Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətə başlamasından 4 il keçir. Dövlət Xidməti 2012-ci ilin fevralın 13-də Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb.
Qurumla yaxından əməkdaşlıq edən təşkilatlardan biri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidir. Birliyin sədri, hərbi ekspert Emin Həsənli Xidmətin 4 illik fəaliyyətinin hər cəhətdən təqdirəlayiq olduğunu, bu qurumla uğurlu əməkdaşlıq zəmini yaratdıqlarını bildirir. E.Həsənli bildirib ki, Dövlət Xidməti öz fəaliyyətini müasir dövrün yüksək tələblərinə uyğun qurub: “Yarandığı 4 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xeyli işlər görüb, səfərbərlik işini yüksək səviyyədə təşkil edib, ehtiyatda olan zabit, gizir, əsgər və digər müddətdən artıq hərbi qulluqçuları qeydiyyata götürüb”.
Hərbi ekspert bildirib ki, qurumun fəaliyyəti nəticəsində artıq əsgərlik yaşı çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəyini asanlıqla öyrənə bilirlər: “Xidmət şəhər və rayon idarələrində tez-tez şəhid ailələri ilə görüşlər keçirilir, ictimai təşkilatlarla iş yüksək səviyyədə qurulub, mətbuatla əlaqələr genişləndirilib. Xidmətin rəhbərliyi mətbuat nümayəndələri ilə səmərəli görüşlər keçirir”.
Birlik sədri qeyd edib ki, gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə hazırlanır: “Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Bundan başqa 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir, hərbi müəllimlərlə iş aparılır. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərə işə götürülür. Xüsusən, döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onlar peşəkar olmaqla, gənc nəslin yüksək səviyyədə hazırlıq işinə daha çox fayda verirlər”.
Hərbi ekspert Dövlət Xidmətinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə bir sıra tədbirlər keçirdiyini deyib: “2015-ci ildən başlayaraq respublikanın bütün rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik ruhunda çıxışlar edilir. Əsas məqsəd orta məktəb şagirdlərinin hərbi xidmətə hazırlığını təşkil etmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır. Eyni zamanda, bu məqsədlə, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmət ilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər”.
Bundan əlavə, qurumun Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə rəsm sərgisi keçirdiyini diqqətə çatdıran hərbi ekspert bildirib ki, “Vətənin müdafiəsinə hazıram” adlı sərgidə iştirak edən akademiya tələbələri mükafatlandırılıblar.
Birlik sədri deyib ki, Dövlət Xidməti bu illər ərzində mətbuatla da əməkdaşlığını yüksək səviyyədə qurub, jurnalistlər arasında bir sıra müsabiqələr keçirib: “Hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, jurnalistlər arasında keçirilən atıcılıq yarışı təşkil olunur. Yarışlarda qalib gələn jurnalistlərə qiymətli hədiyyələr verilir. Eyni zamanda, “Əsgərə məktub” mövzusunda jurnalistlərarası yazı müsabiqəsi keçirilib”.
E.Həsənli bildirib ki, əsgərləri hərbi xidmətə yolasalma və qarşılama mərasimləri artıq bayram əhval-ruhiyyəsində keçirilir.
Müharibənin hələ bitmədiyini xatırladan hərbi ekspert qeyd edib ki, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində şəhid olmuş hərbçilərimizin dəfn mərasimlərinin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyi ilə birgə iştirak edir, şəhid ailələrinə daim dəstək olur: “Mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirilir, onların problemlərinin həllində dövlət siyasətinə dəstək olan iş aparılır”.
E.Həsənli vurğulayıb ki, Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq prinsipi ən əsas yer tutur. Əsgərlərin bölgü məsələlərində ədalət prinsipi başlıca meyar hesab olunur. Azərbaycanda şəffaflığın təmin olunması baxımından “ASAN Xidmət” kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də böyük inam var. Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları, mətbuat bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirib”.
Birlik sədri qeyd edib ki, Dövlət Xidməti səfərbərlik işinə xüsusi diqqət yetirir: “Bir müddət əvvəl 10 mindən artıq hərbi qulluqçunun təşkil olunan təlimlərdə iştirak etməsi bir daha göstərir ki, bu iş çox yüksək səviyyədə təşkil olunub. Sevindirici haldır ki, operativ şəkildə, ehtiyatda olan hərbi qulluqçular təyin olunan hərbi hissələrə gətirilib və təlimlər yüksək səviyyədə həyata keçirib. Bu, həm Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun yüksəkliyindən, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlığından xəbər verir. Digər dövlət qurumları ilə Xidmətin apardığı iş öz müsbət nəticələrini verir. Ən əsas məqamlardan biri də odur ki, Xidmətin maddi-texniki bazası genişləndirilib, müasir rabitə qurğularından istifadə edilir, əsgərlər yeni avtobuslarla xidmət yerlərinə aparılır”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 4 illiyi münasibətilə qurumun rəhbərliyi və əməkdaşlarını təbrik edən E.Həsənli “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlərin Qarabağda - Şuşa, Xankəndi, Kəlbəcər, Ağdam, Füzuli və digər işğal olunmuş torpaqlarımızda keçirilməsinə az bir zaman qaldığına ümidvar olduğunu vurğulayıb.
Ceyhun ABASOV