|
|
|
|
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış mövzusunda dəyirmi masa” keçirilib.
Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunub. Bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salınıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə xüsusi həssaslıqla yanaşır. Onun sözlərinə görə, ötən il təmas xəttində gərginliyin artması, bu il manatın devalvasiyası və parlament seçkiləri zamanı mətbuat öz üzərinə düşən işin öhdəsindən ləyaqətlə gəlib.
Ə.Amaşov bildirib ki, bütün bunlarla yanaşı mətbuat sahəsində bəzi nüanslar da özünü göstərib: “Birinci nüans rəqabət aparmaq, reytinq toplamaq xatirinə bəzi media orqanları mənbəyə məhəl qoymadan, məsələ ilə bağlı müvafiq araşdırma aparmadan yoxlanılmamış məlumatları tirajlamaqla məşğul olublar. İkinci məsələ əksər zaman bilərəkdən ajiotaj yaratmaq üçün dezinformasiya xarakterli məlumatların yayılmasıdır. Üçüncü məqam isə rəsmi qurumlar tərəfindən təsdiq olunmayan məlumatların işıqlandırılmasıdır. Burada, müvafiq dövlət orqanlarının mətbuat xidmətlərinin də səhlənkarlığı özünü göstərib. Çünki onlar medianı vaxtında informasiya ilə təmin etməyiblər”.
Şura sədri deyib ki, media ictimai-siyasi prosesləri həmişə diqqətdə saxlamalıdır: “Lakin əfsuslar olsun ki, bir sıra media qurumları Milli Təhlükəsizlik Nazirliyi (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı xəbərlərin işıqlandırılması zamanı öz işlərini düzgün görməyiblər. Bununla bağlı Mətbuat Şurasına çoxsaylı şikayətlər də daxil olub. Məsələlərə bu cür qeyri-peşəkar yanaşan sayt rəhbəri milli maraqları deyil, şəxsi mənafelərini üstün tuturlar. Həmin saytlar populyar deyil. Ancaq ölkədə ciddi proseslər baş verən zaman dərhal aktiv olmağa, ictimai fikrə mənfi təsir etməyə çalışırlar”.
Ə.Amaşov söyləyib ki, bir neçə gün əvvəl Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında bu cür halların qarşısını qanunun gücü ilə almağın mümkünlüyünü bildirib, lakin maarifləndirmə yolu ilə nöqsanların aradan qaldırılmasını məqsədəuyğun hesab edib: “Biz də istəyirik ki, məsələnin hüquqi müstəviyə çatmayana qədər, bunu profilaktik tədbirlər aparmaqla həll edək”.
Şura sədri fəaliyyətində ciddi nöqsanlara yol verən media orqanlarının adlarını açıqlayacaqlarını deyib.
“APA Holdinq”in sədri Vüsalə Mahirqızı deyib ki, ölkədə ictimai nəzarət həmişə olmalıdır: “Bircə MTN-dən başqa, Prezident Adminstrasiyasından tutmuş bütün dövlət qurumları tənqidə açıq olub. Əlbəttə, xəbər varsa, yazılmalıdır. Bizə demirlər ki, xəbər yazmayın. Bizə deyilən odur ki, yalan məlumat yaymayın. Bu məsələdə hüquq mühafizə orqanlarının Mətbuat Şurası ilə daha sıx əməkdaşlıq etməsinə ehtiyac var”.
