Ötən il dünyada cərəyan edən qlobal hadisələrə, o cümlədən, neftin ucuzlaşması, manatın devalvasiyasına rəğmən Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib. Açıqlanan rəqəmlər də bu inkişafın göstəricisidir.
Belə ki, ölkəmizdə ÜDM 1 faizdən, çox, sənaye istehsalı 2.4 faiz, qeyri-neft sənayesi isə 8.4 faiz artıb. Bu, qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Bəllidir ki, Azərbaycanda son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülüb, sahibkarlığın inkişaf etdirilməsinə dair dövlət proqramları qəbul olunub, turizm sektorunun inkişafına diqqət ayrılıb. Bu tədbirlərin əsasında isə Azərbaycan iqtisadiyyatının neftdən, enerjidən asılılığını azaltmaq, digər sahələrdə ölkəmizin potensialını inkişaf etdirmək olub. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd edib ki, qeyri-neft sənayesinin 8,4 faiz artması son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir: "Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir".
Dövlət başçısı ölkə iqtisadiyyatına yönəldilən sərmayələrə də diqqət çəkib və Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayıb: "Keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir".
Dövlət başçısı qeyri-neft sektorunun inkişafının 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi üçün tədbirlər görüləcəyini deyib. Dövlət başçısı bildirib ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq: "Əminəm ki, bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, xarici sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq".
Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi çağırışların reallaşmasında cəmiyyətin mövqeyi də əhəmiyyət daşıyır. Məsələ ilə bağlı fikirlərini bildirən "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, dövlət başçısının həmin iclasdakı çıxışı bu gün aktual olan bütün vacib məsələləri əhatə etməklə yanaşı, həm də son günlərdə vətəndaşlarda narahatlıq yaradan halların aradan qaldırılması yollarının göstərilməsi ilə əlamətdar oldu: "Prezident öz çıxışında son devalvasiyadan sonra baş verən bütün proseslərə toxundu, süni qiymət artımının yolverilməzliyini qəti surətdə bəyan etdi və bu hallara son qoyulması üçün müvafiq tapşırıqlar verdi. Prezident həmçinin, ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi, inhisarçılığa son qoyulması kimi mühüm məqamlarla bağlı çağırışlar da etdi. Amma dövlət başçısının bu çağırışlarının sadəcə, dövlət qurumlarına və rəsmi şəxslərə ünvanlandığını, yalnız onlara aid olduğunu düşünmək doğru olmazdı". Onun sözlərinə görə, bu məsələlərdə ilk növbədə medianın mövqeyindən də çox şey asılıdır və vətəndaşların bu işdə fəal olmaları lazımdır: "Prezident öz çıxışında səsləndirdiyi çağırışların icra mexanizminin hazırlanması üçün müvafiq qurumları qarşısında vaxt da qoyub. O baxımdan, inanıram ki, effektli mexanizm hazırlanacaq və tətbiq ediləcək".
İqtisadçı Nicat Hacızadə isə hesab edir ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı artıq təxirəsalınmaz və vacib şərtdir: "Səbəb sadədir. Bizim neft gəlirlərimizin azalması fonunda qeyri-neft sektorunun inkişafı 2016-cı ildə sürətlənəcək. Sevindirici haldır ki, artıq bu gün metal məhsullarda heç bir bürokratik addım olmadan, qayda pozuntusu olmadan, tam gömrük rüsumları ödənilməklə keçid reallaşıb. Bütün bunlar gömrük sistemində aparılan islahatların nəticəsidir ki, bunun kökündə prezidentin siyasi iradəsi dayanır. Prezidentin son müşavirədəki çıxışı artıq ölkəyə gətirilən mallara təsir etməyə başlayıb. Bütün bunlar da qeyri-neft sektorunun inkişafına mütərəqqi təsir göstərəcək". Onun sözlərinə görə, eyni zamanda kənd təsərrüfatı məhsullarının xaricə ixracını sürətləndirməli, daxili istehsalı gücləndirməklə idxalı azaltmalıyıq: "Bundan əlavə turizm sektorunda otel qiymətləri nəzərə çarpacaq dərəcədə azaldılmalıdır. Çünki xarici turistlərin əsas fikir verdiyi məqam budur. Qiymətli kağızlar bazarı, xüsusilə səhm bazarını inkişaf etdirmək lazımdır. Eləcə də Bakı Fond Birjasının fəaliyyətini qloballaşdırmaq lazımdır ki, ən azı 2016-cı ildə Cənubi Qafqaz və MDB-nin öndə gedən birjası olmaqla xarici investor cəlbinə səbəb olsun".
Politoloq Vasif Əfəndiyev deyib ki, hazırda dünyada çox təlatümlü və sürətlə dəyişən proseslər gedir: "Uzun illərdir ki, ölkədə iqtisadi və siyasi stabillik mövcud olub. Amma görünür bəziləri bundan "narahatdırlar" və Prezidentin Nazirlər Kabinetində çıxışından sonra qərəzli fikirlər yaymaqda davam edirlər. Amma tezliklə hər birimiz, eyni zamanda həmin qüvvələr ölkədə böyük dəyişikliklərin şahidi olacaqlar. Prezident İlham Əliyevin son günlər bu dəyişikliklər anonsunu verməsinin də şahidi olmuşuq. Bir çoxları prezidentdən dərhal və radikal dəyişikliklərin etməsini umsalar da, İlham Əliyev bu sahədə daha təmkinli davranmaq yolunu seçib. İlk növbədə prezident vəziyyətin mürəkkəbləşməsində cavabdeh şəxslərə bir şans verdi. Artıq bundan sonrakı prezidentin addımlarını izləməyi hər kəsə məsləhət görürəm. İnanıram ki, yaxınlarda vəziyyətin yaxşılaşması istiqamətində tədbirlərin görülməsinin şahidi olacağıq".
Ekspert Emin Əliyev isə bildirib ki, dövlət başçısının Nazirlər Kabinetinin iclasında başlıca mesaji ondan ibarət olub ki, müəyyən müddət başlanmış və uğurla yerinə yetirilən qeyri-neft sektorunun inkişafı daha da şaxələnməlidir: "İlin yekunlarının statistik göstəriciləri də buna dəlalət edir. Belə ki, qeyri-neft sektorunun ÜDM ümumi artım payındakı göstəricisi 7 faiz təşkil etdi. İstehlak qiymətlərinin artımı məsələsi isə hər zaman ölkə başçısının diqqətində olub". E.Əliyev əlavə edib ki, Azərbaycanda istehsal olunan istehlak malları yuxarıda göstərilən 7 faiz qeyri-neft seqmentinə daxil olduğu üçün onların qiymətinin qalxması bazarda spekulyativ ola bilər: "Bu cür spekulasiyalara, bazarda kartel sövdələşmələrə, haqsız rəqabət aparanlara qarşı İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Komitəsi mübarizə aparmalıdır. Yerli xam mal əsasında, enerji qiymətlərinin qalxmadığı halda, eyni işçi qüvvəsi sərf olunduğu şəraitdə spekulyativ qiymət artımı yolverilməzdir. Lakin xaricdə istehsal olunan malların qiymətlərinin artımı təbii haldır. Bunun da qarşısını almaq üçün tələbat maksimum dərəcədə yerli istehsalla qarşılanmalıdır".
PƏRVANƏ