Bugünlərdə TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının baş qərargahında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının və Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş I Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi qaliblərinin təltif etmə mərasimi olub.
Mərasimdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış edərək mükafatın 1987-ci ildən təqdim olunduğunu diqqətə çatdırıb.
Sonra Haldun Tanerin yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Mükafatlandırma mərasimindən sonra qonaqlara ziyafət verilib, daha sonra Ankaranın "Küçük Tiyatro"sunda Haldun Tanerin "Gözlərimi kaparım, vazifemi yaparım" tamaşası göstərilib.
İlk dəfə düzənlənən bu beynəlxalq yarışmaya Türkiyə, İran, İraq, Liviya, Qazaxıstan, Qırğızıstan və digər 18 ölkədən qatılan əsərlərdən müsabiqəyə təqdimat şərtlərinə əməl olunmuş 109-u buraxılıb, 3 əsər qalib elan olunub.
Müsabiqənin qalibi elan olunmuş üç əsər sırasında Azərbaycan yazıçısı Afaq Məsudun "Mənsur Həllac" əsəri də yer alıb.
Qeyd edək ki, qalib əsərlər türkdilli ölkələrin teatrlarında səhnəyə qoyulacaq.
S.ABDULLAYEVA