V.Mahirqızı hesab edir ki, əgər ictimai əhəmiyyətli, xüsusilə də vəzifəli şəxslərlə bağlı rəsmi şəkildə həbs-qətimkan tədbiri varsa, bu yayılmalıdır. Onun sözlərinə görə, lakin kəşfiyyat strukturlarına rəhbərlik edən şəxslərin istintaqa cəlb olunması haqqında məlumatların yayılması yolverilməzdir: “Həmin şəxslər həbs olunmayıb, sadəcə istintaq prosesinə cəlb olunublar. Onların adlarının mətbuatda açıqlanılması kəşfiyyat strukturlarındakı fəaliyyətlərinə mənfi təsir edəcək. Əfsuslar olsun ki, Prezidentin köməkçisi Əli Həsənovun da dediyi kimi, ciddi nöqsanlara yol verən media qurumları arasında populyar olanları da var. Unutmaq olmaz ki, media silahdır. Silah həmişə öldürmək üçün deyil. O qorumaq, qorunmaq üçün bir vasitədir”.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, 2014-cü ilin avqust hadisələrindən sonra aparılan monitorinqlər zamanı mətbuatda 2 qrup üzrə pozuntulara yol verildiyi müəyyən olunub: “Bu siyahıda birinci qrup media qeyri-peşəkarlıqdan irəli gələn səhvlərə yol verir. İkinci qrup isə xaricdən idarə olunaraq, məqsədli şəkildə ölkədə ictimai fikrə mənfi təsir etmək, çaşqınlıq yaratmağa çalışır. Ona görə də, biz maarifləndirmə işi aparmaqla yanaşı, xüsusi mexanizmlər barədə də düşünməliyik”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, son vaxtlar bəzi mətbuat orqanlarında yüksək çinli məmurların həbs olunması, vəzifədən azad edilməsi, yaxud da yeni doğulan qız uşaqlarına Məhəmməd, oğlan uşaqlarına Zəhra adı verilməsi və digər məsələlərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar tirajlanır: “Bu məsələdə müvafiq qurumların da məsuliyyəti var. Məsələn, uşaqlara verilən adlarla bağlı yayılan informasiya yalnız üç gündən sonra təkzib edildi”. R.Məcid hesab edir ki, Mətbuat Şurasının monitorinq qrupu dezinformasiya yaymaqla məşğul olan saytların adını ictimaiyyətə açıqlamalıdır. Baş redaktor bildirib ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata açıqlamasından göründüyü kimi, məsələlərə qeyri-peşəkar yanaşma ortaya qoyan kütləvi informasiya vasitələri cəzalandırıla bilər. R.Məcidin sözlərinə görə, Mətbuat Şurasının bəyanatında da qeyd olunub ki, qurum bu məsələlərlə bağlı mövqeyində israrlı olacaq, böyük iradə nümayiş etdiriləcək: “Məlum olduğu kimi, Şuranın reket jurnalistikası ilə bağlı komissiyası fəaliyyət göstərir. Qurumun qara siyahısı da mövcuddur. Hər kəs görür ki, reketliklə məşğul olan sayt və qəzetlər insanları şantaj edir. Belələri bəzi məmurlarla bağlı elə məlumatlar yayımlayırlar ki, onların bu məlumatları haradan əldə etdiyi həmişə təəccüb doğurub”. Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyev son çıxışlarında MTN-in bir sıra əməkdaşlarının reketliklə, quldurluqla məşğul olduqlarını bildirib. Baş redaktor belə şəxslərə dəstək olan bəzi media orqanlarının adlarının açıqlanmasının zəruriliyini vurğulayıb. R.Məcid deyib ki, dəfələrlə Mətbuat Şurası İdarə Heyətinə ciddi adamlar müraciət edərək onların ailə üzvlərinin şantaj olunduğunu bildiriblər: “Bu üsulla həmin şəxslərdən külli miqdarda vəsait əldə olunub. Fikrimcə, mövcud problemlərlə bağlı Baş Prokurorluqdakı istintaq komissiyasına müraciət edilməli, bu adamların reket və quldurluq əməllərinə yardımçı olan media orqanları öz cəzalarını almalıdırlar. Azərbaycan məmurlarını, Mətbuat Şurasının üzvlərini dəfələrlə təhqir edən, meydanda at oynadan reket qəzetlər cəzalandırılmasa, bu qəzetlərin köşklərdə yenə də ən ön sırada yerləşdirilməsi davam etsə, şərait dəyişməyəcək. Hesab edirəm ki, Mətbuat Şurasının monitorinq qrupu azı ayda iki dəfə reketliklə məşğul olan, dezinformasiya yayan media resursları ilə bağlı ictimaiyyətə məlumatlar çatdırmalı, kəskin mövqe ortaya qoymalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hesab edir ki, hazırda bəzi informasiya vasitələri manipulyası ilə məşğul olur: “Bu cür saytlara məlumatlar xaricdən ötürülür. Belələri ilə mübarizə aparmaq üçün Mətbuat Şurası effektiv mexanizmlər yarada bilər”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, hüquqi qiymət fəaliyyətə görə deyil, faktiki cinayət əməlinə görə verilməlidir: “Reketliklə məşğul olanlara jurnalist demək kökündən yanlışdır. Bü cur şəxslərin qarşısını fərdi deyil, hüquqi qaydada almaq lazımdır”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib ki, ciddi saytlar fəaliyyətini düzgün istiqamətdə qurur, jurnalistikaya aidiyyatı olmayan bəzi şəxslər isə sayt açaraq missionerlik, reketliklə məşğul olur, xarici dairələrin maraqlarına xidmət edir. Biz vətəndaş, dövlətçilik mövqeyimizi ortaya qoyaraq onların məkrli fəaliyyətlərinin qarşısını almağa çalışmalıyıq”.
Daha sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək reketlik, dezinformasiya yaymaqla məşğul olan saytları təndiq edib və Mətbuat Şurasının fəaliyyətində ciddi nöqsanlara yol verən KİV-lərin adlarını açıqlamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə qəzet, informasiya agentlikləri, həmçinin, internet xəbər saytlarının baş redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.
Ceyhun ABASOV