|
|
|
|

Mətbuatda gedən yazılarda nəzərə çarpan bir xüsusiyyət də qeyd olunmaya bilməz: onların müəllifləri (ədəbi-elmi mühitimizdə mövqe və ad qazanmış Teymur Kərimli, Arif Əmrahoğlu, Vaqif Yusifli və b.) 50-cilərdir, cavanlıqdan bir mühitin yetişdirmələri olanlardır ki, Şirindil haqqında etibarlı, səmimi, sərbəst söz deməyə səlahiyyətlidirlər. Və bu söhbətlər həm də ona görə dəyərlidir ki, bunlarda bütöv bir ədəbi nəslin yaşantıları, qüruru, təəssübü, qədirbilənliyi və s. ilə bağlı fikirləri səslənir.
Təsadüfi deyil ki, T.Kərimli özünəməxsus fəlsəfi yumorlu yazısına “Biz bir qatar tutiyi-şirinsüxənlərik...” təsirli ad qoyub, A.Əmrahoğlunun məqaləsi isə, demək olar ki, başdan ayağa 50-cilər nəsli leytmotivi əsasındadır, yaşadıqları ömürlərinə görə şükranlıq ruhundadır.
İndi mən, 50-cilərdən iki-üç il əvvəl gələn nəslin nümayəndəsi kimi və Şirindili 37 il, yəni Ədəbiyyat İnstitutuna gəldiyi vaxtdan tanıyan bir insan kimi, məndən əvvəl deyilənlərə bəzi əlavələr etməyə ehtiyac duyuram.
Şirindilin həyatdakı mövqeyinin əsas ünvanlarını “Ədəbiyyat qəzeti”nə verdiyi müsahibəsində tam aydın sezmək olur. Həyat təcrübəmizin dəyərləndirilməsində çox sadə “düstur” ortaya qoyulur: “Ötənləri indinin müstəvisində dəyərləndirdiyimiz kimi, çağdaş günlərimizi də yaşadığımız ömrün təcrübəsi, dərsləri zəminində saf-çürük etmək gərəkdir”. Qəribə olsa da, bu ilk baxışda paritetli məfhumlarda (çağdaş günlər – yaşadığımız ömür, indi – ötən) ağırlıq mərkəzi sanki keçən ömrə və “keçən günlər”ə (məşhur mahnıda kimi) düşür və bu sadə həqiqətin izahına ehtiyac yoxdur.
Düşünürəm ki, Şirindilin həyatda qazandıqlarının əsasında iki aparıcı xətti keçir: qədirbilənlik və milli təəssübkeşlik. Kökdən, yurddan, torpaqdan, nəsildən başlayan, orta məktəbdə, universitet illərində bəxtinə düşən müəllimlərə, qazandığı dostlara münasibətdə inkişaf edən və sonra 37 il ərzində alim kimi yetişdiyi Ədəbiyyat İnstitutunun elmi-əxlaqi mühitində, xüsusən 70-80-ci illərə aid, habelə bir müddət çalışdığı Dünya Ədəbiyyatı İnstitutunda əldə etdiyi təcrübədə formalaşan bu nəcib keyfiyyət – qədirbilənlik sadəcə ata-babaya, dostlara, müəllimlərə və s. minnətdarlıq deyil. Şirindilin qədirbilənliyi qan yaddaşının immanent, üzvi daşıyıcısı kimi ona həyat seçimlərində daxili istiqamət və ilham verən qüvvədir ki, ətrafdakılara da əxlaqi təsir gücünə malikdir və paylaşanda belə tükənmir.
Biz bunu onun söhbətlərində, yazılarında, əməli işlərində, naşir kimi fəaliyyətində (mərhum Yaşar Qarayev, Azadə Rüstəmova və b. monoqrafiyalarının yeni nəşrləri, xatirə kitabları) görməkdəyik.
Elmi tədqiqatlara, dissertasiya işlərinə olan əsas tələblərdən biri tədqiq tarixinin işıqlandırılması, öz sələflərinə istinad etməklə bağlıdır. Bu müəllifin elmi (SSRİ AAK-nın leksikasında “nauçnaə dobrosovestnost”) vicdanın göstəricisidir. Haqqında sözü gedən qədirbilənlik əxlaqi, mənəvi vicdanla bağlı daha geniş ünvanları ehtiva edir ki, həyatımızın gedişatını təmin edən varislik əlaqələrinin qırılmamasını təmin edir.
Əsl qədirbilənlik millidən başlayır. Ona daima qüvvət verən qan-gen yaddaşında yaşayan təbii milli təəssübkeşlik hissidir. Bunun bariz ifadəsini Şirindilin alim və naşir kimi fəaliyyətində, o cümlədən yeni elmi istiqamətlərə təkan verməkdə göstərmək olar. Söhbət tarixi poetika aspektində tədqiqatlara yol açmasından və mühacirət irsimizlə bağlı fəaliyyətindən gedir. Tarixi poetikaya gəldikdə böyük ədəbiyyatşünaslıqda bu, ədəbiyyat haqqında elmin ən yüksək mərhələlərindən biri kimi (bəlkə də ən yüksəyi) qəbul olunur və bir çox milli ədəbiyyatşünaslıqlar bu mərhələyə keçid qarşısındadır. Söhbət ədəbiyyat tarixinin yalnız ədəbi cərəyanların xronologiyası kimi deyil, ədəbiyyatın mündəricəli formasının hərəkatı kimi, ədəbi-tarixi prosesi ədəbi-estetik kateqoriyalarının təkamülü üzrə tədqiq etməkdən gedir. Və bu olduqca çətin və məsuliyyətli işə bizim ədəbiyyatşünaslıqda bir neçə ildir ki, start verilib. Şirindilin təşəbbüsü və müəllif, naşir kimi bilavasitə iştirakı ilə başlamış “Tarixi poetika” seriyasından artıq bir neçə kitab işıq üzü görmüşdür ki, burada Azərbaycan ədəbiyyatının zəngin milli özünəməxsusluğunun yeni tərəfləri açıqlanır.
