İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rəfael Əhmədov rayondakı son vəziyyətlə bağlı modern.az saytına açıqlama verib. O, icra başçısı Nizami Ələkbərovun rayonu tərk etməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib. Nizami Ələkbərovun hazırda iş otağında olduğunu deyən R.Əhmədov bildirib ki, icra başçısı hazırda rayonun ağsaqqallarını qəbul edir, təcili görüşlər keçirir.
“Hazırda rayon ərazisində sakitlikdir. İcra başçısının rayondan çıxması haqda yayılan xəbərlər doğru deyil. Başçı hal-hazırda öz otağındadır. Sakinlərlə, rayon ağsaqqalları ilə görüşür, onları dinləyir. Deputat Novruz Aslanov da hazırda İsmayıllıdadır. Sakinlərlə görüş keçirir”,-deyə R.Əhmədov məlumat verib.
İcra başçısının istefası tələbi ilə bu gün keçirilən aksiyada saxlanılanların olduğunu təsdiq edən R.Əhmədov aksiyaların yenidən davam edəcəyi haqda xəbərsiz olduğunu deyib:
“Saxlanılanların hələlik dəqiq sayı bilinmir. Hazırda rayon ağsaqqalları icra başçısı ilə görüşürlər. Deputat da hazırda İsmayıllıdadır. Sakinlərlə görüş keçirir. Axşam aksiyanın olub-olmayacağı haqda məlumatım yoxdur”.