
“Azərbaycanda manatın dollara qarşı məzənnəsi beynəlxalq valyuta bazarlarında baş verən gündəlik dəyişikliklərdən birbaşa asılı deyil. Ölkədə tətbiq olunan tənzimlənən məzənnə rejimi manatın xarici valyutalara münasibətdə kəskin dəyişikliklərə məruz qalmasının qarşısını alır”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspertin sözlərinə görə, dünyada dolların bahalaşması, ucuzlaşması manata heç cür təsir etmir:
“Son illərdə beynəlxalq valyuta bazarlarında dolların digər əsas valyutalara qarşı həm bahalaşdığı, həm də ucuzlaşdığı dövrlər olub. Lakin həmin dəyişikliklər Azərbaycan manatının məzənnəsində nəzərəçarpacaq dəyişiklik yaratmayıb. Cəmi bir neçə il əvvəl dollar xeyli ucuzlaşmışdı, avro bahalaşmışdı və yaxud da əksinə, dollar bahalaşmışdı, avro ucuzlaşmışdı. Başqa valyutalar da dollar qarşısında dəyər itirmişdi, amma bunun manata heç bir təsiri olmadı".
Natiq Cəfərlinin sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanda sərbəst üzən məzənnə deyil, tənzimlənən məzənnə mexanizminin tətbiq edilməsidir.
"Bizdə inzibati məzənnə, tənzimlənən məzənnə rejimi olduğuna görə dünyadakı dolların dəyişimi hansısa bir formada manata heç cür təsir eləmir".
Sevinc Qarayeva



