
Məlum olduğu kimi, bu günlərdə Prezident İham Əliyev Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, indiyə qədər sahibkarlara verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyasını İpoteka və Kredit Zəmanət Fondu verirdisə, artıq yeni fərmana əsasən bu səlahiyyətlər Azərbaycan Biznesinin İnkişafı Fonduna keçir. Əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13 faizdirsə, onda kredit faizinin yarısını dövlət ödəyəcək. Digər önəmli məsələ, əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə, işğaldan azad olunmuş ərazilərdə kreditin 90 faizədək hissəsinə zəmanət verilə bilər. Digər rayonlarda kreditin 50 faizədək hissəsinə zəmanət verilə bilər. Bu da bankların kredit verməsini asanlaşdırır. Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır.
Bu fərmanla dövlət istəyir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın. Hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzu olunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu fərman da məhz regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına xidmət edən mühüm addımlardan biridir.
Fərmandə nəzərdə tutulan dəstək tədbirləri tətbiqi 2026-cı ilin sentyabrından başlayaraq 2036-cı ilin sonunadək qüvvədə olacaq.
Məlumdur ki, son illərdə ixracyönümlü məhsulların ixrac bazarlarının diversifikasiyası Azərbaycan sahibkarları üçün ən əsas vəzifələrdən birinə çevrilib. Qeyri-neft, xüsusilə də aqrar məhsulların ixracında bir bazardan asılılıq həm sahibkarlar, həm də bütövlükdə dövlət maraqları baxımından təhdidlər formalaşdırır. Sahibkarların ixracı diversifikasiya etmək sahəsində ən əsas problemləri arasında nəqliyyat-logistika xərclərinin yüksək olması öndə gəlir. Bu amil Azərbaycan məhsullarını ixrac bazarında qiymət rəqabətinə dözümsüz edir. Prezidentin imzaladığı fərmanın tətbiqi daha uzaq bazarlara hədəflənməyə, ixracın coğrafiyasını genişləndirməyə və bir bazardan asılılığı aradan qaldırmağa imkan verəcək. Bu, eyni zamanda ixracyönümlü məhsul istehsalını artırmaq üçün sahibkarları yeni-yeni investisiya layihələrini həyata keçirməyə stimullaşdıracaq, son nəticədə iqtisadiyyata yatırımları artırmaqla artıma mühüm töhfə verəcək.
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, bu fərmana əsasən sahibkarlara verilən kredit zəmanəti və faiz subsidiyası ilə bağlı səlahiyyətlər bir fonddan digər fonda köçürülüb: “Əvvəllər sahibkarlar, bizneslə məşğul olan şəxslər və şirkətlər bankdan kredit götürəndə dövlət zəmanəti və faiz subsidiyası almaq üçün İpoteka və Kredit Zəmanət Fonduna müraciət edirdilər. Yeni fərmanla həmin səlahiyyətlər artıq İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Biznesinin İnkişafı Fonduna verilib. Adi vətəndaş kimi ev ipotekası almaq istəyənlər üçün heç nə dəyişmir. Güzəştli ipoteka və adi ipoteka kreditləri əvvəlki qaydada İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə davam edir. Dəyişiklik əsasən sahibkarlara verilən kredit dəstəyi mexanizmi ilə bağlıdır”.
Sahibkarlara gəlincə, iqtisadçı vurğulayıb ki, əgər bir sahibkar biznes krediti götürürsə, kreditə dövlət zəmanəti almaq və kredit faizinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi (faiz subsidiyası) üçün artıq İpoteka və Kredit Zəmanət Fonduna yox, Azərbaycan Biznesinin İnkişafı Fonduna müraciət edəcək: “Dövlət niyə bunu edib? Məqsəd biznes kreditləri ilə bağlı bütün dəstək mexanizmlərini bir qurumda toplamaq və prosesi sadələşdirməkdir. Beləliklə, İpoteka Fondu daha çox mənzil və ipoteka məsələlərinə fokuslanacaq, Biznes Fondu isə sahibkarlara dəstək proqramlarını idarə edəcək”.
İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, Prezident tərəfindən imzalanan fərman Azərbaycanda sahibkarlığın inkişafının daha da gücləndirilməsi və dövlət dəstəyinin artırılmasının prioritet olduğunu bir daha təsdiq edir. Bu, sahibkarların daha aşağı faizli kredit resurslarına çıxış imkanlarını genişləndirəcək. Xüsusilə subsidiyalaşdırma mexanizminin tətbiqi və bunun genişləndirilməsi nəzərdə tutulur ki, bu təcrübədən artıq Qarabağ və Şərqi Zəngəzurda uğurla istifadə olunub. Həmçinin digər sahibkarlar üçün də oxşar imkanlar yaradılıb. Nəticədə 2030-cu ildən sonra kreditlərin subsidiyalaşdırılması mexanizminin daha çox sahibkarı və regionu əhatə etməsi planlaşdırılır. Bu, sahibkarların dəstəklənməsi baxımından vacibdir:
“Eyni zamanda, fərman imkan verəcək ki, məhz daha çox sahibkarın götürdüyü kredit faizinin bir hissəsi dövlət tərəfindən subsidiya edilsin. Bunun mahiyyəti ondan ibarətdir ki, sahibkarın özəl bankdan götürdüyü kreditin faizlərinin bir qismi dövlət tərəfindən qarşılanır. Bu baxımdan, bir tərəfdən sahibkarlar İqtisadiyyat Nazirliyi yanındakı Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kredit xətləri ilə dəstəklənir, həm də birbaşa kommersiya banklarından götürülən kreditlərin faizlərinə subsidiya mexanizmi tətbiq olunur. Atılan addımlar sahibkarların inkişafı baxımından olduqca vacibdir. Həmçinin sahibkarlar tərəfindən istehsal edilən məhsulların və göstərilən xidmətlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Bu isə həm sahibkarların gəlirlərinin artmasına, həm də bazarda qiymətlərin optimallaşdırılmasına geniş imkan yaradacaq”.
Sevinc QARAYEVA



