Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz Məktəblərinin, hərbi hissələrin, veteran təşkilatlarının nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani generalın yubiley tədbirlərinə artıq bölgələrdə başlandığını deyib: “Yubiley tədbiri üçün öncə Gəncə şəhərinin seçilməsi təsadüfi deyil. Çünki generalın əsas fəaliyyəti Gəncə şəhərində olub. Buna görə də Gəncədə generalın yubileyi çox yüksək səviyyədə qeyd olundu”.
A. Qurbani Səməd bəy Mehmandarovun Azərbaycan hərbçilərinə nümunə olduğunu qeyd edib: “Mehmandarov 46 il imperiya ordusunda xidmət edib və Birinci Dünya müharibəsinin qəhrəmanlarından biridir. Onun təkcə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri kimi fəaliyyətinə nəzər saldıqda, bu insanın necə vətənpərvər olduğunu görmək olur. Hər bir Azərbaycan əsgəri, zabiti üçün Mehmandarovun keçdiyi yol nümunədir”.
Azərbaycan Hərb Tarixi Muzeyin rəisi Əzizağa Qənizadə isə çıxışında Səməd bəy Mehmandarovun keçdiyi həyat yolu barədə məlumat verib.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblının konserti təşkil olunub.