|
|
|
|

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta İmişli rayonu səfəri çərçivəsində "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavoduna baş çəkib.
Şirkətlər Qrupunun baş direktoru Savaş Uzan səfirə müəssisə barədə ətraflı məlumat verib və onu istehsal prosesi ilə tanış edib.
Qonaq əvvəlcə laboratoriyanı ziyarət edib və Azərsun müəssisələrində keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani izləyib.
Bundan sonra istehsal və qablaşdırma sahələrində olan Robert Sekutaya Şəkər Zavodun ABŞ-a məxsus müxtəlif transmilli şirkətlərinin regiondakı yeganə Şəkər tərəfdaşı olduğu bildirildi.
Daha sonra səfir Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən və illik istehsal gücü 300 min ton olan müasir Şəkər Yem Fabrikini ziyarət edib.
Görüş zamanı İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu müəssisənin rayonun və ətraf qəsəbələrinin həyatında müstəsna rol oynadığını bildirdi.
Məhz Şəkər Zavodunun fəaliyyəti nəticəsində İmişli rayonu maddi olaraq özünü tam təmin edən və mərkəzdən dotasiya almayan rayona çevrilib. İcra başçısı rayonun maliyyə gəlirlərinin yarıdan çoxunun məhz bu müəssisənin hesabına əldə edildiyini bildirib.
"Azərsun Holdinq"ə gələcək fəaliyyətinə uğurlar arzu edən Robert Sekuta müəssisədən çox müsbət fikirlərlə ayrıldığını bildirib.