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” möhtəşəm layihənin həyata keçirilməsində də Şirindilin əməyi danılmazdır: proyektin tərtibi, toplama işləri, xaricdən mütəxəssislərin cəlb olunması ezamiyyətlər nəşrə hazırlıq və s. Bu böyük işin xaricdə yaradılan milli ədəbi-mənəvi irsimizin üzə çıxarılması və təqdimində əhəmiyyətinin şərhinə ehtiyac duyulmur.
Ümumiyyətlə, Şirindilin elmi axtarışlarının maraq dairəsi çox genişdir və bu haqda kifayət qədər yazılıb. Bu yazımızda onun elmimizdə yeni istiqamət – layihələrin açılmasında rolunu qeyd etməklə kifayətlənməyi məqsədəuyğun sayırıq.
Qeyd olunan keyfiyyətlərlə mayalanmış, həyat fəaliyyətinin bütün sahələrində obyektivlik, ədalət prinsiplərinə mümkün qədər riayət etmək – Şirindili şirnikləndirici konyunkturadan sığortalayır.
Və əlbəttə ki, elmi-təşkilati işlərində peşəkarlıq və hər cür insanlarla müvafiq münasibət, ünsiyyət qurmaq bacarığı, hər kəsin yerini, çəkisini, məssəbini belə bilmək...
Arif Əmrahoğlu yuxarıda qeyd etdiyimiz yazısında Şirindili maarifçi-filoloq adlandırır. Mən bunun ən bayağı nümunəsini Şirindilin rəhbərlik etdiyi “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin əməkdaşı kimi hər dəfə şöbənin iclaslarında müşahidə edirəm. Şöbənin bilavasitə işlərinin gedişatına nəzarət etməklə yanaşı, şöbə müdiri İnstitutunun problemləri, yenilikləri, respublikada, Rusiyada, Türkiyədə çıxan aidiyyətli kitablar, elmi forumlar haqqında əməkdaşları daima məlumatlandırır, hətta bəzi ədəbiyyatları özü ilə gətirir və oxumağa tövsiyə edir. Və ümumiyyətlə ədəbi mühitimizdə baş verən hadisələrlə bağlı xəbərləri Şirindildən öyrənirik. Həvəsləndirir, istiqamətləndirir. Və bütün bunları çox sərbəst, “oxunaqlı üslübda” nəzərimizə çatdırır. Bu sərbəstlik, azad fikirlilik, müstəqil mövqe onun müxtəlif tədbir, məclislərdə etdiyi çıxışları, davranışını bir çoxlarından fərqləndirməklə nüfuzunu artırır.
Əlbəttə, Şirindlin fəaliyyətinin miqyası (respublikada və kənarda) daha geniş söhbət üçün material verir. Onu demək kifayətdir ki, 2010-cu ildə, indiki şəraitdə, müasir humanitar təfəkkürün problemlərinə həsr olunmuş beynəlxalq konfrans təşkil etmək kimi çətin işin öhdəsindən gələ bildi və hətta konfransın əvvəlində onun materialları sanballı kitab şəklində xaricdən gələn alimlərə təqdim olunanda onlar təəccübünü gizlədə bilmədilər. Çünki adətən materiallar tədbirdən çox-çox sonra çap olunur. Təkcə elə bu fakt buna qədərki görülən hazırlıq işləri, onun xarici alimlərlə əlaqələri haqqında az şey demir.
Mən Şirindili 37 il tanıyan insan kimi onu daima inkişafda olan və potensialı hələ tam açılmamış bir şəxsiyyət kimi görürəm. Bununla belə onu ideallaşdırmaq, yubileyvari pafoslu ifadələr işlətməkdən uzağam. Mən onun müəyyən romantikliyini, kifayət qədər sağlam praqmatizmini də görür və qəbul edirəm. Və onunla dostluqdan “fəxr edirəm” demirəm, sadəcə onunla dostluq mənə müəyyən mənəvi rahatlıq gətirir. Heç yadımdan çıxmaz: keçən il ailəmizə üz verəcək ağır itki haqqında hakimdən acı xəbəri eşidəndə sarsılmış vəziyyətdə qeyri-ixtiyari Şirindilin qapısına üz tutdum...
Yadımdadır, təxminən 15 il bundan əvvəl NTV-nın məşhur aparıcısı Sergey Dorenko ilə müsahibə verilirdi. Və suallardan biri kişiyə xas əsas keyfiyyətlə bağlı idi. Dorenkonun cavabı belə oldu: “Məsuliyyəti öz üzərinə götürmək bacarığı” (məsuliyyətdən boyun qaçırmamaq). Məncə, Şirindil bunu bacarır.
Əlbəttə, hər şey nisbidir. Amma nisbilik var, nisbilik var. Mənim söylədiklərimdə (və söyləmədiklərimdə), zənnimcə, nisbilik əmsalı az dərəcəsindədir. Və düşünürəm ki, bu nisbilik kontekstində söylədiyim ünvanlar lider tipli şəxsiyyəti formalaşdıran əsas dəyərlərdir.



