|
|
|
|
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetində dərc edilmiş “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin müzakirəsi təşkkil olunub. AMEA-dan “525”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov akademik Ramiz Mehdiyevin yazdığı məqaləni fundamental məsələləri əhatə edən, təkcə öz mövzusu ilə məhdudlaşmayan geniş mənəvi məkanlara çıxış üçün imkan verə bilən bir məqalə kimi qiymətləndirib. Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı məqalənin elmi-nəzəri əhəmiyyətindən söz açan R.Hüseynov bildirib ki, akademik R.Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan biridir: “Akademik Ramiz Mehdiyev hər zaman olduğu kimi, bu dəfə də son dərəcə dəqiq, uzaqgörən fikirləri ilə bizləri düşündürür. Onun yazılarında qaldırılan problemlər hər bir azərbaycanlını düşünməyə vadar edir. Məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün deyil, həmçinin XVI əsrdə mənəvi varlığımızın güzgüsü kimi dəyərləndirilməlidir. Məqalə təkcə tarixin, ədəbiyyatın içindən deyil, eyni zamanda XVI əsrdən bugünkü ictimai müstəviyə verilən ismarıcları ilə də diqqətəlayiqdir”.
R.Hüseynov akademik R.Mehdiyevin ciddi tədqiqatçı kimi Azərbaycan elmi, ictimai-siyası məfkurəsi ilə bağlı hazırladığı məqalənin ölkəmizin, dövlətçiliyimizin inkişafına yönəldiyini, eyni zamanda, nəzəri səciyyəsi, nəzəri aspekti ilə diqqəti cəlb etdiyini bildirib, onun elmi araşdırmalarının mahiyyətcə elmimizdə olan obyektiv və subyektiv boşluqların intellektual şəkildə doldurulmasına yönəldiyini diqqətə çatdırıb.
Müəllifin digər məqalələrindən bəhs edən R.Hüseynov bildirib ki, həmin yazılar sadəcə bir alimin, cəmiyyət problemlərinə dərindən bələd olan insanın baxışı deyildir, həm də təcrübəli siyasətçinin və dövlət xadiminin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin ölkədəki problemlərə münasibəti deməkdir: “Bu yazıların hər birində zamanın, dövlətçilik ənənələrinin tələb etdiyi müəyyən şərtlər vardır”. Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsini yüksək dəyərləndirən alim bu məqalə ilə bağlı geniş müzakirələrin bundan sonra da davam etdiriləcəyinə, məqalədə qaldırılan problemlərlə bağlı araşdırmaların aparılacağına, tədqiqat işlərinin yazılacağına inandığını bildirib: “Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən biri olub. Onun Azərbaycan dövlətçiliyi tarixində vacib xidmətlərindən biri ana dilimizi dövlət idarəçiliyinə gətirməsidir. O, ilk dəfə olaraq yazışmalarda Azərbaycan dilini tətbiq edib. Şah İsmayıl yeganə hökmdardır ki, Füzuli onun haqqında iftixarla söz açıb, onu böyük şəxsiyyət kimi qiymətləndirib. Şah İsmayıl həm də bir şair kimi yazılarında dövlətçiliyimizin qorunmasını və möhkəmləndirilməsini təbliğ edib. Çünki indi də Azərbaycan dövlətçiliyi üçün təhlükələr yox deyil. Məhz buna görə də Şah İsmayılın dövlətçilik modeli bu günün prizmasından daha artıq öyrənilməlidir”.
Tədbirdə çıxış edən professor Abbas Seyidov, filologiya elmləri doktorları Şəfəq Əlibəyli, Kamil Allahyarov, Xatirə Bəşirli və başqaları aktuallıq kəsb edən məqalənin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər, bu istiqamətdə araşdırmaların Azərbaycanın dövlətçilik tarixi və salnaməsi üçün son dərəcə önəmli olduğunu söyləyiblər.
S.MÜRVƏTQIZI



