|
|
|
|

Məlum olduğu kimi, yanvarın 10-u Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı müşavirədə geniş nitqlə çıxış edərək təkcə ölkədə deyil, o cümlədən, dünyada və regionda baş verən iqtisadi, siyasi və hərbi proseslərə diqqət ayıraraq, qlobal böhranın Azərbaycana təsirlərinin maksimum azaldılması istiqamətində tapşırıqlar verib, sosial rifah halnın yaxşılaşdırılması, əhalinin pensiya və əmək haqlarının artırılmasıyla bağlı müvafiq orqanların təkillər hazırlaması üçün öz tapşırıqlarını verib.
Prezident bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq:
"Ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri neft sektorunun çəkisi artır, neftdən aslılıq azalır. Bu asılılıq minimum səviyyəyə endirilməlidir. Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusi ilə qeyri-neft sektoruna - o sahələrə ki, onların inkişafı Azərbaycanın ixrac potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq".
Prezindetin çıxışına münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafınin yekunları və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin çıxışı cəmiyyətdə böyük rezonans doğurub:
"Azərbaycanın milli valyutası olan manatın keçən ilin dekbar ayının 21-də növbəti dəfə devalvasiyaya uğraması fonunda müəyyən iqtisadi çətinliklərin yaranması cəmiyyəti narahat edən məsələlərdəndir. Ölkə başçısı vaxtaşırı bu məsələlərə dair öz mövqeyini bildirir, manatın devalvasiyasının Azərbaycanda iqtisadiyyatın böhranı deyil, dünyada gedən siyasi proseslərin nəticəsində meydana çıxdığını deyib. Nazirlər Kabinetinin sonuncu iclasına bu məsələlər diqqət mərkəzində olub.
Ölkə başçısı çıxışında bir çox məsələlərə toxunub. Bunların içində ən vacib məsələlərdən biri də Azərbyacanın iqtisadi inkişaf, sosial rifahın daha da yaxşılaşdırılması ilə bağlıdır. Prezident xüsusi olaraq vurğulayıb ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, ABŞ dollarının uçot dərəcəsinin artırılması dünyanın bir çox valyutası, o cümlədən, manatın stabilliyinə təsir edib. Ancaq zaman-zaman Azərbaycan iqtisadiyyatının inkişafı bağlı görülən işlər və eyni zamanda, Mərkəzi Bankın qabaqlayıcı addımlar atması manatın kəskin devalvasiyasına imkan verməyib. Hazırda vəziyyətin stabilləşməsi, həmçinin qiymət artımının qarşısının alınması istiqamətində addımlar atılır.
Prezident yerli istehlak mallarının qiymətinin artırılmasına yol verilməyəcəyi ilə bağlı öz mövqeyini bildirib.
Ölkə başçısı qeyd edib ki, 2016-cı ildə iqtisadiyyatın neftdən asılılığının maksimum azaldılması məqsədilə qeyri-neft sektoruna investisiyaların cəlb eidlməsi üçün bir sıra addımlar atılacaq. Bundan alavə prezident əlahinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tapşırıqlar verib. Pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlayıb Prezidentə təqdim edəcək. O cümlədən, ayrı-ayrı sahələrə investisiya qoyuluşu, sahibkarlığın inkişafı ilə bağlı işlərin davam etdirilməsi məqbul hesab olunub.
Bildirilib ki, idarəetmə mexanizminin özündə yeniliklər olacaq. Dövlət səviyyəsində bir sıra islahatlar aparılacaq ki, bu da həm lazımsız xərclərin qarşısının alınması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafına dövlətin yeni formalarda dəstəyinin tətbiq olunmasına gətirib çıxaracaq".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, neftin dünya bazarında qiymətini kəskin şəkildə aşağı düşdüyü üçün diqqətlər qeyri-neft sektorunun inkişafına yönəlib:
"Qeyri-neft sektorunun inkişafı ölkəyə daxil olan valyutanın həcmini artıracaq. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın həcminin üç dəfə azalmasına gətirib çıxarıb".
V.Bayramov hesab edir ki, qeyri-neft sektorunun inkişafı fonunda ölkəyə daxil olan valyutanın həcminin artmasıyla manata təzyiqin azalmasına şərait yarada bilər:
"Ölkədə xarici valyutanın həcminin artması hesabına dollara olan tələbin ödənilməsi mümkün ola bilər".
Mərkəz sədri qeyd edib ki, qeyri-neft sektorunun inkişafı həm ölkədə istehsal olunan mallara tələbin ödənilməsi, həm də ölkənin ixrac qabiliyyətinin artması ilə daha çox məhsulun dünya bazarına çıxarılması baxımından vacibdir:
"Bu sahənin inkişafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Dövlət qeyri-neft sektorunu inkişaf etdirməklə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda müşahidə olunan iqtisadi böhranın yaratdığı çətinlikləri mümkün qədər azalda bilər. Çünki bu neftdən kənar sektorların inkişafına gətirib çıxaracaq ki, Azərbaycan neftdən asılılıqdan xilas olacaq".
İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanda artıq bir neçə ildir qeyri-neft sektorunun inkişafı prioritet seçilib:
"2014-cü il ölkədə sənaye ili elan edilmişdi, keçən il isə kənd təsərrüfatı ili idi. Ümumiyyətlə isə, 2020-ci ilədək ölkədə Ümumi Daxili Məhsul istehsalında qeyri-neft sektorunu lokomotivə çevirmək məqsədi qarşıya qoyulub. Bu da hər il onun azı 7-8 faiz artmalı olduğunu ehtiva edir. Etiraf etmək lazımdır ki, bu sahədə nəticələr artıq var. 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 200 milyon manat, 2014-cü illə müqayisədə isə 694 milyon manat, yəni 9,5 faiz çox təşkil edib. Ümumən, vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisinin 40,5 faiz təşkil etdiyi deyilir ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çox edir. Prezident İlham Əliyev də bildirib ki, qeyri-neft sektoru üzrə əldə olunan artım templəri sevindiricidir. Ancaq məsələ bundadır ki, neftin qiymətinin enməsiylə əlaqədar qeyri-neft sahələrindəki mövcud inkişaf və artım templəri tam qənaətbəxş hesab edilə bilməz. Təkcə diqqəti bir fakta yönəltmək lazımdır ki, dövlət büdcəmizin gəlirləri azalıb. Nəyə görə? Çünki neftdən gəlirlər 3 dəfə enib. Manatın dəyəri ciddi şəkildə ucuzlaşmaya məruz qalıb. İstehlak bazarı güclü təzyiq altındadır. Odur ki, neftdənkənar sahələrin inkişafına və bu sferada istehsalın artmasına ciddi diqqət yetirmək lazımdır. Nə qədər ki, Azərbaycan dünya bazarlarında sırf xammal ölkəsi kimi tanınır, xarici iqtisadi təzyiqlərdən yaxa qurtarmaq əsla mümkün olmayacaq. İlk növbədə, manatın xilas olması üçün qeyri-neft sektoru inkişaf etdirilməlidir".
Ceyhun ABASOV



