Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq (ÖADC) Cəmiyyəti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU), Özbəkistan Dövlət Tarix Muzeyində böyük özbək şairi Əlişir Nəvainin 575 illik yubileyinə həsr olunmuş "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilib.
Tədbirdə ÖADC-nin rəhbərləri və üzvləri, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, universitetinin müəllim və tələbə heyəti, diasporumuzun üzvləri iştirak edib.
Simpoziumu giriş sözü ilə açan ÖADC-nin sərdi, universitetin rektoru Şavkat Şaripov böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin özbək və dünya ədəbiyyatındakı rolu haqqında ətraflı söhbət açıb. O deyib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yaradan şair kimi düşüb.
Ş.Şaripov Nizami Gəncəvinin Nəvai yaradıcılığına mühüm təsirindən də söhbət açıb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə gedib çıxdığını, orta əsrlərdə xalqlarımız arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bunun da əsas səbəbini bu xalqların eyni kökə aid olması ilə əlaqələndirib. S.Abbasov Nəvainin ədəbi əlaqələrimizin inkişafında böyük rolu olduğunu qeyd edib, böyük şairin Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini, əsərlərində Nizami Gəncəvini öz ustadı hesab etdiyini yazıb. Deyilib ki, Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.
Muzeyin direktoru, professor Cənnət İsmayılova və nəvaişünas alim Feyzulla Nəbiyev Nəvainin dünya, o cümlədən Azərbaycan ədəbiyyatına təsiri, həmçinin şairin əsərlərinin gənc nəslin tərbiyəsindəki rolu barədə məruzə etdilər.
Tədbirin bədii hissəsində Özbəkistan Dövlət Akademik Dram Teatrının aktyorları Əlişir Nəvainin əsərləri əsasında hazırlanan tamaşalardan səhnələr göstərib.
Sonda universitetin tələbələri Nəvainin əsərləri əsasında hazırladığı bədii kompozisiya təqdim olunub, şairin əsərlərindən şeirlər səslənib.
Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun şagirdi Arzu Mirqasımova Nəvainin Azərbaycan dilində tərcümə olunmuş şeirlərini oxuyub.