Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AYB-nin Hərbi Vətənpərvərlik seksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu müzakirə edilib.
Qeyd edək ki, mərhum Zəlimxan Yaqub bir müddət AYB-nin Hərbi Vətənpərvərlik seksiyasına rəhbərlik edib.
Tədbiri şair və bəstəkar, populyar hərbi vətənpərvərlik mahnılarının müəllifi Şahin Musaoğlu açaraq, Z.Yaqubu ehtiramla yad edib, onun yaradıcılığının məziyyətlərindən, vətənpərvərlik mövzusunun xüsusi yer tutduğu poeziyasından danışıb.
Əməkdar mədəniyyət işçisi Zöhrab İmanquliyev Xalq şairi ilə bağlı düşüncələrini bölüşüb:
"Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub. Onun yaradıcılığı son dövr poeziyamızın unudulmaz bir hissəsini təşkil edir və bu baxımdan, imzası Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi böyük şairlərimizlə bir sırada dayanır. Hərbi vətənpərvərlik mövzusu, vətən sevgisi, torpağa, yurda bağlılıq onun əksər şeirlərində parlaq əksini tapıb. Bu şeirlərdə Azərbaycanın görkəmli sərkərdələrinin adları sadalanır, qan yaddaşımız varaqlanır".
Tənqidçi Əsəd Cahangirin fikrincə, Zəlimxan Yaqub ədəbiyyatımızda ilhamla yazıb-yaradan sonuncu böyük Azərbaycan şairidir. Əlbəttə, şairimiz də, yazıçımız da həmişə olacaq. Ancaq o ilhamlı, təbli, coşğun şairlər ki var idi, onların sayı getdikcə azalır. Zəlimxan Yaqub dövlətçi şair idi. Yaradıcılığının miqyası çox geniş olduğu üçün o, təkcə Azərbaycan dövlətçiliyinin yox, ümumtürk dövlətçiliyinin şairi sayıla bilər".
Tənqidçi Rüstəm Kamalın qənaətinə görə, Zəlimxan Yaqub şəxsiyyət və yaradıcılıq dairəsində dövlətin və xalqın rəyi üst-üstə düşən şairdir. Vətən anlayışı onun həyatında, evində, şeirində, sözündə bütövləşirdi".
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu da fikirlərini bölüşüb:
"Mən bir oxucu kimi deyə bilərəm ki, Zəlimxan Yaqub yaradıcılığının belə ucalıqlara qalxmasının əsas üç səbəbi var. Birincisi, onun ilahidən gələn istedadı, ikincisi, sözə qarşı məsuliyyətini dərk etməsi və nəhayət, zəhməti, iradəsi. Zəlimxan Yaqub yaradıcılığı başdan-başa vətənpərvərlikdir. Onun bütün şeirlərində bunu görmək olur. Qarabağ mövzusunda ən çox yazan şairlərimizdən biri məhz Zəlimxan Yaqubdur".
AYB-nin Hərbi Vətənpərvərlik seksiyasının sədr müavini Yasif Nəsirli də çıxış edərək Zəlimxan Yaqubun yaradıcılığından danışıb.
Tədbir boyu şairin şeirləri səsləndirilib, sazın müşayiətilə ifa olunub.
Müşfiq ŞÜKÜRLÜ