Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra manatın xarici valyutaya nisbətən ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb.
Prezident İlham Əliyevin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin keçirdiyi müşavirədə qeyd edib ki, bunun əsas səbəblərini dünyada baş verən siyasi proseslərdə axtarmaq lazımdır. Bəzi dünya güclərinin məkrli ambisiyalarına uyğun olaraq qlobal böhranın dərinləşməsi istiqamətində atılan addımlar bilavasitə iqtisadiyyatın vəziyyətini ağırlaşdıran amillərdəndir. Lakin bu o demək deyil ki, manatın dollar və avroya nisbətdə ucuzlaşması fonunda, ölkədə istehsal sahəsində süni şəkildə qiymət artımlarının tətbiq olunmasına imkan verilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi, istehlak qiymətlərinə ciddi nəzarət olmalıdır: "Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Süni bahalaşmaya son qoyulmalı, burada ciddi cəza tədbirləri görülməlidir".
Ölkə başçısı süni qiymət artımına yol verənlərə qarşı ciddi cəza tədbirlərinin görülməsilə yanaşı, ictimai nəzarətin əhəmiyyətini də önə çəkib. Prezident vurğulayıb ki, problemin aradan qaldırılması üçün təkcə cərimələrlə kifayətlənməməli, prokurorluq orqanları bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı ciddi cəza tədbirləri görməlidir. Bu, mətbuatda da işıqlandırılmalıdır".
Ona görə də, bu məsələdə qanunvericilikdə nəzərədə tutulan işlərin aparılması, dövlət səviyyəsində sahibkarlıq müəssisələri və obyektlərinə yoxlamaların intensivləşdirilməsi ilə yanaşı ictimai nəzarət funksiyasını yerinə yetirən mətbuat və qeyri-hökumət təşkilatlarının da üzərinə məsuliyyət düşür.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Prezident Nazirlər Kabinetinin iclasında hökumətin fəaliyyətinə ictimai nəzarətin təşkil olunmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, ictimai nəzarət mexanizmləri işə salınmalı, ictimai fəallıq lazımi səviyyədə olmalı və ictimai nəzarət mexanizmləri tətbiq edilməlidir: "Dövlət başçısı hökumətə bu məsələ ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Şübhəsiz ki, bu ilk növbədə Prezident tərəfindən vətəndaş cəmiyyəti institutlarına göstərilən böyük etimaddır. Digər tərəfdən isə bu dövlət başçısının həyata keçirəcəyi islahatlarda və qərar qəbulu prosesində sadə vətəndaşların yaxından iştirak etməsi üçün bir çağırışdır".
A.Quliyev deyib ki, İctima nəzarət mexanizmlərinə gəldikdə, burada ilk növbədə nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarının nəzdində "İctimai Şuraların" yaradılmasına xüsusi diqqət yetirmək lazımdır: "Düşünürəm ki, Nazirlər Kabinetinin təkliflərində effektiv ictimai nəzarət mexanizmi kimi "İctimai Şuraların" müvafiq qaydada yaradılması ayrıca qeyd olunmalıdır.
Bildiyimiz kimi, "İctimai Şuraların" yaradılması "İctimai İştırakçılıq " haqqında qanunla tənzimlənir və bu qurumlara QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələrinin nüməyəndələri daxildir. "İctimai Şuraların" yaradılması prosesi tam şəffaf təşkil edilməli və vətəndaş cəmiyyətinin tanınmış simaları burada təmsil olunmalıdır".
Millət vəkili Sahib Alıyev isə qeyd edib ki, Prezidentin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantıda möhtəkirlikdən, natəmizlikdən, fürsətcillikdən, məmur özbaşınalığı və bacarıqsızlığından danışıb, buna son qoyulacağını bildirib: "Dövlət başçısı çıxışında hər kəsi narahat edən problemləri açıq şəkildə dilə gətirib, hətta bizim bir çoxlarımızın bilmədiyi mətləblərə də toxunub. Bir sözlə, Prezindent göstərib ki, bu çətin günlərdə xalqının yanındadır, bizi narahat edən problemlərin həllinə çalışır".
S.Alıyev hesab edir ki, əgər hər kəs üzərinə düşən vəzifəni ləyaqətlə, dövlət adamına xas bir məsuliyyətlə yerinə yetirsəydi, yəqin bütün bunları deməyə ehtiyac qalmayacaqdı: "Ancaq əfsuslar olsun ki, üzərinə düşən vəzifəni yerinə yetirməyən və bunun elə belə də davam edəcəyini düşünənlər var. Belələri bilirsinizmi kimə güvənirlər? Paradoksal təsir bağışlayacaq, ancaq həqiqətdir. Onlar indi ən çox yaranmış vəziyyətlə bağlı haray-qışqırıq salan, adamları meydanlara səsləyənlərə güvənirlər. Prezident İlham Əliyevin yeni cəmiyyət quruculuğu, idarəetmənin daha da təkmilləşdirilməsi, şəffaflığın, halallığın artırılmasına yönəldilmiş siyasəti eyni dərəcədə onların maraqlarına cavab vermir.
Hamımızı narahat edən çatışmazlıqların, möhtəkirliyin, inhisarçılığın, yola ver psixologiyasının daha tez aradan qaldırılması üçün indi bizdən bir şey tələb olunur. Biz İlham Əliyevin ətrafında daha sıx birləşməli, onun siyasətini dəstəklədiyimizi hər addımda öz əməlimiz və sözümüzlə göstərməliyik. Necə ki, dövlətin başçısı xalqın yanındadır, xalq da öz Prezidentinin yanında o cür yer almalıdır. Eyni prinsipiallıq və qətiyyətlə".
Ceyhun ABASOV