsi və nəbati naxışlar qadın ruhunun zərifliyini və incəliyini simvolizə edir. Abidənin hündürlüyü müsəlman şərqində qadın şəxsiyyətinin nə qədər uca tutulduğunu göstərir. Üzərindəki firuzəyi rəngli kaşılar və mürəkkəb ornamentlər qadın gözəlliyinə verilən dəyərin vizual sübutu kimi göz oxşayır. Abidənin üzərinə kufi xətlə yazılmış “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar!” sözləri Möminə xatun kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələrin insanların yaddaşında və tarixdə həmişə qalacağını göstərir. Bu abidə daşın yaddaşına köçən sevgi, naxış-naxış toxunulan qadın incəliyi, ana müqəddəsliyi, qadın səadətinin simvolu kimi Naxçıvana gələn xarici qonaqları heyrətləndirir.
Azərbaycan memarlığında günəş kimi parlayan Memar Əcəmi yaradıcılığının günəşi də məhz elə Möminə xatun türbəsidir. Başını qaldırıb türbəyə baxanda heyrətini gizləyə bilmirsən. Bütün fəsillərdə gözəldir Möminə xatun. Bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyidir. Möminə xatun İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbədir. Bu abidə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası ilə inşa edilib. Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir. “...Bu abidənin qiyməti yoxdur. Möminə xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Ulu Öndərin bu səfərindən sonra onun göstərişi ilə abidə əsaslı şəkildə bərpa olunub, bu addım xalqımızın zəngin tarixinə, mədəniyyətinə, tarixi köklərinə qayıdışında, onu dərk etməsində mühüm rol oynayıb.
Zəngin tərtibatı, kompozisiya quruluşu, memarlıq forma və üsulları ilə diqqəti cəlb edən türbə qırmızı diorit tipli qaya daşları ilə örtülmüş postament üstündə ucaldılıb. Abidənin qarşı küncləri ulduzvari kərpic qabırğalar-nervürlərlə əhatələnib, iç səthləri isə incəlik və vizual dərinliyin vəhdətini özündə birləşdirən, bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla üzlənib. Üz və sivri tağçaların bəzəyində istifadə edilən parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Qülləvari türbələrdə karniz qurşağı olaraq stalaktitlərdən ilk dəfə Möminə xatun türbəsində istifadə edilib.
Bu inci yadigar həm də Şərq memarlığı üçün bir məktəb rolunu oynayıb. Sonralar Əcəmi yaradıcılığının təsiri ilə inşa edilən XIII əsr Gülüstan türbəsi, XIV əsrdə tikilən Qarabağlar, həmçinin Bərdə və Salmas türbələri, türk mühəndisi memar Sinanın İstanbulda memarı olduğu türbələr bu gün də bütün dünyanı heyrətləndirir.
Bu vüqarlı və əzəmətli abidə Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var. Azərbaycanın bir çox bölgələrində bunlara rast gəlmək olmur. Amma burada var. Onlar yüz illərlə durub, yaşayıbdır”. Elə Möminə xatun türbəsi də xalqımızın zəngin tarixini, mədəniyyətinin nümunəsi kimi yaşayır və Naxçıvan torpağının yetirdiyi sənətkarların zəkasına bir daha dünyanı heyran qoyur.
Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin ötən il UNESCO çərçivəsində qeyd olunması, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixi şəhərsalma və memarlıq irsinin qorunmasına, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsinin daha geniş tədqiqinə böyük imkanlar yaradıb. Bu yaxınlarda AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində keçiriləcək “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda respublika elmi konfransı da bu baxımından mühüm əhəmiyyət daşıyacaq. Həmçinin Naxçıvan şəhərində yerləşən “Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı tarixi irsimizə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Tarixi-mədəni irisimizi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.
Güntac Şahməmmədli



