Oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb.
Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. FHN-nin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb.
Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.