|
|
|
|
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yanvar ayında klassik opera musiqisi həvəskarlarını Cüzeppe Verdinin iki ölməz əsəri – “Traviata” (23 yanvar) və “Aida” (30 yanvar) operalarının tamaşalarına dəvət edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, uzun illərdən bəri Teatrın repertuarında olan hər iki tamaşada teatrımızın solistləri ilə yanaşı vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş vokal ulduzları da çıxış edir.
Yanvarın 23-də baş tutacaq “Traviata” operasının tamaşasında Violetta partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Alfred rolunu isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər.
Jermon partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin dəvət olunub.
Tamaşada həmçinin Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor) çıxış edəcəklər.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
Yanvarın 30-da keçiriləcək “Aida” operasında isə Azərbaycanlı opera sənətçiləri – Xalq artisti Əli Əsgərov (Misir şahı), Əməkdar artistlər Səbinə Vahabzadə (Amneris), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) ilə yanaşı həm də Ukraynanın Əməkdar artistləri Viktoriya Çenskaya (Aida) və Dmitri Qrişin, Beloruslu vokalçı, Belorusun Xalq artisti Sergey Frankovski (Radames) çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Cavid QƏDİR