|
|
|
|

Millət vəkili Fazil Mustafa yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə toxunub.
O, qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarklığa dəstək verilməsindən danışır. Bütün məmurların qarşısında ciddi tapşıqlar qoyur:
“Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdılarsa, indi qiyməti 20-30 minə qaldırıblar.
Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”.
“Kinematoqrafiya haqqında” qanuna gəlincə isə, millət vəkili bildirib ki, bu qanunun yenidən hazırlanmasına ehtiyac var:
“Azərbaycan kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək çün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir film, teleserial yoxdur. Bu pullar hara getdi?”.
Millət vəkili Zahid Oruc isə xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin ünvanına bu günlərdə həmin şəxsin mətbuata vermiş olduğu səsləndirdiyi fikirlərə münasibət bildirib. Millət vəkili qeyd edib ki, Ç. Abdullayev özü dörd vəzifəni daşıyır:
“Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam”? Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin.
Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.
Millət vəkili Elmira Axundova da öz növbəsində yeni seçilən gənc deputatları fəal olmağa çağırıb. E. Axundova qeyd edib ki, gənc deputatlar fəal olmalıdır:
“Onlar parlamentin iclaslarında, qanunların qəbulu ilə bağlı müzakirələrdə, qanunyaradıcılığı prosesində fəallıq göstərməlidirlər”.
Millət vəkili bununla yanaşı, son günlər ölkədə bağlanmış özəl banklarla bağlı da çıxış edib.
O qeyd edib ki, banklar bağlananda bank işçiləri işsiz qalırlar. Həmin insanlar bir neçə testlərdən keçərək işə qəbul olunublar. Onlar savadlı kadrlardır. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməlidir. Bu cür kadrlara dövlət sahib çıxmalıdır, kənara atmamalıdır".
KAMİL



