Bu gündən etibarən səmada planetlərin düzülüşü başlayır.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq:
"Planetlərin düzülüşü yanvarın 29-da görünsə də bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək".
X.Mikayılov qeyd edib ki, səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər:
"Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirəcək. Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir".