|
|
|
|

Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə 50 min ədəd nərəkimilər fəsiləsinə aid balıq körpəsi təbii mühitə buraxılıb.
525.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yaxın vaxtlarda daha 150 min ədəd balıq təbii mühitə buraxılacaq.
Ümumilikdə Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə il ərzində ümumilikdə 500 min ədəd körpə nərə cinsli, çəkisi 2–10 qram arası olan balıqların təbii mühitə buraxılması nəzərdə tutulur. Proqram çərçivəsində ilkin mərhələdə 200 min ədəd balığın dövlət-özəl tərəfdaşlığı, 300 min ədəd balığın isə dövlətə məxsus "Xıllı Balıq" MMC-nin hesabına təbii su hövzələrinə buraxılması planlaşdırılıb.
22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan 2 min balıq körpəsi Xəzər dənizinə buraxılması ilə balıq körpələrinin təbii su hövzəsinə buraxılması aksiyasına start verilib. Bu tədbirlərin əsas məqsədi nəsli kəsilməkdə olan nərə cinsli balıq ehtiyatlarının bərpasına, ekoloji tarazlığın qorunmasına və su hövzələrinin biomüxtəlifliyinin zənginləşdirilməsinə töhfə verməkdir.



