Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi
– Novruz müəllim, Türkiyənin Antalya şəhərində keçirilmiş "G20'' sammitinin nəticələrini və Azərbaycanın bu toplantıda iştirakını necə dəyərləndirirsiniz?
– "G20'' sammiti bu ilin ən mühüm hadisələrindən biridir. Bu sammitdə müzakirə olunan məsələlər uzun müddət müəyyən siyasi mərkəzlərin analitik təhlillərinin diqqət mərkəzində olacaq. Bilirsiniz ki, bu ilin əvvəlindən dünyada proseslər intensivləşib, gərginləşib. Sammit ərəfəsində Parisdə baş verən terror hadisələri toplantıya diqqəti daha da artırdı. Belə terror aktlarının bütün məsələlərə, proseslərə müəyyən təsiri olur. Bu sammitdə də Paris terroru ilə bağlı məsələ geniş müzakirə olundu.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev sammitə xüsusi qonaq kimi dəvət olunub, tədbirlərin hər birində iştirak edib, nitq söyləyib. Bu yanaşma Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu dəvət iki qardaş, tərəfdaş dövlətin beynəlxalq aləmdə gedən proseslərə mühüm təsirinin olduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın beynəlxalq, xüsusilə enerji sahəsində əməkdaşlıqda mühüm rol oynadığını qeyd etdi. Bütövlükdə isə Azərbaycan Prezidentinin "G20'' sammitində iştirakı tarixi hadisədir.
Azərbaycan Prezidenti sammit çərçivəsində keçirilən iclaslarda iqlim dəyişiklikləri, dünya iqtisadiyyatının inkişafı, enerji təhlükəsizliyi, işsizliyin ləğvi, sərmayə strategiyası, qlobal çağırışlar, təhlükəsizlik kimi mövzularla bağlı çıxışlar edib, fikirlərini çatdırıb. Prezident İlham Əliyev təhlükəsizliklə bağlı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha vurğuladı, Azərbaycan həqiqətlərini toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Onu da qeyd edim ki, "G20'' sammiti çərçivəsində ardıcıl iclaslar keçirilirdi və bir sıra ayaqüstü görüşlər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkellə, eyni zamanda, Böyük Britaniyanın və Malayziyanın baş nazirləri, o cümlədən Avropa Komissiyasının prezidenti ilə görüşləri oldu.
Bilirsiniz ki, Azərbaycan səmərəli ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrə malikdir, müstəqil daxili və xarici siyasət həyata keçirir. Son zamanlar ölkəmizin Qərb dövlətləri ilə münasibətlərinə dair müxtəlif fikirlər səsləndirilir. Bu barədə qeyd edim ki, Azərbaycanın məqsədi hər zaman Avropa ilə, Qərblə sıx əməkdaşlıq olub. Azərbaycan bu günə qədər postsovet məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir. Ölkəmiz qarşılıqlı-faydalı əməkdaşlığa üstünlük verir. Yəni bizim üçün bu məsələdə başlıca meyar bərabərhüquqlu əməkdaşlıqdır. Təəssüf ki, son bir neçə ildə Qərbdə bəzi dairələr bizə ədalətsiz münasibət göstərdi və biz də buna münasibətimizi, prinsipial mövqeyimizi bildirdik. Biz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq tərəfdarıyıq.
– Bəs bu kontekstdə Avropa İttifaqının müvafiq yanaşması ilə bağlı mövqeyiniz nədən ibarətdir?
– Bizimlə sıx əməkdaşlıq edən Avropa İttifaqı bizi özünə sıx bağlamaq istəyir, assosiasiya sazişi təklif edir. Bəs nə üçün assosiasiya sazişi ilə bağlı mətndə bizim ərazi bütövlüyümüzü tanımırlar?! Azərbaycanda özünü müxalif qüvvə adlandıranlar bu barədə heç vaxt danışmırlar.
Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə ən sıx və geniş əməkdaşlıq edən dövlətlərdən birincisidir. Biz onlara bildirdik ki, Moldovaya təklif edilən assosiasiya sazişinin mətnində Avropa İttifaqının bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyi yazılırsa, bəs niyə Azərbaycanla bağlı mətndə bu yazılmır? O zaman soruşdular ki, bəs siz nə istəyirsiniz? Biz Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş təklif etdik. O zamandan indiyə qədər bu sənəd üzərində işləyirlər. İşlər normal gedir. Bizim mövqeyimizin ədalətli olduğunu başa düşürlər. Bir az fikirləşdikdən sonra biri digərinə deyəcək ki, Azərbaycan düz deyir, biz Azərbaycana qarşı niyə belə edək, Ermənistan 25 ildir bu ölkənin ərazilərini işğal altında saxlayır. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar, nəhayət, Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin ərsəyə gəlməsinə gətirib çıxaracaq. İstədiyimiz də budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalansın.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla bağlı vəziyyət nə yerdədir? Ümumilikdə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirməyinizi istərdik...
– Əvvəla onu deyim ki, birmənalı şəkildə Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb. Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsınlar. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın.
Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur. Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqelərində də müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır.
– Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunu necə qiymətləndirirsiniz?
– Bildiyiniz kimi, Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirildi. Heç şübhəsiz ki, UNESCO dünyanın ən tanınmış təşkilatlarından biridir. 1994-cü ildən Azərbaycan bu təşkilatla sıx əlaqə qurub. İndiyədək UNESCO ilə Azərbaycan arasında bir sıra sazişlər imzalanıb, uğurlu əməkdaşlığa nail olunub. Azərbaycanla UNESCO arasında gözəl əməkdaşlıq əlaqələri yaradılıb.
UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumuna gəlincə qeyd edim ki, Prezident İlham Əliyevin Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü nəticəsində yaranmış qaçqın problemi, idmanla, iqtisadiyyatla və s. bağlı geniş nitqi oldu. Azərbaycan Prezidentinin hərtərəfli çıxışı iştirakçılarda ölkəmizlə bağlı obyektiv fikir formalaşdırdı. Bütövlükdə isə, belə tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, dünya miqyasında qazandığı imicin göstəricisidir.
Newtimes.az